Qarabağ: tüstüləyən münaqişə

Əntiqə Qəhrəmanova
Şəklin alt yazısı, Əntiqə Qəhrəmanova müharibədə qızını, kürəkənini və nəvəsini itirib.
    • Müəllif, Damien McGuinness
    • Vəzifə, BBC News, Azərbaycan

Artıq iki onillikdir ki, Əntiqə Qəhrəmanova onu evindən köçürən müharibənin həllini gözləyir - lakin dondurulmuş adlandırılan Qarabağ münaqişəsinin daha qəddar şəkildə canlanması haqqında qorxular böyüməkdədir.

80 yaşlı xanım Qəhrəmanovanın kiçik otağının divarında rəngi solmuş bir portret asılıb.

Portretdə qara və qəmgin gözlü, gözəl bir cütlük təsvir olunur: Əntiqə Qəhrəmanovanın qızı və kürəkəni.

Ermənistanla iki onillik bundan əvvəlki müharibədə onlara nə olduğunu izah edərkən onun qırışmış üzündən göz yaşları axır: "Ermənistan əsgərləri yeznəmi ağaca bağladılar, diri-diri, çığıra-çığıra yandırdılar. Qızımın isə başına güllə vurdular, o biri tərəfindən çıxdı."

Xanım Qəhrəmanova və qızının dörd balaca uşağı bunu izləməyə məcbur edilib.

"Sonra isə altı yaşlı nəvəmi güllələyib öldürdülər" - o, göz yaşlarını naxışlı yaylığı ilə silərək deyir.

"O birisi nəvəmin də dabanına güllə vurdular. Dedilər ki, bu, bizim üçün bir dərs olacaq".

O, özü qaça bildi. Qalan üç uşaqla dörd gün kolların içində gizlənəndən sonra, uşaqları arxasınca dartaraq qarı keçdi.

Artıq iyirmi ildir ki, xanım Qəhrəmanova Sovet vaxtından qalmış kiçik, aşmaqda olan sanatoriyada qalır. Üç yetim qalmış nəvələrini məhz burada böyüdüb.

"Tək istəyim vətənimə qayıtmaqdır, doğulduğum yerdə ölməkdir. Ancaq evə gedə bilmək istəyirəm," o deyir.

Təxminən 600,000 azərbaycanlı və ya əhalinin 7 faizi bu cür həyat tərzinə məruz qalıb: Sovet dövründən qalmış məktəblərdə, xəstəxanalarda və universitet binalarında beş, altı və ya yeddi nəfər balaca bir otaqda qalır.

Çox vaxtı vanna otağı olmur - yüzlərlə adama bir neçə çirkli tualet deşiyi düşür.

Politoloq Aleksandr İskandaryan deyir ki, Ermənistanda əhalinin təxminən 10 faizi Azərbaycandan qaçmış qaçqınlardır.

Deyilənə görə, hər iki tərəf dəhşətli cinayətkarlıqlar törədib.

Qərib adamlar

Hazırda münasibətlər elə bir həddə gəlib ki, bir nəsil sərhədin digər tərəfindən adamlarla heç vaxt görüşməyib və tarixin birtərəfli, bəzən hətta səhv işıqlandırması altında böyüyüb.

Xəritə

"Mənim şagirdlərim üçün azərbaycanlılar əcnəbilər kimidir", cənab İskandaryan deyir.

"Onlar Azərbaycan haqqında deyil, Britaniya haqqında daha çox bilirlər. Azərbaycan gəncləri üçün də eynən."

Bu, 1991-ci ildə Sovet İttifaqının dağılmasının ortasında başlayan, mühabisəli ərazi üzərində baş verən bir müharibə idi. Dağlıq Qarabağ regionu Azərbaycanda olsa da, orada başlıca olaraq ermənilər məskunlaşmışdı.

1994-cü ildə atəşkəs razılaşmasına qədər 30,000-dək adam öldürülüb, bir milyon adam isə evindən məcburən köçürülüb. Müharibə vaxtı köçürülənlərin çoxu evlərinə qayıda bilməyib.

Onların vətəni indi müharibə zonasıdır.

Mübahisəli regionu Ermənistan idarə etsə də, Azərbaycan onu geri almaq istəyir.

Azərbaycanın qərbində, cəbhə xəttində yüzlərlə kilometr məsafədə dərin, ziqzaq şəkilli səngərlər qazılıb. Birinci Dünya Müharibəsindən bir mənzərəyə bənzəyir.

Müntəzəm intervallarda atəş açmaq üçün deşikləri olan, qum kisələrilə qorunan qaldırılmış sipərlər var.

Digər tərəfdə, insan ayağı dəyməyən təmas xətti zolağının və köhnə üzüm bağının qalıqlarından cəmi bir neçə yüz metrlik məsafədə erməni snayperlərinin yerləşdiyi qabarıq torpaq bəndi görünür. Yəqin ki, onlar da düz bizə baxır.

Hər iki ölkə atəşkəs imzalasa da, rəsmi sülh müqaviləsi heç vaxt razılaşdırılmayıb. Halbuki sülh danışıqları dayanıb.

Əsgərlər deyir ki, hər gün atəş açılır və bizim gəlməyimizdən cəmi 15 dəqiqə əvvəl atışma olub. Hər iki tərəf digər tərəfi təqsirləndirir və deyir ki, yalnız cavab olaraq atəş açır.

Çağırışçılar

Elxam Məmmədov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Elxam Məmmədov

Məlum olan odur ki, keçən iki il ərzində cəbhə xəttində 60 nəfər öldürülüb. Onların çoxu əsgərlərdir və Azərbaycan tərəfində olanlar adətən uşaq-sifətli, yeniyetmə çağırışçılardır.

"Mən ana vətənimə xidmət etməkdə qürur duyuram", cəbhədə yerləşdirilmiş 19 yaşlı əsgər Elxam Məmmədov deyir.

"Və hər gün, hər saat, istəyirəm müharibə başlasın ki, biz torpaqlarımızı erməni təcavüzkarlarından azad edə bilək."

Döyüşə hazır səslənsə də, həyəcanlı görünür.

Snayperlər müntəzəm şəkildə arərbaycanlı kənd sakinlərinə atəş açırlar. Onlar cəbhə xəttinin bir neçə metrlik yaxınlığında yerləşən bombalanmış kəndlərdə mal-qaraya qulluq edir, tarlaları əkir.

Vəziyyətin nəzarət altından çıxması haqqında narahatlıq var. Hər iki tərəfin məharətlə silahlandığı regionda analitiklər deyir ki, müharibə yenidən başlasa, nəticələr daha ağır ola bilər.

"Artıq Bakını və Yerevanı vura bilən raketdən hücum sistemləri var", International Crisis Group-da (Beynəlxalq Böhran Qrupu) çalışan Lawrence Sheets deyir.

"Bu, böyük regional qüvvələri cəlb etmək təhlükəsində olan bir münaqişədir", o əlavə edir.

O deməkdir ki, bir tərəfdə NATO üzvü olan Türkiyə, digər tərəfdə isə Rusiya olacaq. İranla qonşuluqda və regionun Avropa üçün mühüm bir neft və qaz mənbəsi olaraq, döyüş ciddi təsir göstərə bilər.