Tərtər sakini: "işıqlarımız yanmır, artezian quyusu dağılıb"

Tərtərin Qazıyan kənd sakininin sözlərinə görə, bazar günü axşam saatlarında Ermənistan tərəfindən atılmış mərmi kəndin içməli su mənbəyi olan artezian quyusunu dağıdıb.
Kənd sakini Müşviq Axundov deyir ki, kənddə bazar günündən bəri elektrik enerjisi kəsilib.
"Atırlar hələ də, axşam kəndin uşaqları nə qədər qəlpə yığıb. Mərmi qonşu kəndlərdə evlərə düşür", - deyən sakin əlavə edir ki, Qazıyan kəndindən "körpə uşaqlıları" çıxarıblar.
O, digərlərinin hələ də kənddə olduğunu deyib.
Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var.
Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.
