Kiçik bizneslərdə vergi yoxlamaları müvəqqəti "dayandırılır"

Ölkə rəhbəri bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərildiyini və onlardan qanunsuz ödəmələr tələb olunduğunu deyib
Şəklin alt yazısı, Ölkə rəhbəri bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərildiyini və onlardan qanunsuz ödəmələr tələb olunduğunu deyib

Oktyabrın 25-də Vergilər Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Fazil Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində "bu qəbildən olan nəzarət tədbirlərinin sayı" 20 mindən çox olub.

O bildirib ki, bu qərar, obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək.

Bu yoxlamalara əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması aid deyil.

"Lüzumsuz yoxlamalar"

Vergilər naziri iclasda onu da qeyd edib ki, vergilərin ödənilməsi hər kəsin konstitusion vəzifəsidir və sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsi vacibdir.

Amma "vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr" arasında sərhəd müəyyənləşdirilməsi zəruridir.

Nazirin sözlərinə görə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməlidir və bütün yoxlamalar risk meyarlarına əsaslanmalıdır.

Bununla yanaşı cənab Məmmədov "hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu" deyib.

O, vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması və daxili nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İqtisadçı Natiq Cəfərli nazirin qərarını "yarımçıq" adlandırır və belə qərarların yararlı olmayacağını deyir. Onun sözlərinə görə, illik dövriyyələri 120 min manatdan aşağı olan şirkət sahibləri kiçik sahibkar hesab olunur.

"Belə çıxır ki, orta və iri sahibkarlara olan yoxlamalar yenidən davam edəcək", o deyir.

İqtisadçı bu qərarın "ölkə iqtisadiyyatındakı ağır vəziyyətə" təsir etməyəcəyi fikrindədir. O, fundamental və köklü dəyişikliklərə ehtiyac olduğunu bildirir.

Cənab Cəfərli deyir ki, Azərbaycanda yoxlama anlayışının "yeni baxışa" ehtiyacı var. Bunun üçün xarici ölkələrin təcrübəsindən istifadə etmək olar.

"Bir çox ölkədə vergi qanunvericiliyi pozuntusu qeydə alınmayan şirkətlər bəzən 10 illiklər boyu yoxlamalara məruz qalmır. Ancaq vergi qaçaqmalçılığı və yayınma halları olarsa, bu addım atılır. Azərbaycanda isə bütün şirkətlərdə davamlı şəkildə yoxlamalar aparılır və bu da korrupsiyaya səbəb olur", iqtisadçı bildirir.

Prezident yenə sahibkarlardan danışıb

Oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxış edən prezident İlham Əliyev bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edildiyini və onlardan qanunsuz ödəmələr tələb olunduğunu deyib.

O deyib ki, "bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər".

"Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin", o bildirib.

Prezident deyib ki, "söz başa düşməyənlər" öz cəzasını alacaq".

"Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək", prezident qeyd edib.

İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı da sahibkarların incidilməsindən<link type="page"><caption> danışıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151013_ilham_aliyev_speech" platform="highweb"/></link>.

O deyib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, onlardan pul tələb edirlər.

Bu çıxışdan sonra oktyabrın 19-da isə prezident bu məsələ ilə bağlı Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb və Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.

Qanun layihəsi oktyabrın 20-də qəbul olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında, yoxlamaların dayandırıldığını bildirmişdi.

<link type="page"><caption> Həmçinin oxu: Sahibkarlar prezidentin qərarı barədə nə düşünür?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151006_president_offer_entrepreneurs" platform="highweb"/></link>