İlham Əliyev: "Sahibkarları boğurlar"

Şəklin mənbəyi, Getty
"Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, onlardan pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır", bunu prezident İlham Əliyev oktyabrın 12-də keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, inkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülməlidir. O bu süni maneələri bir çox hallarda korrupsiya və rüşvətxorluqla bağlayıb.
"Korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, . Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, onlardan rüşvət tələb edilməməlidir. Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik", deyən prezident mübarizə üçün inzibati və cəza tədbirlərinin səmərəli olmadığını da əlavə edib.
Prezident çıxışında yoxlamalarla bağlı çoxsaylı şikayətlərin gəldiyini vurğulayıb. O deyib ki, yoxlayan təşkilatların "sanki bir-biri ilə rəqabətə çıxması" dözülməzdir.
"Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır", deyən cənab Əliyev qısa müddət ərzində "yoxlamaların hansı qurumlar tərəfindən aparıldığı ilə bağlı müfəssəl məlumat" verilməsini əmr edib.
Prezident çıxışında neftin qiymətinin düşməsinin ölkə gəlirlərinə mənfi təsir etdiyini bildirsə də, son doqquz ayda Azərbaycan iqtisadiyyatının 3,7 faiz artdığını deyib. O bildirib ki, Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir, yəni 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb.
"Hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq qalır", o qeyd edib.
Prezidentin sözlərinə görə, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir.
İlham Əliyev ünvanlı sosial yardımdan da danışıb. Onun sözlərinə görə, bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir.
"Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir", o bildirib.
Maliyyə nizam-intizamının gücləndirilməsindən danışan prezident israfçılığa, izafi xərclərə yol verilməməlidir deyib. Onun sözlərinə görə, bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə əlavə vəsait ayrılmasını istəməsi "yığışdırılmalıdır".
"Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır. Əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilib", deyib İlham Əliyev.
Prezident onu da bildirib ki, büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir.




