Gömrük güzəştlərinin kimə xeyri var?

Şəklin mənbəyi, Azertag

Azərbaycanda gömrük güzəştlərinə dair fərmanda "qaranlıq" məqamların olduğunu deyən təhlilçilər sənədin gələcəkdə "gömrük əməkdaşlarına manipulyasiya imkanı yarada biləcəyindən ehtiyatlanır.

İqtisadçı Natiq Cəfərli deyir ki, hər şey Nazirlər Kabinetinin imzalanmış fərmanın işləmə mexanizmini "aydın izah" edən sənədlərinə bağlıdır.

Əks halda, məsələn, "gətirilən məhsulun şəxsi istifadə üçün olub-olmamağını kim müəyyənləşdirəcək?" təhlilçi sual edir.

Hərçənd başqa bir iqtisadçı Qubad İbadoğlu düşünür ki, fərman gömrük sistemində "indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək".

Azərbaycan prezidenti İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanına görə, fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi gömrük dəyəri 10 min ABŞ dollarından artıq olmayan mallar ödəmə etmədən gömrük sərhədindən keçirilə bilər.

Sənəddə deyilir ki, Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.

Nazirlər Kabineti normativ hüquqi aktlarının imzalanmış fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməlidir.

Cehiz alan ailələrə "şad xəbər"

Natiq Cəfərlinin sözlərinə görə, bu xəbəri əsasən cehiz alan ailələr üçün şad xəbər hesab etmək olar.

"Azərbaycanda mebel və məişət avadanlığı çox bahalıdır, bu səbəbdən bəzi ailələr Türkiyə və Gürcüstandan bu məhsulları gətirəcək. Bu zaman qazanan yerli yox, xarici sahibkarlar olacaq. Bu da Azərbaycanda satışlara mənfi təsir edə və dövriyyəni azalda bilər ", iqtisadçı deyir.

O, fərmanı kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqələndirənlərin yanıldığını da deyir. Cənab Cəfərli deyir ki, bir şəxsin ayda və ya ildə neçə dəfə öz şəxsi ehtiyacı üçün 10 min ABŞ dolları dəyərində məhsul gətirə biləcəyi də izah olunmalıdır.

İqtisadçı bu günə qədər şəxsi istifadə üçün yalnız 1500 dollar dəyərində məhsulun gətirilə bildiyini də əlavə edir.

Fərmanda "fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyaların istisna olunur" qeyd olunub.

Bu qeydlə bağlı cənab Cəfərli deyir ki, səfər zamanı insana çox şey lazım ola bilər və bu tələbat hər bir şəxsə görə dəyişir.

"Səfər zamanı insana geyim də lazım ola bilər, kompüter də. Bu nüanslar dəqiqliklə izah olunmasa, gömrükdə vətəndaşlar və gömrük işçiləri arasında problem yarana bilər", o əlavə edir.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, fərman "buraxılış məntəqələrində yaşıl kanaldan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək".

"Bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək. Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək", deyən iqtisadçı Facebook sosial şəbəkəsində yeni fərmanı təqdir etdiyini yazıb.