Sahibkarlar prezidentin qərarı barədə nə düşünür?

Şəklin mənbəyi, Getty

    • Müəllif, Günel Səfər
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Milli Məclisin bu gün keçirilən iclasında prezident İlham Əliyev tərəfindən təklif edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun layihəsi qəbul olunub.

4 bənddən ibarət qanuna əsasən, 2 il müddətində sahibkar təsərrüfatlarında yalnız vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilməyəcək.

Millət vəkili Vahid Əhmədov qərarı "sahibkarlığın inkişafında mühüm addım" adlandırır.

Təhlilçilər və sahibkarlar da bu qərarı müsbət qarşılayır. Keçmiş sahibkarlar isə, qərarın gecikdiyi fikrindədirlər.

"Müsbət qərar"

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ölkədə biznes strukturlarına məmur müdaxiləsini birinci şəxsin gündəmə gətirməsini müsbət qarşılayır.

O hesab edir ki, bu yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanma yarana bilər.

"Ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borclanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı", o deyir.

Amma cənab Məmmədli bildirir ki, ölkədə biznes sektorunun inkişafı sadəcə bundan keçmir. Bunun üçün monopoliyanın aradan qaldırılması, gömrükdə tam sərbəst giriş-çıxışın təmin olunması da olmalıdır.

"Əks halda təməlli dəyişiklik olmayacaq", hüquqşünas əlavə edir.

Millət vəkili Vahid Əhmədov sahibkarlıq sahəsində yoxlamaların dayandırlıması qərarını "çox böyük addım" adlandırır. O bildirir ki, bu qərar qeyri neft sektorunun inkişafına mühüm təsir edəcək.

"Məmurlar sahibkar təsərrüfatlarına qanunsuz müdaxilələr edirlər, bu qərar isə sahibkarlığı inkişaf etdirəcək", millət vəkili deyir.

Oktyabrın 12-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı sahibkarların incidilməsindən danışıb.

O deyib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, onlardan pul tələb edirlər.

"Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır", prezident deyib.

Bu çıxışdan sonra oktyabrın 19-da isə prezident bu məsələ ilə bağlı Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb və Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.

Sahibkarlar nə düşünür?

Salyanda ticarət və icarə ilə məşğul olan sahibkar Ağa Quliyev vaxtilə sahib olduğu təsərrüfata yoxlamaların olduğunu və ondan müəyyən məbləğ istənildiyini deyir. Ondan "şəhərin abadlaşdırılması üçün müəyyən məbləğ" istənilib.

Məhkəmə vasitəsilə problemini həll etdiyini deyən sahibkar qəbul olunmuş yeni qərarı bəyənib.

"Münasibətim müsbətdir. Sahibkarlara fəaliyyətləri ilə məşğul olmağa gərək imkan versinlər. Çünki o kimisə iş yeri ilə təmin etməklə, özündən başqa bir neçə ailəni də dolandırır", Ağa Quliyev deyir.

Eyni rayondan digər sahibkar Məmməd Cəfərli supermarket işlətdiyini və müxtəlif qurumlar tərəfindən "yoxlamalara" və "müəyyən məbləğ istənilmələrinə" məruz qaldığını etiraf edir. O, hazırda işçilərini azaltmaq istədiyini də qeyd edir.

"Qərara münasibətim əladır. Prezident çıxış edəndən sonra heç kim gəlməmişdi, qorxdular", sahibkar deyir.

Keçmiş sahibkar Məhəmməd Qurbanov isə çox çətinlik çəkdiyini bildirir. O, Türkiyədən Naxçıvana mal idxalı ilə məşğul olduğunu və ticarət obyekti işlətdiyini deyir. 3 il öncə isə bunlara görə təzyiqlərə məruz qaldığını və Bakıya gəlməli olduğunu deyir.

"Türkiyədə böyük etimadım var, hələ də mal gətirə bilərəm, amma ölkədəki rüşvətxorluq, monopoliya və gömrük sıxıntılarına görə artıq sahibkar kimi fəaliyyət göstərə bilmirəm", o qeyd edir.

Sumqayıtdan olan Mehman Hüseynzadə də daha sahibkarlıqla məşğul olmadığını deyir. O qeyd edir ki, Əmlak komitəsində özəlləşdirdiyi obyektini köhnə icra hakimiyyəti "söküb". Sahibkar hesab edir ki, vaxtilə qeyri-rəsmi ödəniş etsəydi, obyekti sökülməyəcəkdi.

"O vaxt belə qərar olsaydı, indi bəlkə də nəticə bu cür olmayacaqdı", o deyir.

Həmçinin oxuyun: <link type="page"><caption> Sahibkarları boğurlar</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151013_ilham_aliyev_speech" platform="highweb"/></link>

Böhrandan çıxış yolu?

İqtisadi məsələlər üzrə təhlilçi Şəhla Əliquliyeva bu qərarı "gözlənilən" adlandırır. O hesab edir ki, qərarın qəbul edilməsi ölkə iqtisadiyyatındakı böhranla əlaqəlidir.

Neftin ucuzlaşması ilə bağlı büdcəyə daxilolmalar azalıb və hazırda büdcəni doldurmanın əlavə yolları axtarılır və devalvasiyadan sonra "sahibkarlıq nə dərəcədə sərfəlidir" sualı ortaya çıxıb, təhlilçi belə hesab edir.

"Bizneslər bağlanır, adamlar işsiz qalır, bu da böhranı dərinləşdirir. Və hökumət qərara gəlib ki, bu addıma ehtiyac var. Həm yoxlamaların dayandırılması, həm də lisenziyalaşmanın asanlaşdırılması təqdirəlayiqdir. Bu sahibkarlara tərəf atılmış müsbət addımdır", o qeyd edir.

Şəhla Əliquliyeva deyir ki, hazırda vergilərin artırılması məsələsi də gündəmdədir. Onun fikrincə, qeyri-rəsmi ödəmələr olmasa sahibkarlar artırılmış vergiləri belə rahatlıqla ödəyə bilər.

Müddətin 2 il seçilməsi barəsində isə təhlilçinin iki versiyası var. Birinci versiyayaya görə səbəb, neft ekspertlərinin yaxın iki ildə qiymət artımı gözlənilmədiyini bildirməsi olub.

"Hakimiyyətdə hələ də qeyri-formal ödənişlərin sərf etdiyi oliqarxlar təmsil olunur. Bu səbəbdən iki il deməklə "əl yeri qoyula və əvvəlki təcrübəyə qayıdış" ola bilər", deyən təhlilçi ikinci səbəbin eksperiment komponenti ola biləcəyini də bildirir.

"Bu qərardan sonra ölkədə kapital vəziyyətinin necə dəyişəcəyini də müşahidə etmək istəyə bilərlər", o əlavə edir.

Həmçinin oxuyun: <link type="page"><caption> Azərbaycan yeni biznes qurmağın asanlığına görə ABŞ-dan irəlidə, Ermənistandan geridədir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/01/140123_doing_business_azerbaijan" platform="highweb"/></link>