Azərbaycan yeni biznes qurmağın asanlığına görə ABŞ-dan irəlidə, Ermənistandan geridədir

Doing Business 2014

Şəklin mənbəyi, IFCWB

Şəklin alt yazısı, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hesabatı biznesin aparılması baxımından 189 ölkədəki vəziyyəti dəyərləndirir.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation) birgə yeni araşdırmasına görə ABŞ biznesə başlamağın asanlığına görə Azərbaycandan geridə qalır, lakin Özbəkistandan bir pillə irəlilədədir.

Yeni reytinq bu iki beynəlxalq təşkilatın “Bizneslə Məşğulliyyət 2014: Kiçik və Orta Həcmli Biznesin Tənzimlənməsi Anlayışı” ( "Doing Business 2014: Understanding Regulations for Small and Medium Sized Businesses") adlı birgə hesabatına daxil edilib.

189 ölkəni əhatə edən bu hesabatda yeni biznes qurmaq üçün prosedurların, mərhələlərin sayı, lazım olan vaxt və xərclər nəzərə alınıb.

Hesabatın nəticələrinə görə, yeni biznesə başlamaq üçün ən münasib ölkə Yeni Zelandiyadır.

Orada bu iş üçün bir prosedur, yarım gün, adambaşına düşən gəlirin bir faizi qədər xərc və ödənilməsi tələb olunmayan ilkin kapital kifayətdir.

İlk beşliyə Yeni Zelandiyanın ardınca Kanada, Sinqapur, Avstraliya və Honq Konq daxildir.

Müqayisə üçün bildirilir ki, ABŞ-da yeni biznes qurmaq üçün 6 prosedur və beş gün lazım gəlir.

Ermənistan Azərbaycan və Gürcüstanı üstələyib

Azərbaycan bu indeksdə 10-cu yerdədir və Ermənistandan 4 pillə geridə qalır.

Hesabata görə Azərbaycanda yeni iş qurmaq üçün 3 prosedur tələb olunur və buna 7 gün vaxt gedir. Ermənistanda prosedurların sayı 2, lazım olan vaxt 4 gündür.

Gürcüstan 8-ci yerdədir. Burada lazım olan 2 prosedura 2 gün vaxt sərf olunur. Lakin Gürcüstanın Ermənistandan geridə olmasına səbəb Gürcüstanda yeni biznes üçün ilkin kapital tələbinin yüksəkliyidir.

107-ci yerdə olan İranda yeni biznesə başlamaq üçün 16 gün müddətində səkkiz mərhələdən keçmək lazımdır.

Regionun digər güclü iqtisadiyyatı olan Türkiyə bu reytinq cədvəlində 93 yerdə qərar tutub. Orada yeni işə başlamaq üçün 6 gün və 6 prosedur gərəkdir.

Qırğızıstan 12-ci, Qazaxıstan 30-cu yerdədirlər.

Başqa bir Mərkəzi Asiya ölkəsi olan Özbəkistan (21) isə Amerika Birləşmiş Ştatlarından (20) cəmi bir pillə aşağıdadır.

Amma əvəzində “Avropanın son diktaturası” adlandırılan Belarus 15-ci pillədədir və Birləşmiş Ştatları 5 pillə geridə qoyur.

Ötəri təhlil

Bu reytinq indeksinə ilkin baxışdan bir neçə məqam diqqəti çəkir.

Yeni biznesin açılması üçün asanlığın qiymətləndirməsində ABŞ bir yana qalsın, Avropanın aparıcı iqtisadiyyatı olan ölkələr bəzi keçmiş sovet respublikalarından geridə qalırlar.

Məsələn, Böyük Britaniya 28-ci yerdədir. Bu ölkədə yeni biznes açmaq üçün ilkin kapital da tələb olunmur.

Lakin burada prosedurların sayı (6) və bunların icrası üçün tələb olunan vaxt (12 gün) kifayət qədər yüksəkdir.

Avropa İttifaqının aparıcı iqtisadiyyatı olan Almaniya 111-ci yeri tutub. Burada biznes açmaq üçün iki həftə ərzində 9 prosedurdan keçmək lazım gəlir.

Lakin bunun üçün tələb olunan xərclər adambaşına düşən gəlirin 4,7 faizini təşkil edir. Kifayət qədər yüksək rəqəmdir. Müqayisə üçün deyək ki, Azərbaycan üçün bu göstərici 1 faizdir.

Bu cədvəldə Fransa 41-ci yerdədir. Başqa bir iqtisadiyyat nəhəngi – Yaponiya 120-ci yerdə qərar tutub. 8 prosedur, 22 gün və adambaşına düşən gəlirin 7,5 faizi.

Dünyanın böyük iqtisadiyyatlarına malik olan ölkələrdə biznes qurmağın çətinliyi ilkin kapitalın və xərclərin çoxluğu ilə bağlıdır.

Bir sıra təhlilçilər bu qənaətdə olacaqlar ki, avtoritar rejimləri ilə tanınan ölkələrin bu reytinq cədvəlində yüksək yerləri tutması həmçinin sözügedən hesabatda bir sıra faktorların – korrupsiya, qohumbazlıq və dostbazlıq kimi elementlərin nəzərə alınmaması ilə izah edilə bilər.

Hesabatın özündə qeyd olunur ki, iqtisadi göstəricilər 2013-cü ilin iyun ayına aid olsa da, şəffaflıq göstəricləri 2012-ci ildən bu yana təzələnməyib.

2012-ci ildəki göstəricilərin həqiqəti nə dərəcədə əks etdirdiyini də söyləmək çətindir.

Məhz buna görə də, Dünya Bankının bu hesabatının iqtisadçılar, siyasətçilər və hökumətlər tərəfindən ciddi mübahisə və müzakirə obyektinə çevriləcəyini gözləmək olar.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının Doing Business adlı hesabatına görə isə Azərbaycan bizneslə məşğul olmaq asanlığı baxımından ötən ilə nisbətən bir pillə irəliləyərək 70-dən 71-ci yerə qalxıb.