Mətbuat icmalı: Hakimiyyətdaxili mübarizə, vətəndaşa kompensasiya və gömrükdə sadələşdirmə

Şəklin mənbəyi, Getty
"Azadlıq": Cəmil Həsənli İon Ratiu Demokratiya Mükafatına layiq görülüb
“Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli ABŞ-ın Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin 2015-ci il üçün İon Ratiu Demokratiya Mükafatına (IRDA) layiq görülüb və Vaşinqtonda bir aylıq təqaüd proqramına dəvət edilib. Qərar Ratiu Mükafatı İdarə Heyəti Tərəfindən verilib”, - Azadlıq qəzeti yazır.
Mərkəzin Cəmil Həsənli barədə yazdığı məlumatda deyilir: “Keçmiş millət vəkili və aparıcı tarixçi professor Həsənli hal-hazırda Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədridir. 2013-cu ilin prezident seçkilərində professor Həsənli prezident İlham Əliyevə qarşı müxalifətin vahid namizədi seçilmişdir. Ağır şəxsi maneələrə baxmayaraq Milli Şuranın sədrliyini davam etdirən Həsənli hökümətin insan hüquqları müdafiəçiləri, jurnalistlər və bloqqerlərə qarşı göstərdiyi ağır təzyiqlərə qarşı etiraz edir. O, müntəzəm olaraq siyasi məhbusları ziyarət edir və onların mənəvi və maddi ehtiyaclarına diqqəti çəkir”.
“2005-ci ildə yaradılmış İon Ratiu Mükafatının məqsədi dünyada demokratiya uğrunda çalışan şəxslərin ideyalar, ideallar və nailiyyətlərinin beynəlxalq səviyyədə tanınması və diqqətə çatdırılmasıdır. Mükafat Rumınyalı siyasətci İon Ratiunun demokratiyaya töhvələri, eləcə də dünyada demokratik dəyişikliklərə bağlığını ifadə edir. Mükafatçılar Ratiu ailəsi Fondunun üzvləri və keçmiş mükafatçılardan ibarət olan məsləhətçi heyət tərəfindən seçilir.”
“Azadlıq”: Hakimiyyət daxilindəki qruplaşmalar barədə
“Hakimiyyətdəki qruplaşmalar arasında savaş pik dövrünü yaşayır. Bu son günlər iqtidar ətrafında baş verənlərdən də aydın görünür. Müşahidələr göstərir ki, savaşın şiddətlənməsi bir neçə qruplaşmanın sıradan çıxması ilə nəticələnib", - Azadlıq qəzetindəki təhlildə bildirilir.
Qəzet yazır ki, Ziya Məmmədov son dövrələrə qədər hakimiyyətdə ən güclü fiqurlardan biri idi. “Lakin bir müddət əvvəl ...nəqliyyat Nazirliyinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınıb, Ziya Məmmədovun iqtisadi imperiyasına əl qoyulub və s. Artıq Ziya Məmmədov əvvəlki gücdə deyil".
Eldar Mahmudova gəlincə, o, heç postunu da qoruya bilmədi. Hakimiyyətdəki mənzərəyə diqqət etdikdə görürük ki, bu savaşdan iki qruplaşma qalib çıxıb: Ramiz Mehdiyev və Fuad Ələsgərov qruplaşması, Azadlıq yazır.
Qəzet Fuad Ələsgərov qruplaşmasının öz mövqelərini ASAN xidmət sayəsində möhkəmləndirə bildiyini yazır.
“Azərbaycan”: Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi etiraz bəyanatı ilə çıxış edib
“Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının növbəti iclasında təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması məsələsini qaldırıb.
Daimi nümayəndəliyin bəyanatında bildirilib ki, nümayəndəlik səlahiyyətini aşaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməkdən imtina etmiş DTİHB ilə yaranmış vəziyyətdən çıxış üçün intensiv danışıqlar aparıb.
Tam tərkibli müşahidəçi missiyasının bərpa edilməsinin bu mərhələdə mümkünsüz ola biləcəyini nəzərə alaraq, Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində DTİHB-nin başqa formada iştirakını nəzərdən keçirməyə hazır olduğunu bildirib: “Təəssüf ki, DTİHB heç bir tutarlı arqument göstərmədən iştirakçı dövlətin dəvəti əsasında ona yardım göstərməkdən məqsədyönlü şəkildə imtina edib”.
Azərbaycan DTİHB-nin bu qeyri-konstruktiv mövqeyini qurumun mandatına və ATƏT-in əməkdaşlıq ruhuna zidd olduğunu və qurum tərəfindən DTİHB-ə həvalə edilmiş mandatı pozmasına zəruri qiymət verilməsinin vacib olduğunu bəyan edib.”
“Azərbaycan”: Gömrük sahəsində sadələşdirmələr barədə prezident fərmanı
Prezident İlham Əliyev “gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədi” fərman imzalayıb. Sənəddə deyilir:
“1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, ...gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin...”
“Yeni Müsavat”: Avropa məhkəməsinin qərarı: Azərbaycan hökuməti vətəndaşa 62 500 avro ödəməlidir
“Oktyabrın 22-də Bakıda “Qış Bulvar”ı (Qış parkı) ucbatından ev-eşiklərindən məhrum olmuşlar ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi ilk qərarını qəbul edib.
Vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb ki, Nuriyə Xalikovanın ərizəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar Konvensiyasının 5-ci (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələri, eləcə də həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə nəzərdə tutulmuş hüquqları pozulub.
Maddi zərərə görə 45 000, mənəvi zərərə görə 15 000, xərclərə görə 2 500 Avro məbləğində təzminat müəyyən olunub.”
Qəzet xatırladır ki, Bakıda "Qış bulvarı" kimi tanınan parkın ərazisindən (Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələri) 2009-2012-ci illərdə 5 minədək ailə köçürülüb. Ailələrə o vaxt hər kvadratmetr yaşayış sahəsi üçün 1500 manat (1900 dollar) kompensasiya verilirdi.”




