Mətbuat icmalı: "MTN rəhbərliyi ətrafında müəmma davam edir"

Şəklin mənbəyi, Getty
“Azərbaycan”: Prezidentdən çoxdan gözlənilən inqilabi fərman
Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman imzalayıb. “Azərbaycan” qəzeti fərmanın tam mətnini dərc edib. Fərmandan bəzi hissələri diqqətinizə çatdırırıq:
“...Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır.
Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin.
…2.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;
…2.3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.
3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
3.1. aşağıdakı məsələlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
3.1.1. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;
…3.1.3. bu Fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.
3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirsin….
“Xalq qəzeti”: Yardımlıda Yaponiya hökumətinin dəstəyi ilə həkim məntəqəsi tikilib
“Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Yardımlının Hamarkənd kəndində həkim məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib.
…Layihə üzrə qrant sazişi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yerli idarəetməyə yardım” Ictimai Birliyi arasında 2 fevrlal 2015-ci il tarixində imzalanmışdır. Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər. Kənd sakinləri ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.”
“Xalq qəzeti”: Lənkəranda insan hüquqları ilə bağlı təlim
“Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların beynəlxalq və milli səviyyədə təbliği məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ilə birgə Lənkəranda “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin İnsan Hüquqları mexanizmləri” mövzusunda iki günlük təlimlər keçirib.
Təlimlərdə Lənkəranda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri, Lənkəran ŞİH aparatının məsul əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və başqaları “İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartlar və BMT-nin rolu”, “BMT-nin İnsan Hüquqları Sistemi”, “Milli İnsan Hüquqları Təsisatlarının və QHT-nin BMT-nin İnsan Hüquqları mexanizmində rolu” və “İnsan Hüquqlarının monitorinqi” mövzularında keçdikləri təlimlər diskussiya şəraitində keçib və maraqla qarşılanıb.”
“Xalq qəzeti”: Cəlilabadda insan hüquqları mövzusunda ictimai dinləmə
“Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə regional ictimai dinləmələr təşkil edir.
Növbəti belə tədbir Cəlilabadda keçirilib. İctimai dinləmədə bölgə rayonlarının icra hakimiyyətləri və bələdiyyələrinin, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları və icmaların nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva sözügedən Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətini, insan hüquqlarının, o cümlədən seçki hüququnun təmin olunmasının vacibliyini vurğulayıb, rayon icra hakimiyyəti tərəfindən insan hüquqlarının təmini və adıçəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı məlumat verib.
Ombudsman aparatının rəhbəri Aydın Səfixanlının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması üzrə həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib…”
“Yeni Müsavat”: İlqar Məmmədovun vəkili ona fiziki təzyiq göstərilməsi ilə bağlı Baş Prokurora, Ədliyyə nazirinə və Ombudsmana müraciət edib
“Vəkil Cavad Cavadov ReAL Hərəkatının sədri İlqar Məmmədovun həbsxanada döyüldüyünü iddia edərək, Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və ombudsman Elmira Süleymanovaya müraciət edib.
O, müraciətdə Ədliyyə Nazirliyinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlqar Məmmədovun oktyabrın 16-da Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən döyüldüyünü və bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, hüquq-mühafizə orqanlarına qanuni tədbirlər görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət göndərdiyini bildirib.”
Müraciətdə deyilir: "İlqar Məmmədovun sözlərinə görə, oktyabrın 16-i təxminən saat 15-30 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəzaçəkmə Müəssisəsi rəhbəriyinin oturduğu inzibati binaya çağırıblar. Onu əvvəlcə Şakir adında rəis müavinin yanına aparıblar, orada rəis müavini və müəsisənin Çingiz adında digər əməkdaşı İlqar Məmmədova qəflətən sinəsi və başından bir neçə zərbə vurublar. Daha sonra isə itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına aparıb və orda da hər üçü onu yerə yıxaraq təpikləyiblər. Səbəb onun həmin cəzaçəkmə müəssisəsindəki məhbus Rinat Yusifovun adının internet media resurslarına ötürməsi göstərilib və rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə xəbərdarlıq edilib”.
…Vəkil İlqar Məmmədovun bədənində "xəsarətlər olduğunu və müraciətində bütün bunları nəzərə alaraq onun təhlükəsizliyinə təminat verilməsini xahiş edib.”
İ.Məmmədov bundan əvvəl də həbsxanada ona fiziki təzyiq göstərildiyini bildirsə də həbsxana rəhbərliyi bunu təkzib edib.
“Yeni Müsavat”: Cavid Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün yenidən məhkəməyə müraciət ediləcək.
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün yenidən məhkəməyə müraciət ediləcək”, "Yeni Müsavat" qəzeti yazır.
Futbolçunun vəkili Adəm Məmmədov müraciətin bir neçə gün ərzində məhkəməyə təqdim ediləcəyini deyib.
…Futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqust ayında Səbail rayon Məhkəməsinə vəsatətlə müraciət edilmişdi. Lakin vəsatət təmin edilməmişdi.
Rasim Əliyevin anası Teyfurə Əliyeva isə musavat.com-a açıqlamasında istintaqın gedişindən narazı olduqlarını dedi: “İstintaqla bağlı heç bir dəyişiklik, yenilik yoxdur. Bizə heç məlumat verən də yoxdur. Çox narazıyıq. Sanki bu işi artıq unudublar”.
T.Əliyeva Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı ediləcək müraciətə münasibət bildirərkən qeyd etdi ki, belə bir qərar verilərsə, böyük ədalətsizlik olacaq. Jurnalistin döyülməsilə ilə bağlı futbolçunun bibisioğlu Elşən İsmayılovla yanaşı, daha 4 nəfər - Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də jurnalistin ölümünə görə həbs ediliblər.
“Yeni Müsavat”: MTN rəhbərliyi ətrafında qalmaqal və müəmma davam edir
“Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılması ilə “ ölkədə və hakimiyyətdə nə baş verir” sualı ətrafında müəmma hər keçən gün daha da artır. Sabiq nazirə qarşı hakimiyyətyönümlü deputatların şok ittihamları dövriyyəyə girib ki, bu da MTN strukturunda həbslərə hazırlıq kimi dəyərləndirilir.
…Rəsmi qurumlar isə yenə də “qeyri-rəsmi” bildirir ki, vəzifəsindən azad olunan nazirin və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu, sadəcə, kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.
Başqa bir mənbə MTN-in Monitorinq Xidmətinin rəisi general-mayor Teymur Quliyevin Bakının “milyonçular məhəlləsi” kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən 4 mərtəbəli villasında saxlanıldığını, əməliyyatı isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyini iddia edib.
Baş Prokurorluğun istintaq qrupu MTN-də təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar. “Turan” agentliyi xəbər verib ki, oktyabrın 17-də nazirliyə baş girişin darvazası tam acıq olub və burada digər dövlət qurumlarının avtomobilləri növbə çəkib. “Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim qapıda növbə çəkirdilər. Bütün bunlar içəridə yoxlama aparılması və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı” deyə, məlumatda bildirilir.”
İstintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik etdyi barədə məlumat var. Eldar Mahmudovun özününsə onun öz evində faktiki olaraq ev dustağı olduğu bildirilir.
… Eldar Mahmudovun yerinə hələ ki təyinat olmayıb. …Aşkar namizəd yoxdur, yalnız mətbuatın adını çəkdiyi bir neçə general var.
Qəzet yazır ki, MTN rəhbərinin indiki böhran şəraitində kənarlaşdırılması prezidentin idarəçilikdə yeni dəyişikliklərə hazırlaşmasından xəbər verir.
“Yeni Müsavat”: Prezidentdən yeni qanunvericilik təşəbbüsü: sahibkarlar qanunu pozan yoxlamalar barədə şikayət edə bilərlər
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Prezidentin rəsmi saytının məlumatına görə,verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.”
Sənədin artıq parlamentə daxil olduğu bildirilir. Milli Məclisdən bildiriblər ki, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq…
“Layihədə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.”
“Yeni Müsavat”: Ziya Məmmədov işə çıxıb?
Məzuniyyətdə olduğu dövrdə rəhbərlik etdiyi qurumun səlahiyyətləri alınan nəqliyyat naziri dünən işə çıxdığı bildirilir. Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib: “ Ümumiyyətlə, Ziya Məmmədov yazılanlardan heç bir narahatlıq keçirmir. Çünki yazılanların heç bir əsası yoxdur. Bir var rəsmi fakt, hansısa səlahiyyətlərin alınması, bir də var ki, bəzi saytların yazdığı “tutulub”, “həbs olunub” kimi cəfəngiyyatlar. Yəni əsassız yazılara heç bir münasibət bildirmir.
…Ziya Məmmədov ətrafında süni ajiotaj yaradılır. İndiyədək müxtəlif nazirliklərin səlahiyyətləri alınıb digərinə verilib və yaxud nazirlik ləğv olunub. Amma bu cür ajiotaj yaradılmayıb. Hazırda islahatlar gedir. İqtisadi sahədə həyata keçirilən islahatların bir tərəfi də əhaliyə daha rahat, keyfiyyətli xidmət göstərilməsinə hesablanıb. Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərdən biri də lisenziyaların verilməsi idi. Bu sahə “ASAN xidmət”ə verildi ki, vətəndaşlar ora müraciət etməklə lisenziyaları rahat şəkildə ala bilsinlər. Bunda Nəqliyyat Nazirliyinin özü də maraqlıdır ki, işimizdə şəffaflıq yaranır, yüngülləşir. Bu yaxınlarda taksilərə, yük maşınlarına nəzarəti yol polisinə verdilər. Hər hansı bir nazirliyin ətrafında islahatların aparılması prezidentin səlahiyyətindədir. Yəni nazirliyin səlahiyyəti başqa bir nazirliyə də verilə bilər. Bu dəyişiklikləri sırf Ziya Məmmədovun adı ilə bağlamaq ədalətsizlikdir. Ziya Məmmədov xalqa, dövlətə sədaqətlə qulluq edən adamdır.
…Səlahiyyətlərin alınması aparılan islahatlarla bağlıdır. Sadəcə, jurnalistlər bunu başqa yerə yozurlar. İndiyə qədər bir nazirlik göstərə bilərsinizmi ki, onun səlahiyyətləri bu və ya başqa şəkildə dəyişikliyə uğramasın? Yoxdur belə nazirlik! Hazırda ölkədə çevik xidmətlər göstərmək niyyəti ilə islahatlar aparılır. İslahatlar bundan sonra da davam edəcək. Bu islahatların hörmətli nazir Ziya Məmmədovun adı ilə bağlanmasının səbəbini başa düşə bilmirəm.”
Nazirlik rəsmisi jurnalistin “Ziya Məmmədov baş verənlərlə bağlı mətbuat konfransı keçirib mətbuat nümayəndələrinin suallarına aydınlıq gətirə bilərmi?” sualına belə cavab verib: “…Hörmətli nazirin mənə həmişə tövsiyəsi bu olub ki, peşəkar jurnalistlərin sualı cavabsız qalmasın. Nəqliyyat Nazirliyi ilə bağlı kim yazı yazmaq istəyirsə, sualları varsa, o suallar cavablandırılsın. Birbaşa nazirliyin səlahiyyətləri ilə bağlı suallara cavab verilir. Şayiələrə isə münasibət bildirilmir. Ziya Məmmədov heç vaxt mətbuatdan qaçmayıb. Müxtəlif dövlət tədbirlərində də dəfələrlə müsahibələr verib.”
Müxbir mətbuat katibindən Ziya Məmmədovun əhvalını soruşmağı da unutmayıb. Cavab isə belə olub: “…Ziya müəllim çox optimist adamdır. Əhval-ruhiyyəsi də çox yüksəkdir. Ziya müəllim pessimizmə qapılan adam deyil. Dövlətə, xalqa xidmət edən adam olub, bundan sonra da belə olacaq.”
“Azadlıq”: Zığ qəsəbəsində əhali evlərin söküntüsünə etiraz edir
Bazar ertəsi Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb.
“Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) göstərişi ilə səhər saatlarında 28 evin işıq, qaz və su xətti kəsilib. Hatəm Allahverdiyev küçəsindəki 89 saylı ev sökülüb. Söküntüyə etiraz edən ev sahibi Emin Həmidovla icra nümayəndələri arasında qarşıdurma yaranıb.
Sakinlər evlərinin onlara xəbərdarlıq edilmədən sökülməsinə etiraz ediblər. Əraziyə polis çağırılıb.
Sakinlərin etirazından sonra Suraxanı RİH nümayəndələri ərazini tərk ediblər. Söküntü prosesini yalnız Zığ qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov və sahə müvəkkili izləyib. Digər sakinlər evlərinin söküləcəyi təqdirdə özlərini yandıracaqları ilə bağlı xəbərdarlıq ediblər. Bundan sonra söküntü prosesi tam dayandırılıb.”
“…Qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov sakinlərə bundan sonrakı söküntünün məhkəmə icraçıları tərəfindən aparılacağını dedi: “Biz yalnız təhlükəsizliyi təmin edirik. Sizin nə şikayətiniz varsa, başqalarına deyin”.
Zığ sakini Seyran Mustafayeva dedi ki, evləri tam yararsız hala düşüb: “İki ay əvvəl digər sakinləri kirayəyə köçürdülər. Gəlinim hamilə olduğu üçün biz köçmək istəmədik. İndi evdə iki körpə var. Hər gün çatlar dərinləşir, ev başımıza uçur. Amma Cəlaləddin Əhmədov deyir ki, öz hesabınıza köçün, iki ay əvvəl köçsəydiniz, kirayə haqqı ödəyərdik”.
Təranə adlı sakin də etiraz etdi: “Mənim ondan nə fərqim var ki?! Niyə birinə pul verirlər, digərinə yox? Jurnalistlərin yanında çıxarıb pul verirlər. Mən də evimə qayıdacam. Ev başıma uçsun, bəlkə mənim də şikayətimi dinləyərlər”.
Sakinlərdən biri isə qonşularına xitabən belə dedi: “Abid Şərifov Türkiyədə baş verən faciəyə görə ağlayır. Bir az da gözləyin, bizim üçün də göz yaşı tökəcək””.




