Mətbuat icmalı: "Prezident sərt ritorikanı niyə artırıb?"

Şəklin mənbəyi, Getty

“Azadlıq”: ABŞ səfiri Liviyanı nümunə göstərib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çərşənbə axşamı Bakıda ADA universitetində (Diplomatiya Akademiyası) çıxış edərkən bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətləri bərabərhüquqluluq, demokratiya və azadlıq əsasında qurulur. “İki ölkə arasında qarşılıqlı münasibətlər tarixinə nəzər salan səfir Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, həmin dövrdə demokratik norma və azadlıqların təmin edilməsini xatırlayıb. İkitərəfli münasibətlərin hazırki mərhələsi haqqında danışan səfir təhlükəsizlik məsələlərini, energetika və infrastruktur layihələrini qeyd edib. “Eyni zamanda, demokratik institutlarının inkişafını, qanunun aliliyini və əsas azadlıqların təmin edilməsini mühüm hesab edirik”, – deyə o qeyd edib.

“Sabitlik o ölkədə mümkündür ki, insanlar hökumətin onlar qarşısında hesabatlı olduğunu hiss etsin”, – deyə diplomat bildirib. Daha sonra o, ABŞ prezidenti Obamadan qeyri-demokratik ölkələrin vaxtaşırı qeyri-sabitlik nümayiş etdirdiyi barədə sitat gətirib. “Liviyada bugünki böhranın əsasında Qəddafinin 42 illik idarəetməsi durur”, deyə Sekuta qeyd edib. O əlavə edib ki, ABŞ Azərbaycanı sabit, çiçəklənən və demokratik ölkə kimi görmək istəyir.”

“Azadlıq”: “Qarasu oil” şirkətində etiraz aksiyası

““Qarasu oil” şirkətinin fəhlələri yenə etiraz aksiyası keçiriblər. Neftçilərin verdikləri məlumata görə, bu gün səhər saat 07:00 da fəhlələrin etiraz aksiyası keçirmələrinə əsas səbəb “Qarasu oil” şirkətinin vitse-prezidenti İslam Ovçuyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub. Etirazçılar bildirir ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqəli olduğunu deyən şirkət rəhbərliyi nədənsə öz əmək haqlarında endirim etməyib.

“Azadlıq”: “The Washington post”: Türkmənistan hökuməti Azərbaycandan nümunə götürür

“The Wasinqton Post” qəzeti Türkmənistanda insan haqlarının pozulması, və “Azadlıq” radiosu əməkdaşlarının təqib edilməsinə dair redaksiya məqaləsi dərc edib. Məqalədə deyilir ki, oxşar vəziyyət Azərbaycanda da hökm sürür və hətta Türkmənistan hökuməti Bakıdan nümunə götürür.

Qeyd olunur ki, “SSRİ-nin dağılması ilə müstəqilliyə qovuşan Türkmənistan xalqı böyük təbii sərvətlərinin, neft ehtiyatlarının onları Küveytə çevirəcəyinə ümid edirdilər. Lakin bu gözləntilər özünü doğrultmadı. Hökumət uzun illər ərzində əhaliyə qaz və elektrik enerjisini demək olar ki, havayı verirdi, lakin neftin ucuzlaşması nəticəsində ölkədə vəziyyət daha da pisləşib və hökümət belə proqramları dayandırmağa məcbur olub. Hətta iş o həddə çatıb ki, maaşların ödənməsindı problemlər yaranıb.

Qəzet yazır ki, bütün "diktatura rejimlərində" olduğu kimi, Türkəminstanda da mətbuat sərt nəzarət altındadır. Hakimiyyət əhalinin məlumat almaq imkanlarını məhdudlaşdırmaq üçün repressiyaları davam etdirir. Abadlaşdırma kampaniyası bəhanəsi ilə peyk antenaları yığışdırılıb.

“Azərbaycan”: Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı prezident sərəncamı

Sərəncamda deyilir: “2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.

Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirmiş və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaratmışdır. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilmişdir.

Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.”

“Yeni Müsavat”: Prezident sərt ritorikanı artırır

“Neftin qiymətinin dünya bazarında kəskin düşməsindən sonra Azərbaycan hakimiyyəti təkcə büdcədə deyil, siyasi-iqtisadi kursunda da ciddi dəyişikliklərə hazırlaşır. Prezidentin son 4 ayda hökumət üzvləri ilə sayca üçüncü müşavirə keçirməsi, bu müşavirədə söylədikləri və komandasına sərt xəbərdarlıqları özlüyundə hər şeyi deyir".

Oktyabrın 12-də prezident bir sıra iqtisadi-siyası məsələlərdən danışıb. Amma son müşavirədə ən diqqətçəkən məsələ dövlət başçısının iqtisadiyyatın əsas bəlası olan monopoliya ilə bağlı komandaya yönəlik açıqlamalarıdır, Yeni Müsavat qəzeti bildirir.

Monopoliyadan danışarkən dövlət başçısının dediklərindən bir sitata diqqət yetirək: “Bu sahədə əfsuslar olsun ki, biz ciddi nəticələrə nail ola bilməmişik. Həm istehsalda, həm də idxalda. Bilmirəm bu nə psixologiyadır - burada mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Yaxşı, başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Burada kimsə nəyisə istehsal edirsə, qoymur başqası istehsal etsin. Və ya müxtəlif yollar ilə himayədarları cəlb edirlər bu işlərə. Bu hallara yol vermək olmaz. O cümlədən idxal ilə bağlı inhisarçılığa yol vermək olmaz. Biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq”.