Mətbuat icmalı: "Ziya Məmmədov prezidentin müşavirəsinə çağrılmadı"

Şəklin mənbəyi, Getty
“Yeni Müsavat”: Ziya Məmmədov prezidentin keçirdiyi müşavirəyə çağrılmayıb
“Nəqliyyat naziri Ziya Məmmədov bu gün prezident İlham Əliyevin keçirdiyi müşavirəyə çağırılmayıb. Nazirlər Kabinetinin iclasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və baş nazir Artur Rəsizadə də daxil olmaqla bütün nazirlər, baş nazirin müavinləri, komitə sədrləri iştirak edib.
Z.Məmmədovun geniş tərkibdə keçirilən müşavirədə iştirak etməməsi qeyri-rəsmi olaraq məzuniyyətdə olması ilə izah edilə bilər.
Amma büdcə müzakirələri ilə bağlı vacib müşavirədə yalnız Z.Məmmədovun iştirak etməməsi nazirlə bağlı müəmmaları daha da artırır, onun hökumətdən uzaqlaşdırıldığı barədə məlumatları inandırıcı edir.
Qeyd edək ki, bu gün “Turan” agentliyi nazirin işdən çıxarılması barədə sərəncamın imzalandığını xəbər vermişdi”.
“Azadlıq”: Ziya Məmmədovun qohumları işdən çıxarılır
“Nazirin qayınları işdən çıxarıldı; qardaşı oğlu «Bandotdel»ə aparıldı; Oğlunun da istintaqa cəlb olunduğu bildirilir.
... Yeri gəlmişkən, Z.Məmmədov Nazirlər Kabinetinin oktyabrın 12-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən iclasına da çağırılmayıb. Hətta onun artıq tutduğu vəzifədən azad edildiyi, sadəcə bunun elan olunmasının yubandığı haqda xəbərlər də yayılıb.”
Bundan başqa bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Ziya Məmmədovun qurumdakı qohumlarını işdən çıxarır “.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.
Nərimanov rayon məhkəməsindən bildirilib ki, “Bandotdel” tərəfindən saxlanılan və sanskiya ilə məhkəməyə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.
Aynar Məmmədovun atası Elton Məmmədov isə yayılan məlumatları təkzib edib. “”Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”, – deyə o, “Turan”a açıqlamasında bildirib.
“Azadlıq”: Ölkə başçısı dövlət vəsaitlərinin qənaətlə xərclənməsini tapşırıb
“Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dünən keçirilən iclasda İlham Əliyev çıxışının əvvəlində yüksək inkişafdan danışsa da, sonrakı fikirlərində ölkədəki maliyyə böhranından ciddi narahat olduğu aydın olub.”
Prezident növbəti dəfə “ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini” qeyd edərək bildirib ki, “prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır.”
Ölkə başçısı həmçinin deyib ki, “Azərbaycanda dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.”
“Azadlıq”: Leyla Yunusun apelyasiya şikayətinə baxılır
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayətinə hakim Vüqar Məmmədovun sədrliyilə baxılır.
Leyla Yunus Bakı Apellyasiya Məhkəməsində zala gətirilərək şüşə kabinəyə salınana qədər proses iştirakçılarına məlumat verib ki, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında onun telefon danışıqlarına görə görüşlərinə oktyabrın 7-dən qadağa qoyulub.
“Əl ağacı vasitəsilə çətinliklə gəzən hüquq müdafiəçisi bildirib ki, ona qarşı bu qadağa Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Səhiyyə Nazirliyinin əməkdaşı Murad Məmmədovun göstərişilə həyata keçirilir.
...Arif Yunus bildirib ki, vəziyyəti yaxşı deyil, bu səbəbdən heç məhkəmədə baş verənləri dərk eləmir: “Özümü çox pis hiss edirəm, nə danışdığınızı bilmirəm”.
…Hakim Vüqar Məmmədov elan edib ki, Leyla Yunusun apellyasiya şikayətilə tanış olub, fikrini bildirməsi üçün ilkin baxış iclası 15 oktyabr saat 15.00-a qədər təxirə salınır.
“Azadlıq”: Bir neçə ay sonra həbslərin daha kütləvi hal alacağı gözlənilir
“Vergilər Nazirliyi vergi borclarının ödənilməsinə məsuliyyətsiz yanaşan, vergi orqanlarının dəfələrlə müraciətinə baxmayaraq vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyiciləri barədə daha sərt inzibati tədbirlər görməyə başlayıb. Nazirlikdən fins.az-a verilən məlumata görə, son günlərdə borclu vergi ödəyicilərinə qarşı görülən belə tədbirlərdən biri də bəzi vergi ödəyicilərinin inzibati qaydada həbs olunmasıdır.
...İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasınavə onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaq.
Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.”
Qəzet yazır ki, vergi məsələsinə görə həbslərin baş verəcəyi gözlənilən idi. “Çünki maliyyə böhranının hökm sürdüyü bir vaxtda büdcəni doldurmaq üçün Vergilər Nazirliyinin üzərinə böyük yük qoyulub. ...Qurum da öhdəliyi yerinə yetirmək ən müxtəlif üsullardan istifadə edir. Bir neçə aydan sonra vergi həbslərin daha kütləvi hal alacağını söyləmək olar.”
Sahibkarların da Vergilər Nazirliyinə qarşı müəyyən addımlar atdığı bildirilir.
“...Bir neçə aydır iş adamları ilə Vergilər Nazirliyi arasında olan məhkəmə çəkişmələri bütün işləri kölgədə qoyub. İş adamlarının şikayəti daha çox əsassız cərimələrlə bağlıdır.
Ekspertlər bildirir ki, proses bu cür davam edəcəyi təqdirdə vergi yığımında əhəmiyyətli azalma baş verəcək. “Obyektlər fəaliyyətini dayandıracaq və beləliklə vergi yığımına böyük zərbə dəyəcək”, – deyə ekspertlər vurğulayır.
Onlar həmçinin deyir ki, bu proses ölkədən pul axınını da şərtləndirəcək. Sahibkarlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayacaqlar. Nəhayət, bu proses sahibkar üsyanına səbəb ola bilər.”
“Azərbaycan”: İlham Əliyevdən Aleksandr Lukaşenkoya təbrik məktubu
Məktubda deyilir:
“Hörmətli Aleksandr Qriqoryeviç!
Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.
…Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.”




