Mətbuat icmalı: Ankara partlayışlarına görə axtarışda olanlardan "biri azərbaycanlı qadındır?"

Şəklin mənbəyi, Getty

“Azadlıq”: Avropa Şurasında Azərbaycandakı repressiyalar müzakirə olunub

“İfadə azadlığının pozulması ilə bağlı Avropa Şurasının səsi daha möhkəm çıxmalıdır və bu fundamental azadlığın müdafiəsi üçün qlobal səviyyədə birləşmək lazımdır. Oktyabrın 13-də Strasburqda açılmış “Söz azadlığı demokratiyanın şərti olaraq qalırmı?” adlı iki günlük konfransda səslənən əsas fikir bundan ibarətdir. İfadə azalığı sahəsində vəziyyətin xüsusi narahatlıq doğurduğu ölkələr arasında Azərbaycanın da adı çəkilib.

Konfransda ifadə azadlığı problemlərini həll edən üç yüzə yaxın hakim, dövlət məmuru, jurnalist və vətəndaş cəmiyyəti fəalları iştirak edir.

…AŞ baş katibi Torbyorn Yaqland ifadə azadlığının müdafiəsi üçün demokratik ictimaiyyətin güclü şəkildə birləşməsi zərurətini qeyd edib. Bu zaman o, İnternetdə ifadə azadlığının məhdudlaşdırılması təmayülü olduğunu vurğulayıb. Yaqland qeyd edib ki, ifadə azadlığı və qanunun aliliyi on-line mühitdə də təmin edilməlidir.

Hüquq və jurnalistika sahəsində məşhur ekspert Coşu Rozenberq qeyd edib ki, bəzi ölkələrdə jurnalistlər öz "hökumətlərindən terroristlərdən daha çox" qorxurlar.

Son iki ildə Avropada 15 jurnalist qətlə yetirilib. Bəzi ölkələrdə jurnalistlər əsassız cinayət təqibləri və fiziki hücumlarla qarşılaşırlar. Çox vaxt jurnalistlərə qarşı cinayətlər cəzasız qalır. Ölkədə ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılırsa, onu demokratik ölkə hesab etmək olmaz.

Onun fikrincə, ifadə azadlığının pozulduğu və jurnalistlərin təqibə məruz qaldığı hallarda Avropa Şurasının səsi daha yüksək çıxmalıdır.

…ATƏT-in KİV azadlığı üzrə sədri Dunya Miyatoviç xatırladıb ki, dövlətlər könüllü olaraq demokratik azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət üzrə öhdəliklər götürürlər.

Onun fikrincə, AŞ və ATƏT institutları pozuntular haqqında birbaşa danışmalıdır.” O həmçiin deyib ki, jurnalistlər peşə fəaliyyətinə görə uydurma ittihamlarla həbs edildiyi zaman susmaq yolverilməzdir.

Miyatoviç nümunə olaraq Azərbaycanın adını çəkib. O bildirib ki, “AŞ və ATƏT-in Azərbaycandan olan əsas tərəfdaşları bu konfransda iştirak etmir, cünki onlar həbsdədirlər.”

Davam etməkdə olan konfransın iştirakçıları “Avropanın ifadə azadlığının kriminallaşdırılmasına nə dərəcədə yaxınlaşa biləcəyi ilə bağlı məsələləri müzakirə edirlər. Onlar internetdə söz azadlığına riayət etməklə, terrorizmə qarşı necə mübarizə aparılması və söz azadlığı üçün kütləvi müşahidələrin hansı nəticələrinin ola biləcəyi məsələlərini müzakirə edəcəklər.

Konfrans iştirakçıları jurnalistikanın müdafiəsinə və jurnalistlərin təhlükəsizliyinin artırılmasına yönəlmiş onlayn-platformanın fəaliyyətinin nəticələrinə baxacaqlar. Bu yaxınlarda Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüs jurnalistlərə qarşı təhlükələr haqqında siqnalların vaxtında yayılmasına kömək edir və səmərəli qabaqlayıcı tədbirlər görülməsinə imkan verir.

Tədbir iştirakçılarından olan Hani Yansen qeyd edib ki, Xədicə İsmayılın həbsinin başlıca səbəbi hakimiyyətin korrupsiya iddialarının aşkara çıxarmasıdır. Yansen çıxışında ölkənin aparıcı qəzeti olan “Azadlıq”ın problemlərindən də danışıb. O, bildirib ki, məhkəmə cərimələri və digər üsullarla qəzet ağır maliyyə böhranına salınıb və faktiki olaraq bağlanmaq təhlükəsilə üz-üzədir.”

“Azadlıq”: Şəmkirdə dindarların etirazı

Şəmkirin Zəyəm qəsəbəsində məscidin günbəzinin sökülməsinə etiraz edən dindarlar Zəyəm kəndinə axın ediblər. Bu barədə məlumatın Facebookda “Gənc lider Tale Bağırzadə” adlı səhifədə yerləşdirildiyi bildirilir.

Bundan başqa bildirilir ki, əraziyə Şəmkir polis rəisi və polis əməkdaşları gəlib.

AzadXeber.az saytı isə məlumat verib ki, hətta Bakıdan da bir qrup dindar məscidin sökülməsiylə əlaqədar Şəmkirə gedib. Digər bölgələrdən də Şəmkirə gələnlərin olduğu deyilir.

“Bakıdan Şəmkirə gedən dindarlardan ikisinin – Elşən Haşımov və məddah Kamran Fəratın polis şöbəsinə aparıldığı bildirilib. Məlumata görə, onlar bölməyə polislə danışıq üçün aparılıb. Lakin polis şöbəsindən heç kimin şöbəyə gətirilmədiyi bildirilib.

Inanclıların etirazı nəticə verib. Məscidin söküntüsü dayandırılıb. Inanclılar adından rəsmilərlə görüşən nümayəndələrə bildirilib ki, məscidin sökülən günbəzi bərpa ediləcək və 10 gün ərzində sənəd məsələləri öz həllini tapacaq. Bundan əlavə məscidin tikintisinə lazım olan köməkliyin ediləcəyi vəd olunub.”

Yazı etiraz zamanı çəkilmiş fotolarla müşayiət olunur.

“Azadlıq”: Gültəkin Hacıbəyli: “Bu seçki imitasiyasında iştirak onu legitimləşdirməkdən başqa nəyə xidmət edə bilər?!”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin qarşıdan gələn parlament seçkilərilə bağlı Facebook səhifəsində paylaşdığı yazıda deyilir: “Milli Şuranın sədri, professor Cəmil Həsənli 1 noyabrda deputat təyin ediləcək şəxslərin siyahısını yayıb. Tam məsuliyyətlə deyirəm ki, siyahı realdır və bundan sonra Prezident Administrasiyası var gücü ilə çalışaraq artıq təsdiqlənmiş siyahıya müəyyən dəyişiklik etmək istəsə də, bu dəyişiklik heç 10-15 dairəni əhatə etməyəcək”.

Onun sözlərinə görə, “Milli Şura sədrinin hazırladığı siyahı o dərəcədə realdır ki, hakimiyyət təmsilçilərindən kimsə onu ciddi şəkildə mübahisələndirməyə girişmədi. Bir-iki nəfər “dejurnıy” və dişsiz şərh verdi, qalanları abırlarına qısılıb susdu.

…Xalq, məncə, mövcud vəziyyəti heç də bizdən pis bilmir və ehtiyac yaranarsa, hələ bizim gözümüzü də aça bilər. Bir-neçə gün öncə Facebook sosial şəbəkəsində 1 noyabr parlament seçkiləri ilə bağlı status paylaşmışdım. Məqsədim vətəndaşlarımızın seçkilərə münasibətini öyrənmək idi. Statusa yazılan 300-dən çox şərhin demək olar ki, hamısında seçkilərə birmənalı mənfi münasibət, inamsızlıq, güvənsizlik ifadə edilirdi. Bir nəfər izləyicim belə seçkilərin ədalətli və demokratik keçəcəyinə inandığını yazmadı.”

Daha sonra Gültəkin Hacıyevahəmin şərhlərdən bəzilərini oxuciların diqqətinə çatdırır:

“Hansı seçkidən danışırsınız? Yaxşı olar ki, prezident fərman versin, birdəfəlik deputatlari təsdiqləsin. Daha bu boyda həngamə nəyə lazımdır?”

“Azadlıq”: İlham Əliyev idarəçilikdə mövcud olan "qüsurlardan bəzilərini etiraf edib"

İlham Әliyev bazar ertəsi Nazirlər Kabinetinin doqquz ayının yekunlarına həsr olunan iclasında sahibkarlığın boğulmasından, korrupsiya və rüşvətxorluqdan, inhisarçılıqdan danışıb.

“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır.”, – deyə o, bildirib.

İlham Əliyev bildirib ki, sahibkarlar tez-tez yerli icra orqanlarının səbəbsiz yoxlamaları ilə rastlaşırlar. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır.

“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.”, – deyə ölkə başçısı bildirib.

İlham Әliyev son vaxtlar xeyli iş yerlərinin bağlandığını da etiraf edib. Bildirib ki, bunun səbəbləri araşdırılıb, təhlil edilməlidir: “30 minə yaxın iş yeri bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır.”

İlham Əliyev deyib ki, məmurlar qanunsuz varlanmaq üçün lisenziyaların sayını süni yolarla artırıb. Bildirib ki, hökumət hansı lisenziyaların verilməli olduğu ilə bağlı təkliflər hazırlasın.

“Xalq qəzeti”: İranın Azərbaycandakı səfiri: “2016-cı ilin sonuna kimi Azәrbaycan vә İran dәmir yolu xәtlәri birlәşәcәk.”

İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin 9-10 oktyabr tarixlәrindә Astara-Astara görüşünün nәticәlәri barәdә danışarkәn deyib ki, “bu mәqsәdlә Azәrbaycan tәrәfindә 7 kilometr vә İran tәrәfindә 2 kilometr dәmir yolu xәtti çәkilmәlidir: “Azәrbaycan artıq 10 gün әrzində bu prosesә başlayacağını bildirib. Hәmçinin Astara çayının üzәrindә körpü tikilmәlidir. Bu körpünün tikilmәsi barәdә dә artıq razılıq әldә olunub. Hәr iki ölkә Asiya vә Avropaya açılan bir qapıdır vә ikisi dә tranzit vә yükdaşıma mәrkәzinә çevrilmәk niyyәtindәdir. Hәmçinin 4 milyon ton potensiala malik gömrük terminalı inşa olunacaq".

Sәfir Rәşt-Astara dәmiryol xәttinin tikintisinә dә toxunaraq onunla bağlı işlәrin hәlә başlamadığını deyib: “Hazırda Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisinә maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Bu dәmiryol xәttinin uzunluğu 170 kilometr olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmir yolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq””.

“Xalq qəzeti”: Məsuliyyətsiz vergi ödəyicilərinin həbsinə başlanılıb

“Vergilər Nazirliyi vergi borclarının ödənilməsinə məsuliyyətsiz yanaşan, vergi orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyiciləri barədə daha sərt inzibati tədbirlər görür. Son günlərdə borclu vergi ödəyicilərinə qarşı görülən belə tədbirlərdən biri də bəzi vergi ödəyicilərinin inzibati qaydada həbs olunmalarıdır.

…Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaqdır.

Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.”

“Yeni Müsavat”: Ankaradakı partlayışlara görə axtarışda olanlardan "biri azərbaycanlı qadındır?"

“Diyarbakır, Suruç və son olaraq Ankarada meydana gələn bombalı hücumlardan sonra gözlər İŞİD-ə çevrilmişdi. Terror təşkilatının ölkə daxilində canlı bomba aksiyası həyata keçirdiyi 21 üzvünün kimliyi müəyyənləşib.

Türkiyə mətbuatının xəbərinə görə, 6-sı qadın olan İŞİD-çilərin dosyesi də araşdırılıb. Məlum olub ki, bu şəxslərdən 18-i Adıyamanlı, 3-ü isə bu şəxslərlə evlənən əcnəbi qadınlardır. Hazırda bu 21 nəfərin axtarıb tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib", - “Yeni Müsavat” yazır.

"Üzərində sözügedən şəxslərin fotoları və adları yazılan plakatlar da hazırdır. 21 nəfərin içərisində Ülkər Məmmədova adlı bir azərbaycanlı qadının da adı yer alır. Güman edilir ki, bu şəxs İŞİD-çilərdən biri ilə evlənib. Adıyamanda 2013-cü ildə bir çay evində toplaşan və keçən ilin ikinci yarısından etibarən bir-birinin ardınca sərhədi keçərək, Suriyaya gedən şəxslər İŞİD sıralarına qatılıb. Ailələrinin müraciətinə əsasən polis axtarış tədbirləri keçirib və sərhədi keçən şəxslərin İŞİD-ə qoşulduğunu təsbit edib. Son nəticədə isə onlar “terror xarakterli itkin düşmüş şəxslər” kimi axtarışa verilib…”

Hüquq mühafizə orqanlarının araşdırması nəticəsində İŞİD-in tərkibindəki “Dokumacılar Qrupu” adlanan qrupun 21 üzvünün adları müəyyənləşib və onlardan 19-nun fotosu əldə edilib. “21 nəfərlik siyahıda yer alan bəzi şəxslər ötən aylar ərzində Türkiyə ərazisinə keçiblər. Bu şəxslərin “yatan hücrə” adlandırılan evlərdə qaldığı və hücum üçün İŞİD-dən gələn əmrləri gözlədikləri də əldə edilən məlumatlar sırasındadır.”

“Yeni Müsavat”: Azərbaycan XİN Meydan TV və Azadlıq Radiosunun ölkədəki fəaliyyətini qanunsuz elan edib

“…Azərbaycan Xarici İşlər Nazirliyi AzadlıqRadiosu və “Meydan TV”nin ölkədəki fəaliyyətini qanunsuz elan edən açıqlama verib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “BBC Azərbaycan” xidmətinə gəldikdə isə o, deyib ki, “bu qurum və onların əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçir”.

Məsələ barədə danışan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz növbəsində qeyd edib ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV”, “Azadlıq. org” internet saytları və bir sıra digər xarici media orqanları, onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, indiyədək müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.”