Mətbuat icmalı: MTN rəhbərinin işdən çıxarılması müzakirə olunur

Şəklin mənbəyi, Getty

"Azadlıq": Eldar Mahmudovun uzaqaşdırılması ətrafında versiyalar

Oktyabrın 17-də prezident İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi haqda sərəncam verib.

“Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev maliyyə fırıldaqlarına yol verdiyi iddiası ilə işdən çıxarılandan sonra Eldar Mahmudovun da kürsüsünün laxlayacağı ehtimal olunan hadisələrdən idi. Belə ki, o, C.Hacıyevlə qudadır və bank prezidentini vəzifəsindən aparan səbəbin onun qudasına qədər uzana biləcəyi də Azərbaycan reallığında proqnozlaşdırılan idi.”

Qəzet bu qərarın səbəbi haqda mətbuatda dolaşan versiyalar barədə lyazır.

“Versiyalardan biri bundan ibarətdir ki, E.Mahmudov Beynəlxalq Bank işinin qurbanlarından biridir. Yəni qudası C.Hacıyevlə birlikdə onun da Beynəlxalq Bankdakı maliyyə fırıldaqlarında iştirakçılığı haqda “yuxarılarda” qənaət qətiləşib, buna görə də onu vəzifəsindən uzaqlaşdırıblar. Bu xüsusda yayılan xəbərlərdən birində C.Hacıyevin artıq həbs olunduğu deyilir.” “Qaynar.info” saytı xəbər yayıb ki, “qudası E.Mahmudovun işdən çıxarıldığı bəlli olan kimi DIN-in Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə Idarəsi (“Bandotdel”) C.Hacıyevin həbsi üçün əməliyat keçirib və keçmiş bank prezidentini saxlayıb.”

Deputat Zahid Orucun mətbuata verdiyi açıqlamanın da keçmiş Eldar Mahmudovun Beynəlxalq Bank işinə görə “vurulduğu” versiyasını gücləndirdiyi bildirilir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan Zahid Oruc deyib: “Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.”

“Qeyri-rəsmi məlumata görə, manatın dollar qarşısında 33.5% devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib. Bu isə dövlətin həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhlükədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu. Adətən belə məsələlərlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur.

…Başqa bir qeyri-rəsmi məlumata görə isə MTN rəhbərliyi imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmiş. Buna görə də nazir Mahmudov vəzifəsindən çıxarılan saatlarda onun komandasına qarşı da irimiqyaslı həbs əməliyyatı keçirilib.

“Strateq.az” saytı xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili Işlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan Ilqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşı həbs edib. Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir.”

Rəsmən təsdiq edilməmiş olsa da keçmiş nazirin özünün belə “vəzifə səlahiyyətlərini aşdığı üçün” saxlanıldığı barədə məlumatlar var.

““Qafqazinfo.az” saytı isə xəbər verir ki, ölkə başçısı I.Əliyev E.Mahmudovun sərəncamını verməzdən əvvəl onu qəbul edib və “yarıtmaz fəaliyyəti” barədə faktlarını ona sadalayıb. Daha sonra isə onunla yollarının ayrıldığını bildirib.

Saytın iddiasına görə, MTN-də əməliyyat da məhz E.Mahmudov ölkə başçısının qəbulunda olarkən başlanıb.

"Azadlıq": "The Guardian" MTN rəhbərinin işdən çıxarılması barədə yazıb

“Britaniyanın …“The Guardian” qəzeti millit təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından yazıb. Qəzet prezidentin sərəncamına müxalif liderlərdən də münasibət öyrənib. Məqalədə deyilir:

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həftənin şənbə günü ən qüdrətli nazirlərdən biri hesab olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovu gözlənilmədən vəzifəsindən azad edib. Sərt avtoritar rejimin mövcud olduğu Azərbaycanda bu tipli qərarlar daima cəmiyyət üçün gözlənilməz olur. Müxalif siyasətçilər də belə sürpriz qərarların siyasi sistemin şəffaf olmamasını sübut etdiyini bildirirlər. İlham Əliyevin imzaladığı sərancamda heç bir izahat verilmədən nazir Eldar Mahmudovun vəzifədən azad olunduğu bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş vermiş hadisə ilə bağlı əməkdaşımızın sualına cavab olaraq bildirib:

“Azərbaycanda avtoritar rejim mövcud olduğundan dövlət başçısı qəbul etdiyi qərarlarla bağlı cəmiyyətə izahat verməyi özünə borc bilmir”.

Azərbaycanın müxalif siyasətçilərindən olan İsa Qəmbər isə hadisəyə belə münasibət bildirib:

“Eldar Mahmudovun heç bir izahat verilmədən vəzifəsindən azad edilməsi, siyasi idarəçilikdə şəffaflığın olmamasını bir daha sübut etdi”.”

"Azərbaycan": İlin sonunadək 200-ə yaxın beynəlxalq standart tərtib ediləcək

“…Bakıda “Standartlaşdırma və Sertifikatlaşdırmanın iqtisadiyyatın inkişafında rolu: Yeni tendensiyalar” mövzusunda tədbir keçirib.

Tədbirdə bildirilib ki, …təkcə bu il 23 yeni standart dövlət qeydiyyatına alınıb. “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları”, “Alkoqolsuz tonuslandırıcı içkilər”, “Profillənmiş fibrosement lövhələr və fitinqlər”. “Məhsulun spesifikasiyası və sınaq metodları”, “Məişət xidmətləri. Kimyəvi Təmizləmə”, “Güc transfarmatorları” onların bir qismidir. İlin sonunadək müxtəlif sahələri əhatə edən 200-ə yaxın beynəlxalq standart tərtib olunacaq.”

“Yeni Müsavat”: Arif Məmmədov: "Səfirlikdəki MTN-çilərin bəziləri ölkəsinə dönməyəcək və siyasi mühacir statusu almaq üçün müraciət edəcəklər"

Sabiq səfir Arif Məmmədov özünün Facebook səhifəsində yaydığı açıqlamasında “Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb.”

Qəzet nazirin açıqlamasının əsas hissəsini dərc edib. Açıqlamada deyilir:

“Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb - bu işdə ona başqa bir qohumu - “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib;

- Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsi ilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər;

- Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş. Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş.

Səfirin iddiasına görə, 2011-2012-ci illərdə ölkənin siyasi rəhbərliyi - Prezident Administrasiyası onun - Arif Məmmədovun həbs olunmasını istəyən zaman Eldar Mahmudov buna imkan verməyib: “Buna görə ona minnətdaram”.”

Arif Məmmədov iddia edir ki, belə bir fiqurunu itirmək heç şübhəsiz ki, İsrail xüsusi xidmət orqanlarını narahat edəcək və “onlar buna görə çox sərt cavab verəcəklər”.

…Səfir hesab edir ki, E. Mahmudovun vurulması onun klanını çökdürəcək və Administrasiyanın bu qrupu “hoppadan udmasına” gətirib çıxaracaq: “Bu da mövcud hakimiyyətin daha ciddi kollapsına səbəb olacaq”.”

Səfir bundan başqa yazır ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğuna görə “bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək.”

Sonda Arif Məmmədov diplomatlar arasında siyasi sığınacaq istəyərək geri qayıtmayanların olacağını iddia edib:“Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.

“Yeni Müsavat”: Putin keçmiş SSRİ respublikalarını İŞİD təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb

Putin deyib ki, “hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onları geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.

Lenta.ru saytı bu mövzudan çıxış edərək “İslam Dövləti” sıralarında döyüşənlərin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana qarşı nə dərəcədə təhdid olduğuna dair məqalə ilə çıxış edib.

Məqalədə deyilir ki, “Rusiyanın kosmik-hava qüvvələrinin Suriyada həyata keçirməkdə olduğu əməliyyat nəticəsində ekstremistlər bu ölkə ərazisində öz fəaliyyətlərinə düzəlişlər edirlər və onların bir hissəsi regionu tərk etməyə başlayıb.

Onların Suriyanı tərk edərək hara üz tutduqları barədə hələ qəti marşrutlar yoxdur, lakin mümkün marşrutlar arasında Orta Asiya ilə yanaşı Cənubi Qafqaz respublikaları da var.

Məqalədə qeyd olunur ki, Gürcüstanın Pankisi dərəsi çeçen müharibəsi zamanı ekstremistlərin sığınacağına çevrilib, qonşu Azərbaycanda isə dini ekstremistlərin sayı sürətlə artır.

“Regiona Suriyada döyüş təcrübəsi qazanmış yeni ekstremistlərin gəlişi sabitliyi içəridən sarsıda və Rusiyaya problemlər yarada bilər”-deyə Rusiya internet nəşri yazır.”

Yazıda daha sonra İŞİD sıralarına qoşulmuş, əslən Cənubu Qafqaz ölkələrindən olan ayrı-ayrı şəxslərdən söhbət açılır. Onların arasında Gürcüstan sakini Tarxan Batiraşvili - Əbu Ömər əş-Şişani də var. Bildirilir ki, Əş-Şişani çox məşhurdur. “Batiraşvili 2008-ci ildə Gürcüstan ordusunun tərkibində Rusiyaya qarşı döyüşüb, daha sonra radikal İslama meyl edib”. Hazırda İŞİD-in hərbi-siyasi iyerarxiyasında ən önəmli şəxslərdən olduğu deyilir.

“Gürcüstan hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu ölkədən 300-ə yaxın radikal islamçı İŞİD sıralarına qatılıb. Onların əksəriyyəti Pankisi dərəsindən olan çeçenlərdir. Habelə azərbaycanlılar yaşayan Kvemo-Kartli regionunda da İŞİD-ə qoşulanlar var.”

Yazıda deyilir ki, Suriyaya getmiş Azərbaycan vətəndaşlarının sayı bundan da çoxdur. “Müxtəlif məlumatlara görə, onların sayı 400-dən 1000-ə qədərdir. Hətta Suriyada əlahiddə “Azərbaycan batalyonu” da var.

Azərbaycanlı İŞİD-çilər arasında ən çox tanınanı Xəttab əl-Azəridir. O, internetdə Azərbaycan hakimiyyətinin ünvanına təhdidlərlə çıxış edib.

Məqalədə deyilir ki, fəal islamçıların çoxunun döyüşmək üçün İraqa və Suriyaya getməsinə baxmayaraq Gürcüstanda və Azərbaycanda sakitliyin yarandığını demək olmaz. Əksinə, hər iki ölkədə dini ekstremizmlə bağlı vəziyyət pisləşməkdə davam edir, islamçı qruplar genişlənir və göz önündə möhkəmlənir.

“Böyük ölçüdə bu, müsəlman Azərbaycanına aiddir. Lakin Gürcüstanda da tamamilə ciddi gərginlik ocaqları var”- deyə məqalədə bildirilir.

Gürcüstanın Pankisi dərəsi Cənubi Qafqazda İŞİD-in əsas canlı qüvvə mənbəyidir. Azərbaycanda isə vəziyyət Gürcüstana nisbətən daha təhlükəlidir.

“Ayrı-ayrı gərginlik mənbələrinə malik Gürcüstandan fərqli olaraq Azərbaycanda dini ekstremizm baxımından daha münbit şərait var, bu da bütün ölkəni əhatə edən irimiqyaslı problemlərə gətirib çıxara bilər”- deyə Rusiya internet nəşri yazır.

Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda ən narahat regionlar Dağıstanla sərhəd şimal rayonlarıdır. Bu regionlarda sələfilər və vəhhabilər hələ ötən ilin 90-cı illərinin ortalarından Türkiyədən və Rusiyadan olan emissarların təsiri ilə artmağa başlayıb.

Lakin son illərdə Bakıda və Sumqayıtda da vəhhabilərin sayı sürətlə artır. Cümə namazlarına bütün qadağalara baxmayaraq minlərlə vəhhabi toplaşır. Özü də vəhhabiliyə meyl edənlər təkcə sünnilər deyil, həm də şiə ailələrindən çıxanlardır”…