Mətbuat icmalı: Manat üzsə batacaqmı?

Şəklin mənbəyi, Getty
“Xalq qəzeti”: Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir ki, Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.
“Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadratkilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur”, deyə bəyanatda bildirilir.
Administrasiyadan həmçinin bildiriblər ki, hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında Qatar Airways, Turkish Airlines, Lufthansa, Air France, British Airways, Singapore Airlines və digər dünya şirkətlərinin hava gəmiləri var.
Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.
“Yeni Müsavat”: Manat üzəcəkmi?
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib: “Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb”.
“…Ekspertlər isə bu fikirləri növbəti devalvasiyanın anonsu kimi dəyərləndirirlər.”
Əkrəm Həsənov deyib ki, üzən məzənnə yanaşması yaxşı olardı: “Amma iqtisadiyyatın artımı, valyuta axınının artımı halında. İndi isə neftin hasilatı, həcmi və qiyməti düşdüyü vəziyyətdə üzən məzənnə manatın devalvasiyası deməkdir. Bir neçə il əvvəl AMB üzən məzənnəyə keçsəydi, başqa cür olardı. Manat həqiqətən bazardan asılı olardı, qalxıb-düşərdi, hamı da buna alışardı. İndi isə üzsə, batacaq! Müqayisə üçün Rusiyanı götürək. Orada rubl bizə nisbətən həmişə üzüb. Amma tam üzməyə buraxan kimi dəyəri iki dəfə azaldı. Bizdə bundan betəri ola bilər. Sadəcə, AMB belə mesajlar verir ki, sabah devalvasiya olanda desin ki, biz siqnal vermişdik əhaliyə”.
Qubad İbadoğlu isə bildirib ki, Elman Rüstəmovun parlamentdə çıxışı zamanı səsləndirdiyi faktlar Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini göstərir: “…AMB sədrinin bu çıxışını çevik məzənnə siyasətinə keçid mesaji kimi də dəyərləndirmək olar. Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı.
Devalvasiyadan sonrakı dövrdə nə makroiqtisadi səviyyədə ixrac potensialının genişlənməsi, rəqabət qabiliyyətliliyinin artırılması, nə də pul-kredit göstəricilərində müsbət dəyişikliklər müşahidə olunmadı. …Hesab edirəm ki, AMB manatın sabitləşməsinə təmin edəcək çoxlu variantlar üzrə seçim qarşısında deyil. Burda məzənnənin tənzimlənməsinin 2 yolu qalıb. Onlardan biri valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə AMB-nin malik olduğu 7 milyard dolları da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazaq iştirakçılarının ixtiyarına vermək.
Natiq Cəfərli də devalvasiya təhlükəsinin gözlənilən olduğunu bildirib. O, həmçinin bu halda manatın vəziyyətinin yaxşı olmayacağını da vurğulayıb: “Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatın ”üzən məzənnəyə" keçə biləcəyinin anonsunu verdi. Bəzi nazirlər də buna bənzər açıqlamalar vermişdilər. Cənablar, nə özünüzü, nə də bizi aldatmayın, ölkədə manatın “üzməsi” üçün “su hövzəsi” yoxdur. Yəni ölkədə qiymətli kağızlar bazarı yox, valyuta birjası yox, ölkəyə valyuta gətirən şirkətlər yox, iqtisadi azadlıqlar yoxdur. Normal iqtisadi model yoxdur, tək bir borudan sallanıb asılı qalan bir modeldə manat necə “üzəcək?” Bu yazıq manata “üzməyi” siz nə vaxt öyrətdiniz ki, indi onu “suya” buraxırsınız? Manat “üzməyi” bacarmır, buna görə də “batacaq”. Açıq deyin ki, məzənnəni saxlaya bilmirik, bir müddət sonra yavaş-yavaş manat ucuzlaşacaq, vəssalam".
“Yeni Müsavat”: Sirac Kərimli həbsxanada əməliyyat olunub
Sirac Kərimli dünən kəskin sancılanmadan sonra saxlandığı təcridxanadan Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına köçürülüb. Bu haqda “Basta”ya vicdan məhbusunun atası, Müsavatın Məclis üzvü Raqif Kərimli məlumat verib.
Qəzet yazır ki, “Sirac Kərimli onun qardaşı Fərəc Kərimli ilə səhv salındığı üçün həbs olunub. Müsavat başqanının müavini Fərəc Kərimlinin həbs olunması tapşırığını alan polis əməkdaşları səhvən Sirac Kərimlini həbs edərək, ona qarşı ittiham irəli sürüblər və məhkəmə bu səhvi gizlətmək üçün onun barəsində də hökm çıxarıb.”
“Yeni Müsavat”: “Taksilərin, yük avtomobillərinin və avtobusların canı nəqliyyat müfəttişlərindən qurtardı”
“Prezidentin 14 oktyabr, 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.
…İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi (DYP) baxacaq.”
Daha sonra Səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq DYP-yə verilən inzibati xətaların siyahısı təqdim edilir.
Hüquqşünas Ərşad Hüseynov qəzetə deyib: ““Bu, o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq…”
“Azadlıq”: Dik Durbin: “Azərbaycan hökuməti mətbuat azadlığının sıxışdırılmasında xüsusilə aqressiv olub…”
“Demokratlar partiyasının vəzifəli senatoru Dik Durbin oktyabrın 8-də ABŞ Senatındakı çıxışında Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığını ifadə edib.
Çıxışına Suriyadakı münaqişə və İranın nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməsi, Ukrayna və Rusiyanın Minsk sazişinə əməl etməsi kimi məsələlərin gündəlikdə əsas yer tutduğunu yada salaraq başlayan senator, bunu vurğulamaq istəyib ki, daha kiçik ölkələrlərə də diqqət yetirilməsi vacibdir.
“Bu mühüm xarici siyasət çətinliklərinə baxmayaraq, bildirməliyiəm ki, biz dünyada insan haqları uğrunda daha kiçik, lakin həm də mühüm mübarizə meydanlarını nəzərdən qaçırmamalıyıq”.
“İcazə verin Avropa və Asiyanın hüdudlarında qərar tutan və çoxlarının, özünün demokratiyalar icması ilə bağlarını möhkəmləndirəcəyinə ümid etdiyi ölkədən – Azərbaycandan başlayım. 2014-cü ildən bəri hökumət ölkədəki ən güclü demokratiya və şəffaflıq səslərini təmsil edən yüzə yaxın siyasi məhbusu həbs edib” – deyib Dik Durbin.
Senator çıxışında bildirib ki, Leyla və Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Anar Məmmədli kimi çox sayda insan haqları müdafiəçisi saxta ittihamlarla məhkum edilib və hazırda həbsxanadadır. Senator məlumat verib ki, bu şəxslər həbs olunanadək ölkənin demokratik təsisatlarının gücləndirilməsi yolunda yorulmadan çalışırdılar.
Durbin habelə ATƏT-in Azərbaycanda parlament seçkilərinin izlənməsi üçün müşahidəçilər göndərməyəcəyini də bildirib və deyib ki, Avropa qurumu öz missiyasını Azərbaycanda onun üzərinə hökumət tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı ləğv edib.
“Azərbaycan hökuməti mətbuat azadlığının sıxışdırılmasında xüsusilə aqressiv olub və 2014-cü ildə ölkənin ən güclü təhqiqat jurnalistlərindən Xədicə İsmayılovanı həbs edib. O, illər ərzində prezident İlham Əliyevin yaxın ailə çevrəsi ilə dövlət hava şirkəti, ölkənin ən böyük telekommunikasiya provayderinin özəlləşdirilməsi və nəhəng tikinti layihələri də daxil olmaqla, biznes sövdələşmələri arasında əlaqəni faş edib” – deyib senator Durbin.
Senator daha sonra qeyd edib ki, bütün bunlarla əlaqədar jurnalistin evində gizli kameralar yerləşdirilib, onun intim görüntüləri şantaj məqsədilə internetdə yayılıb. Bütün bunlara baxmayaraq, jurnalist öz işini davam etdirib və hökumətin yuxarı eşelonlarındakı korrupsiyanı üzə çıxarıb.
Senator bildirib onun həbsindən iki həftə sonra hökumət jurnalistin iş yeri olan Azadlıq Radiosunun Bakı ofisinə reyd keçirib və onu möhürləyib. Radionun işçilərindən bəziləri aramsız təqiblərə görə hətta ölkəni tərk etməyə məcbur olublar.”
“Azadlıq”: Xədicə İsmayıl: “Həbsdə ikən ilk yazım yayılandan sonra karsa salınmağım, hər dəfə yazılarım yayılandan sonra mənə təzyiqlərin olunması…”
“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Dünən iş üzrə ilkin baxış iclası keçirilib.
“…Vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayıl barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb: “Hazırki şəraitdə, elə istintaqın ilk günündən Xədicə İsmayılın həbsdə saxlanılmasına heç bir hüquqi əsas olmadığı fikrindəyəm. Birinci instansiya məhkəməsi onun həbsdə saxlanılmasını 2 arqumentlə əsaslandırıb: istintaqdan yayınma və istintaqa təzyiq. Xədicə İsmayıl ziyalı adamdır, onun istintaqdan yayınması və ya təzyiq etməsindən söhbət belə gedə bilməz. Istintaq çoxdan başa çatıb. Onun ziyalılığını, qadınlığını nəzərə alaraq, bu vəsatəti təmin etməyinizi istəyirəm”.
Xədicə İsmayıl vəkilinin qaldırdığı vəsatətlə razılaşsa da, bir məqama etirazını bildirib: “Söhbət mənim azadlığımdan, həm də dövlətin daha bir məhbusa xərclədiyi vəsaitə qənaət olunmasından gedir. Indiki məqamda qənaət xüsusi önəm daşıyır. Amma vəkilimlə bir məqamda razılaşmıram. Mənim qadın olduğumu nəzərə almayın. Çünki mən qadın-kişi bərabərliyinə inanan biriyəm. Istintaqdan heç bir halda yayınmamışam, əksinə xaricdə olduğum zaman geri qayıtmışam, heç kimə təzyiq göstərməmişəm. Istəsəydim, bunu edə bilərdim, amma etməmişəm. Çünki özümün haqlı olduğuna inanıram. Həbsdə saxlanmağımın əsas məqsədi yazı yazmamaq, ictimaiyyətlə əlaqədə olmamaq və jurnalist kimi fəaliyyət göstərə bilməməyimdir. Elə həbsdə ikən ilk yazım yayılandan sonra karsa salınmağım, hər dəfə yazılarım yayılandan sonra mənə təzyiqlərin olunması…””
Bu məqamda hakimin masadakı düyməni basmaqla şüşə kabinədəki mikrofonu söndürdüyü və Xədicə İsmayılın orada dedikləri zalda eşidilmədiyi bildirilir. “Jurnalistin sözünü kəsən hakim onun mahiyyət üzrə danışmadığını iddia edib.
Vəkilin təkidi ilə Xədicə İsmayıla fikrini tamamlamaq imkanı yaradılıb: “Bunları ona görə deyirəm ki, həbsdə saxlanmağım istintaqdan yayınma ilə bağlı deyil, siyasi məqsəd daşıyır…”
Daha sonra hakim yenidən mikrofonu söndürüb və jurnalistə fikrini tamamlamağa imkan verilməyib.
“Azadlıq”: Leyla Yunusa həbsxanada müalicə olunmağa imkan verilmir
“Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxış iclası davam etdirilib. Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə keçirilən iclas qısa çəkib.
Məhkəmə iclası başlamamışdan əvvəl zalda müəyyən hadisələr baş verib. Leyla Yunus məhkəmə zalına gətirilərkən prosesi izləyənlərə təcridxanada ona qarşı qeyri-insani rəftar barədə məlumat verib: “Mənim ciyərim parçalanır. Alman həkim avqustun 14-də məni müayinə edib, iki aylıq müalicə kursu yazdı. Həmin müddətdə mən təcridxanadakı ”sançast”da saxlanılmalı idim. Amma cəmi 6 gündən sonra məni oradan çıxartdılar. Bunlar həkim deyil, cəlladdılar…”
Leyla Yunus bir anlıq dayanıb bu fikirləri səsləndirərkən məhkəmə nəzarətçiləri ona mane olmağa çalışıblar. Onsuz da əl ağacı vasitəsilə çətinliklə yeriyən hüquq müdafiəçisini itələyərək, zaldakı şüşə kabinəyə salıblar.”
…Şüşə kabinədəki mikrofon işlək olmadığından Leyla və Arif Yunusların zalda nə deyildiyini eşidə bilmədiyi bildirilir. “Hüquq müdafiəçisi bunu əl işarələrilə zaldakılara izah edib.”




