Mətbuat icmalı: MTN-də həbslər, biznes və media

Şəklin mənbəyi, Getty

“Azadlıq”: Milli Təhlükəsizlik Nazirinin rəhbərliyinə yeni təyinat

Ölkə başçısı İlham Әliyev Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevi milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edib. Eldar Mahmudovun birinci müavini olmuş Hilal Әsədovun evlərində axtarış aparıldığı bildirilir. “Məlumatda deyilir ki, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb. Bundan əvvəl H.Məmmədovun bir neçə başqa yüksək çinli MTN əməkdaşı ilə birlikdə həbs edildiyi, yaxud ev dustağı edildiyi haqda xəbərlər yayılıb. Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.”

“Azadlıq”: MTN-in nəzarətində olan "media qurumlarını nə gözləyir?"

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni təfərrüatlar məlum olub, Azadlıq qəzeti yazır.

İstintaqdan və MTN əməkdaşlarından mətbuata hələlik açıqlanmayan cinayət əməlləri barədə bəzi detallar məlum olub. Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirirlərmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-nin nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq rekertçiliklə məşğuldur, Azadlıq qəzeti yazır.

Məqalədə deyilir ki, həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə guya, bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar.”

Bildirilir ki, təkcə iş adamları, müəssisə rəhbərləri yox, həm də iri ranqlı məmurlara, onların nəzarətindəki şirkətlər hədəf alınıb.

“Azadlıq”: Eldar Mahmudov və lüks xidmətlər təklif edən holdinq barədə

“Azərbaycanda holdinqlərin, şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil. Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən, “Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.

…Şirkət Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklyuziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Bu şirkət bundan başqa lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. …2007-ci ildə şirkət öz ərzaq bazasını yaratmış və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açmışdır. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” – “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşmışdır.” Bundan başqa şirkətin lüks avtomobillərin satışı ilə də məşğul olduğu qeyd olunur.

“Xalq qəzeti”: Heydər Əliyev Mərkəzi mavi rənglə işıqlandırılacaq

“Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rənglə işıqlandırılacaq.

BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyindən bildiriblər ki, Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə idarə heyətinin əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzi təşkilatın mavi rəngində işıqlandırılacaq. Avstraliyanın Sidney Opera Evindən başlayaraq, Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki “Empire State Building”ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılacaq. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və digər məşhur abidələr var.

...Bu qlobal aksiya Yeni Zelandiyadan başlayacaq, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək. Nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca, BMT-nin mavi rəng dalğası ölkələrə və qitələrə səyahət edəcək.”

“Xalq qəzeti”: Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib

“Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.”

“Yeni Müsavat”: MTN-də struktur dəyişiklikləri baş verib

“Oktyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik olunub. Dəyişikliyə əsasən milli təhlükəsizlik nazirinin 1-ci müavini ştat vahidi yaradılıb. ...Prezidentin imzaladığı digər sərəncama əsasən yeni yaradılmış posta Penitensiar Xidmətin rəisi Mədət Quliyev təyin olunub. M.Quliyevə milli təhlükəsizlik naziri vəzifəsinin icrası da tapşırılıb. Hələlik nazir postu boşdur və yaxın günlərdə bu posta təyinat olacağı da gözlənilir. Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən xüsusi əməliyyat haqda Baş Prokurorluq rəsmi məlumat yayıb. …Rəsmi məlumatda “MTN işi” üzrə həbs olunan vəzifəli şəxslərin adları açıqlanmır. Tutulan şəxslər barəsində ilkin olaraq 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədən Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına aparılan sabiq MTN-çilər sonradan 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüblər. …Səfir Arif Məmmədov …bildirmişdi ki, xarici ölkələrdə yerləşən səfirliklərdə çalışan MTN əməkdaşlarının bir qismi vətənə dönməyəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məsələ ilə bağlı apa.az-ya verdiyi açılamada deyib: “Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”. “Bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar.