Mətbuat icmalı: MTN-də həbslər, məxfi məlumatlar və hökumət qrantları

Şəklin mənbəyi, Getty
“Azərbaycan”: Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsi ilə bağlı yeni fərman
Prezident İlham Əliyev “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Sənəddə deyilir:
“1. “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
...3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.”
“Yeni Müsavat”: MTN: "Yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir"
Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr idarəsindən bildirilib ki, “Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2-ci, 309.1-ci və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar: "Lakin son vaxtlar bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir.”
“Azadlıq”: MTN-də həbslər və məxfi məlumatlar
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və onun sabiq rəhbəri ətrafında baş verənlərlə bağlı ictimaiyyətdə və mətbuatda müxtəlif mülahizələr irəli sürülür.
Ötən gün “Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən qaydanın adı dəyişdirilib və “Vəzifəli şəxslərin və ya vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası” adlandırılıb.
…Faktiki olaraq MTN-nin dövlət sirri hesab edilən məlumatlara sərbəst çıxışı məhdudlaşdırılıb. Əvəzində, dövlət sirri ilə bağlı DIN, Baş Prokurorluq, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinə səlahiyyətlər verilib. Bu dəyişiklik Eldar Mahmudov və komandasının “vurulmasından” az sonra baş verib.




