Mətbuat icmalı: Şəki və Qəbələ festivalları, ATƏT ofisi, lobbiçilər, qiymətlər....

Şəklin mənbəyi, AFP

“Azərbaycan”:

Məlumatda deyilir ki, iyulun 1-də Şəki şəhərindəki Yay teatrında Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.

“Xalq qəzeti”

Məlumatda deyilir: “İyulun 25-31-dək Qəbələdə VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılmışdır. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.”

“Azadlıq”

ATƏT-in Bakıdakı Layihə Koordinatorluğu ətrafında baş vermiş qalmaqalı və Azərbaycan XİN-in Koordinatorluğun bağlanması barədə nota verməsini hamı xatırlayır. “Azadlıq” qəzeti ATƏT-in Bakı ofisinin dünən yaydığı açıqlama barədə məlumat dərc edib. Məlumatda deyilir ki, “Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi ATƏT çərçivəsində Azərbaycanla əməkdaşlığa heç bir formada zərbə vurmur və ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.”

Qəzet belə bir əticə çıxarır ki, ATƏT hökumətin Bakı ofisini 5 gün müddətində bağlamaq tələbini rədd edərək “faktiki olaraq dekabrın 31-dək fəaliyyət göstərəcəyini bəyan edir.”

“Azadlıq”

Qəzet insanı fəlsəfi fikirlərə təhrik edən bu sualla növbəti dəfə oxucularından dəstək istəyir. Yazıda qəzetin bağlanmasına yönəlmiş təzyiqlər sadalanır və bildirilir ki, qəzetin maddi vəziyyəti artıq kommunal xərclərini belə ödəyə bilməyəcək hala gəlib.

“Bir an da olsun hakimiyyətdən ənam almaq üçün geri çəkilmədik, prinsiplərimizə yumşaqlıq qatmadıq, məsuliyyət daşıyan heç kimə güzəştə getmədik. …Ona görə də adı ləkələnmiş, tərcümeyi-halı qaralmış adamlar bizi susdurmaq istəyirlər. Bu gün qəzet həqiqətən də ağır günlər yaşayır. Amma biz həmişə xalqa ümid bağlamışıq və bundan sonra da prinsipimiz dəyişməz qalacaq. Təbii ki, biz də prinsiplərə xəyanət etsəydik, tez-tez vətəndaşlara müraciət etmək məcburiyyətində qalmazdıq. …Bu ölkəyə “Azadlıq” lazımdır. Əks halda köləlik əbədi qismətə çevriləcək. …Özünüzə bir də sual verin: Sizə “Azadlıq” lazımdır?” deyə qəzet əməkdaşları köməyə səsləyir.

“Azadlıq”

Yazı Azərbaycanda hakim dairələrin sifarişini yerinə yetirərək onların təbliğatını aparan avropalı deputatların AŞPA-da ifşa olunması barədədir. Bildirilir ki, “AŞ PA-dakı səsvermədə Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən 13 depatatın bir neçəsinin iqtidarla əlaqələri meydana çıxıb.”

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hakimiyyətin lobbiçilərinin əməllərinin beynəlxalq mətbuatda ifşa edilməsini təsadüfi saymır. Onun sözlərinə görə, “bu, artıq Qərb tərəfindən lobbiçilərə verilən mesaj kimi dəyərləndirilməlidir: “Hakimiyyətin maliyyəsi hesabına beynəlxalq aləmdə onun təbliğatını aparanlar da hədəfə alınır. …Bu, lobbiçilərə mesajdır ki, hazırkı vəziyyətdə onlar çox da canfəşanlıq etməsinlər”. Mehman Əliyev həmçinin deyib ki, “bu cür siyasi xəttin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti ilə bağlı beynəlxalq müzakirələr bundan sonra da davam edəcək.”

"ЭХО"

Qəzetə müsahibə verən Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev deyib: “Azərbaycan əhalisinin yarıdan çoxu bu gün pula qənaət edir. Təqribən bu qədər soydaşımız bu gün dükanlara yalnız ən zəruri şeyləri almaq üçün gedir. Hamısı da ona görədir ki, vətəndaşların gəlirləri azalıb, dükanlarda isə qiymətlər qalxıb.”

Yazıda həmçinin deyilir: “Unutmamalıyıq ki, devalvasiya baş verib, qiymətlər qalxıb, bir çoxlarının maaşı ixtisar olunub, bəziləri işini itirib. Üstəlik, Avropa oyunları keçirilib ki, onlara da az pul xərclənməyib. Bununla bağlı bir sıra tikintilər dayadırılıb. Hətta daşınmaz əmlak qiymətləri də aşağı düşüb. Belə ki, əgər əvvəl adam mənzilini 200 min manata satırdısa indi eyni mənzili 140 min manata satır.”