Mətbuat icmalı: Mehriban Əliyevanın ordeni, rusiyalı bloqer, köçkünlər...

Şəklin mənbəyi, AFP
“Azərbaycan”“Xalq qəzeti”
Bu gün rəsmi dövlət qəzetləri Prezident İlham Əliyevin Mehriban Əliyevanın ordenlə təltif etməsi barədə sərəncamını dərc edib.
“Azadlıq”
Qəzet rusiyalı bloer Aleksey Avdoxinin “Azərbaycan kimi ölkədə bu cür bahalı oyunların niyə keçirildiyi, Avropanın bu oyunlara münasibəti, tədbirə dəstək verən şirkətlərin Azərbaycan hökumətiylə bağlılığı” barədə yazdığı məqalədən danışır.
Müəllif sponsorların hakim ailəyə bağlı şirkətlər olduğunu da vurğulayır. O qeyd edir ki, “dörd əsas rəsmi tərəfdaş, eləcə də dörd əsas rəsmi sponsor sıx şəkildə Azərbaycan hakimiyyəti və prezident ailəsi ilə bağlıdır.
“...Digər əsas tərəfdaşların da bu və ya digər şəkildə prezidentlə əlaqələri var. Bəlkə də bunda pis heç nə yoxdur. Yəqin ilk Avropa Oyunlarında iri sponsorların sıraya düzüləcəyini gözləmək sadəlövhlük olardı. Avropada kimdə neft dollarları “çayı” var? Xüsusən də indiki böhranlı vəziyyətdə. Kim istəyər bu qədər xərc çəksin və qarşılığında heç nə qazanmasın?!…”.
“Azadlıq”
Qəzet məlumat verir ki, iyunun 29-da Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlər ev tələbiylə etiraz aksiyası təşkil ediblər.
Ən maraqlısı isə odur ki, “etirazçıların sözlərinə görə, mənzillərin onlara oyunlar başa çatdıqdan sonra paylanılacağı bildirilib. Ancaq indi məlum olub ki, artıq sayca üçüncü olan bu qəsəbə belə bütün köçkünlərin mənzil problemlərinin həll olunması üçün yetərli deyil. Məhz buna görə ev almaqdan məhrum olmuş insanlar diqqəti problemə cəlb etmək üçün belə bir aksiyaya əl atmaq məcburiyyətində qalıblar.”
“Yeni Müsavat”
Qəzet yazır ki, parlament seçkilərinin yaxınlaşdığı vaxtda və son altı ayda baş verənləri nəzərə alsaq ortada mühüm bir reallıq var: “yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Ermənistanda sosial tələblərlə başlamış aksiyaların siyasi nəticələrindən asılı olmayaraq, Azərbaycan iqtidarı da idarəetmədə, hakim komandada dəyişikliklər barədə düşünülməlidir. Avropa Oyunlarının nəticələrinin verdiyi psixoloji üstünlük eyforiya yox, dəyişiklik üçün zəmin olmalıdır. Zənnimizcə, prezident bu dəyişiklik üçün xalqdan umduğu dəstəyi də, mandatı da almış sayılmalıdır...”
Bundan başqa yazıda deyilir: “Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Hələ bir müddət əvvəl də qeyd etmişdik ki, bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparılmalı və bu islahatlara cavabdehlik yeni kadrlara həvalə edilməlidir.”




