Mətbuat icmalı: Patrik Hikki, Steynar Gil, "Əl-Cəzirə", manat kreditləri...

Şəklin mənbəyi, AFP

“Azərbaycan”:

Qəzet birinci xanım Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Birinci Avropa Oyunlarının bağlanış mərasimində söylədikləri nitqlərdən sitatlar gətirib.

Bundan başqa dünya KİV-lərində Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı dərc olunmuş yazılar və müxtəlif ölkələrin siyasətçilərinin bu hadisə ilə bağlı səsləndirdiyi fikirlər barədə məlumatlar da qəzetin rəsmi səhifəsinə yerləşdirilib.

“Yeni Müsavat”

Müəlliflər Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının Bakı-Qərb münasibətləri üçün “lakmus kağızı” rolu oynadığını və bu münasibətləri ciddi sınağa çəkdiyini qeyd edirlər.

Yazıda Avropa Oyunlarının açılışı ərəfəsində, iyunun 10-da, Avropa Parlamentinin Azərbaycanla bağlı dinləmələrinin başlanması, tədbirin açılış və bağlanış mərasimlərində Avropa Birliyinin iri ölkələrinin başçılarından heç kimin iştirak etməməsi, iyunun 23-də AŞPA-nın Azərbaycanla bağlı qətnamə qəbul etməsi, oyunların nüfuzlu Qərb KİV-ləri, o cümlədən “Eurenews” tərəfindən az işıqlandırılması, “Freedom House” təşkilatının, və ABŞ Dövlət Departamentinin illik tənqidi hesabatlarının məhz Avropa Oyunları müddətində açıqlanması, “Freedom House”-un Azərbaycanı Türkmənistan, Özbəkistan, Tacikistanla birgə ən avtoritar ölkələr" sırasına salması, Dövlət Departamentinin Azərbaycan barədə indiyədək ən sərt hesabatını ortaya qoyması kimi faktlar sadalanır və bütün bunların "təsadüfi olmadığı" vurğulanır.

Müəlliflər AŞPA-da qətnamə qəbul edilən günlərdə Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun twitter səhifəsində “Təəssüf ki, Avropada bu siyasətin hara apara biləcəyini və nə ilə nəticələnəcəyini anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur” yazdığını xatırladırlar.

Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun qurumun yay sessiyasında etdiyi çıxışdan da sitat gətirilir: “Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələyirsiniz. Nəyə nail olmaq istəyirsiniz?”

Yazıda xəbərdarlıq notları da nəzərə çarpır: “…I Avropa Yay Oyunları ölkəmizin Qərbdən uzaqlaşmaqda olması təəssüratını da gücləndirib. Belə vəziyyət isə müstəsna olaraq … Putinin strateji maraqlarına, onun SSRİ-nin bərpasına hesablanmış Avrasiya layihələrinə cavab verir.”

“Azadlıq”

Qəzet xəbər verir ki, “2015-ci il may ayının 1-ə qədər manat kreditinin həcmi 12 milyard manat, problemli manat kreditlərinin həcmi 855,9 milyon manat təşkil edib. Beləliklə, problemli kreditlərdə manat kreditlərinin payı 61 faizə çatıb.”

İqtisadçı Vüqar Bayramov qəzetə bildirib ki, “manatın məzənnəsinin dəyişməsi birbaşa dünya bazarında neftin qiymətindən, Azərbaycan ixracatından asılı olacaq. Hələlik dolların manata olan təzyiqinin azalması müşahidə edilməkdədir. Bütün hallarda nəzərə almaq lazımdır ki, manatın məzənnəsini inzibati yolla Mərkəzi Bank müəyyənləşdirir. Bu baxımdan uzunmüddətli dövr üçün proqnoz vermək çətindir. Mərkəzi Bank devalvasiyaya da getmək istəmir. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi də gündəmdə deyil. Mərkəzi Bank mövcud dəhliz daxilində manatın məzənnəsini qoruyub saxlamağa çalışır. Yəni növbəti müddətdə dollar 1 manat 4 qəpik – 1 manat 5 qəpik arasında dəyişəcək”.

“Yeni Müsavat”

Qəzet Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin müsahibəsini dərc edib. Cənab Gilin səsləndirdiyi maraqlı fikirlərdən bir neçəsini nəzərinizə çatdırırıq:

“Mənim 2006-cı ildə gedişimdən sonra Azərbaycanda situasiya pisləşib. İndi ölkədə daha çox siyasi məhbus, azad sözə və vətəndaş cəmiyətinə qarşı daha ciddi repressiyalar var. Seçkilər isə əvvəlki kimi yenə də azad və ədalətli deyil. Hakimiyyət ATƏT və digər beynəlxalq qurumlar tərəfindən səsləndirilən tənqidi ciddi qəbul etmir, bu yaxınlarda isə ATƏT-in bürosunu bağlayıblar”.

“Azərbaycan müxalifəti siyasi fəaliyyət üçün normal şərtlərdən məhrum olunub. Bütün bunlara baxmayaraq, ölkədə demokratiya və öz siyasi görüşləri uğrunda mübarizə aparan insanlara böyük hörmətim var. ”

“Azad və ədalətli seçkilərdə müxalifətin şansını yüksək qiymətləndirirəm. Amma indi seçkilərin azad və ədalətli keçiriləcəyinə inanmağıma əsas yoxdur.”

“Yeni Müsavat” qəzeti:Xətai rayonunda yanan binanın sakinləri təmir üçün tikinti materiallarını özləri aldıqlarını deyirlər.

Qəzet əməkdaşları aprel ayında Xətai rayonunda, Nobel prospektində yanmış binaya baş çəkib sakinlərlə ünsiyyətdə olub həm foto, həm də video reportaj hazırlayıblar.

Bildiriblər ki, evlər təmir olunan zaman ən ucuz və keyfiyyətsiz materiallardan istifadə olunduğundan məcbur olub özləri əlavə xərc çəkərək materialları daha keyfiyyətliləri ilə əvəz etməli olublar.

Bundan başqa binanın fasadının da keyfiyyətsiz şəkildə boyandığı və hətta boyanın artıq qopmağa başladığı da deyilib.

Yanğın zamanı evləri yanmayan, lakin tüstüdən və su şırnağından zərər çəkən ailələrə ümumiyyətlə heç bir kompensasiya ödənilmədiyi də vurğulanıb.

“Azadlıq”

Qəzet Qətərin məşhur "Əl-Cəzirə" telekanalında yayımlanmış, Azərbaycanda insan haqlarının vəziyyəti, müstəqil mediaya hücumlar, jurnalistlərin həbsi, hakimiyyət nümayəndələrinin korrupsiyasından bəhs edən geniş reportaj barədə yazır.

Telekanalın əməkdaşlarının Bakıya şəxsən gələrək hazırladıqları reportajda deyilir ki, Əliyev hökuməti media mövzusunda çox pis ad çıxardıb.

“Bir sıra əcnəbi jurnalistlərin Azərbaycana səfər etməsinə icazə verilməyib. "The Guardian", "Radio France İnternational" kimi media orqanlarının əməkdaşları ölkəyə buraxılmayıb.

Ölkə daxilində isə azərbaycanlı jurnalistlər hökumətin müəyyənləşdirdiyi "xətti" keçib insan haqları, korrupsiya kimi mövzularda məqalələr yazanda həbsxanaya salınır.

Azərbaycanda bu mövzularda yazan jurnalistlərin aqibətinə ən yaxşı misal Xədicə İsmayılova ətrafında baş verənlərdir".

Azadlıq Radiosunun keçmiş rəhbəri Kənan Kazımoğlu "Əl-Cəzirə"yə müsahibəsində deyib ki, “ölkəyə buraxılmayan əcnəbi jurnalistlər əsasən Azərbaycan hökumətilə bağlı tənqidi reportajlar hazırlayanlardır: "Deyirlər ki, siz ancaq bu ölkəni, yeməkləri tərifləyin, uğurlardan danışın, həbsdə olanlara, korrupsiyaya toxunmayın. Tənqiddən azad zona yaratmaq istəyirlər".

Bundan başqa reportajda deyilir ki, “Azərbaycanda iqtisadiyyatın gəlirli sahələri Əliyevlər ailəsinin nəzarətindədir: "Əliyevlər bank sektoru, telekommunikasiya, qızıl mədənləri kimi sahələrdə biznesin sahibidir".

Medianın da hakimiyyətin nəzarətində olduğu vurğulanır: "Space" telekanalı prezidentin bacısına, "Lider" telekanalı isə əmisi oğluna məxsusdur".”