Mətbuat icmalı: “Azadlıq” qəzetinin maliyyə durumu, "Qarabağ kartı", AŞPA

Şəklin mənbəyi, AFP
“Azadlıq” qəzeti bildirir ki, qəzetin “artıq uzun müddətdir ağır olan maliyyə durumu kritik həddə çatıb.”
Hökümət tərəfindən qəzetə qarşı həyata keçirilən təzyiq tədbirlərini sadalayan qəzet yazır ki, son aylarda hakimiyyətin nəzarətində olan Kütləvi Informasiya Vasitələri ...“Azadlıq”a qarşı əsassız, ...qarayaxma xarakterli ittihamlar irəli sürülür.” Bildirilir ki, “redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddət ərzində bu problemlərin aradan qaldırılmaması “Azadlıq”ın nəşrini [qeyri-mümkün] edəcək.
Qəzet ““Azadlıq”sevərləri - Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka” çağırır.
“Azadlıq” qəzetinin bugünkü sayında “İqtidar qalxan kimi istifadə etdiyi AŞPA-nı da itirdi” adlı yazı dərc olunub.
Yazıda deyilir: “Zaman-zaman Azərbaycan iqtidarı beynəlxalq aləmdə bu qurumdan qalxan kimi istifadə edib. Özünə olan beynəlxalq təzyiqləri məhz AŞ PA-da neytrallaşdıra bilib. Hakimiyyət fərqindədir ki, artıq bu mümkün olmayacaq. Iqtidar başa düşür ki, beynəlxalq aləmdə təklənib. Ona görə də ənənəvi olaraq şantaja keçib və “Qarabağ kartı”ndan istifadə edərək vaxtilə qalxan kimi istifadə etdiyi AŞ PA-nın da “ermənipərəst” qurum olduğunu ictimai rəyə sırımağa çalışır. …Azərbaycan hakimiyyəti “Qarabağ kartı”ndan yalnız öz maraqları üçün yararlanır. Avropa strukturları da bunun fərqində olduğundan artıq hakimiyyətin Qarabağ nağıllarına ciddi yanaşmır.”
“Azərbaycan” və “Xalq” qəzetlərinin bugünkü sayı növbəti dəfə əsasən Birinci Avropa Oyunları ilə bağlı məlumat və məqalələri dərc edib.
“Yeni Müsavat” qəzeti APA-ya istinadən yazır ki, Ermənistan Müdafiə Nazirliyində bildiriblər ki, “Azərbaycan hərbi qulluqçuları Ermənistan ərazisinə keçməyib”.
"ЭХО" qəzeti yazır ki, müəllimlərin işə götürülməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Təhsil Nazirliyinin rəsmisi qəzetə bildirib ki, keçən illərdən fərqli olaraq bu il bütün proses avtomatlaşdırılıb. Belə ki, bütün proseslər elektron formada həyata keçirilir, namizədlərin qeydə alınması internetdə aparılır. “Onlar cəmi 5-8 dəqiqə ərzində qeydiyyatdan keçə bilərlər,” deyə nazirlik rəsmisi bildirib. Bundan başqa bu ildən müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərmüsahibənin tarixi və vaxtı barədə SMS xidməti vasitəsilə məlumatlandırılacaqlar.




