Mətbuat icmalı: itkin əsgərlər, AŞPA qətnaməsi, demokratiya reytinqi

Şəklin mənbəyi, AFP

“Azadlıq” qəzeti yazır ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının dünənki iclasında “AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinskinin (Polşa) hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla, qəbul edilib. …Sənəddə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və bloggerlərin, hüquq müdafiəçilərinin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və s. məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı avropalı deputatlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər. …

Həmməruzəçilərdən Pedro Aqramunt çıxış edərək …təzyiqlərə məruz qaldığını deyib: “Bizə təzyiqlər çox idi. Qarşısıalınmaz təzyiqlərlə üzləşdim. 25 illik siyasi fəaliyyətim dövründə düşünməmişdim ki, insanlar bu qədər uzağa gedə bilər”.

Yazıda bundan başqa müxtəlif ölkələri təmsil edən ayrı-ayrı deputatların“Italiyadan olan deputat Paulo Korsini Azərbaycanda söz və ifadə azadlığının məhdudlaşdırılmasından danışaraq qeyd edib ki, media, məhkəmə sistemi tamamilə hökumətin nəzarətindədir: “Bu ölkədə vətəndaş cəmiyyəti darmadağın edilib. Beynəlxalq təşkilatların məlumatına görə, orada korrupsiya tüğyan edir, siyasi məhbuslar var. Bu cür hallar Avropa Şurasının prinsiplərinə ziddir”.

“Fransalı deputat Durie Jozetti bildirib ki, Azərbaycanda xüsusən 2013-cü ildə keçirilmiş son prezident seçkisindən sonra vəziyyət daha da ağırlaşıb: “Orada baş verənlər bizi qorxudur. Məhdudiyyətsiz hakimiyyət hökm sürür. Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün manipulyasiya məqsədilə istifadə edir. Demokratiyadan imtina edib, ölkədə stabilliyin pozulmasıyla hədələyir. Onlara Avropa Şurasının dəyərlərini xatırlatmaq lazımdır”.

Demokratiya reytinqi

Azadlıq” qəzeti Freedom House təşkilatının 2015-ci il üçün olan “Nations in Transit” (Keçid ölkələri) hesabatında Azərbaycanın demokratiya məsələsində hətta Belarus və Tacikistan kimi ölkələrdən də arxada qaldığı barədə yazı dərc edib.

Qəzet Azərbaycan da daxil olmaqla, daha bir neçə ölkənin hesabatdan götürülmüş demokratiya reytinqini də dərc edib :

  • Gürcüstan - 4.64
  • Ermənistan - 5.36
  • Tacikistan - 6.39
  • Rusiya - 6.46
  • Qazaxıstan - 6.61
  • Belarus - 6.71
  • Azərbaycan - 6.75
  • Türkmənistan - 6.93
  • Özbəkistan - 6.93

Ölkələr 1-7 balla qiymətləndirilib. 1 - demokratik inkişafın ən yüksək, 7 - ən aşağı həddini göstərir, "Azadlıq" qeyd edir.

Yanğın pilləkənləri

«ЭХО» qəzeti “Mənasız xərc” adlı yazıda Bakıda binalara yanğın pilləkənlərinin qoyulması və artıq tikinti zamanı yanğın təhlükəsizliyi qaydalarının nəzərə alınması məsələlərini müzakirəyə çıxarır.

Daşınmaz əmlak eksperti Rəşad Əliyev qəzetə müsahibəsində deyib ki, yanğın pilləkənlərinin qoyulması əslində mənasızdır, çünki həm evakuasiya prosesində bu pilləkənlər özünü doğrultmur, həm də onsuz da onları ən çoxu 9 mərtəbəsi olan binalara qoymaq mümkündür və hətta bu halın özünə belə çox az rast gəlinir.

ASAN təcrübəsi

Azərbaycan” qəzeti xəbər verir ki, Kolumbiyanın Medellin şəhərində öz işinə başlamış Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Forumunda Azərbaycanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Bildirilir ki, “tədbirin məqsədi ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərinin təqdim edilməsidir. BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”in təcrübəsini paylaşmaq məqsədilə İnam Kərimov Forumun açılış mərasimində çıxış edib. …“ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb.”

Azərbaycan” qəzeti Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununu dərc edib. Qanundan iki kiçik parça: “5.1. Bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.”

“9.2. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.”