Mətbuat icmalı: Repressiyalar, Əli Həsənov Ermənistan haqqında...

Şəklin mənbəyi, AFP

“Azadlıq” qəzeti:

Hüquq Müdafiəçilərinin Beynəlxalq Federasiyası Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən hökuməti tənqid edənlərə qarşı güclənən repressiyalar, hüquq müdafiəçiləri və jurnalistlərin həbsilə əlaqədar BMT-nin İnsan Haqları Şurasına müraciət edib.

Dünyanın müxtəlif ölkələrindən olan hüquq müdafiəçiləri hesab edirlər ki, yaxın vaxtlarda Azərbaycanda repressiyalar dayandırılmasa, saxta ittihamlarla həbs olunan şəxslər azadlığa buraxılmasa, BMT-nin İnsan Haqları Şurasının sentyabrda keçiriləcək növbəti sessiyasında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul olunmalıdır.

Çağırışda deyilir: “BMT-nin İnsan Haqları Şurasının 29-cu sessiyasında 25 dövlətdən olan qrup İrlandiyanın Azərbaycanda insan haqlarının durumu ilə bağlı şifahi bəyanatını dəstəklədi.

”Birgə bəyanat"ın səbəbi bu ölkədə insan haqları sahəsində narahatlığa əsas verən ciddi pozuntular, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməməsi, müstəqil səslərin, xüsusən hüquq müdafiəçiləri və jurnalistlərin həbsidir.

Bəyanatda həmçinin Azərbaycan hökumətinə İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xədicə İsmayılova, Rauf Mirqədirov, Leyla və Arif Yunusların azadlığa buraxılması üçün çağırış da öz əksini tapıb”.

İsveç Olimpiya Komitəsinin rəhbəri tənqidi fikirlərinə görə Azərbaycan hökumətinin qəzəbinə tuş gəlib

Qəzet yazır ki, İsveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindenberqin aprelin 30-da “Aftonbladet” qəzetində dərc olunmuş Azərbaycanda insan hüquqlarının pozulması, bu ölkədə vətəndaşlara qarşı repressiyalar barədə fikirləri Azərbaycan hökumətini o dərəcədə qəzəbləndirib ki, Lindenberq Azərbaycanın İsveçdəki səfirliyinə çağırılıb.

İsveçin “Dagens Nyheter” qəzetinin yazdığına görə səfirlə Lindenberq arasında görüş kifayət qədər gərgin keçib.

Sözügedən məqalədə deyilir ki, həmin məqalədə Lindenberq insan hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid etmiş, bu ölkədə mətbuat azadlığının olmadığını bildirmişdi.

“Azərbaycandakı rejim beynəlxalq standartlara əməl etmir”, - deyə Lindenberq yazıb.

Qəzet bildirir ki, Lindenberqin özü Bakıda səfirlə aralarında belə bir görüşün olduğunu təsdiqləsə də bu haqda geniş danışmaq istəməyib.

Bildirilir ki, Azərbaycanın tənqidlərə kəskin etiraz etməsindən bir qədər sonra “prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli Olimpiya Komitəsi də İsveç Olimpiya Komitəsinə hücum edib. Onlar Lindenberqin tənqidi fikirlərini “şayiə və böhtan” adlandırıblar.”

Yazıda deyilir ki, beynəlxalq hüquq-müdafiə təşkilatları digər ölkələrin Olimpiya komitələrini də Isveçdən nümunə götürməyə çağırıb.

“Hətta ifadə azadlığı uğrunda mübarizə aparan “Index on Censorship” təşkilatı Britaniya Olimpiya Komitəsinin sədri Sebastyan Kouya məktub yazmışdı.”

“Yeni Müsavat” qəzeti:

Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları ilə bağlı deyib: “Ermənistandakı kütləvi aksiyalar erməni xalqının cinayətkar və anti-xalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı üsyandır. …Yüzlərlə insan döyülmüş, onlara fiziki xəsarət yetirilmiş, zorakılıq tətbiq olunmuşdur.

Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə olunmuşdur. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalmış və həbs olunmuşlar.

Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atmışdır.”

“Azərbaycan”:

Qəzet Latviyanın 6-cı və ilk qadın prezidenti Vayra Vike-Freyberqanın “Dostluq” ordeni ilə təltif edilməsi barədə AR Prezidentinin Sərəncamını dərc edib. Sənəddə deyilir:

“Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa “Dostluq” ordeni ilə təltif edilsin”.

“Azərbaycan”:

Yazının müəllifi Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım,

“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, məhz onların səyləri nəticəsində qısa müddətdə böyük və müasir idman komplekslərinin və müxtəlif idman meydançalarının yaradılıb.

Bundan başqa müəllif “Azərbaycanın belə möhtəşəm tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsində böyük təcrübəsinin olduğunu” da yazıb.

“Xalq qəzeti”:

Qəzet yazır ki, AŞPA-nın yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılmış və ölkə üzrə məruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladığı “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə böyük marağa səbəb olub.

Bildirilir ki, “Qırxa yaxın deputatın müzakirələrdə fikirlərini bölüşmək üçün çıxışa yazılması bunun əyani sübutudur.

Natiqlərin əksəriyyəti Azərbaycanda demokratik islahatlar istiqamətində aparılmış böyük işləri və həmin istiqaməti davam etdirmək səylərini yüksək qiymətləndirdilər.”