Mətbuat icmalı: qeyri-neft ixracı, TAP-TANAP və Yunanıstan, Moody’s-dən proqnoz...

Şəklin mənbəyi, AFP

“Xalq qəzeti”

Məlumatda deyilir: “Azərbaycan 2020-ci ilə qədər biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq.

Bu, İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ictimai müzakirəyə çıxardığı “Xarici investisiyalar və qeyri-neft ixracının təşviqi strategiyası (2015-2020)” layihəsində əksini tapıb.”

“Yeni Müsavat”

Bildirilir ki, TAP və TANAP layihələri üçün ən mühüm ölkə olan Yunanıstanın defolt astanasında olduğu vaxtda bu ölkənin Avrozonanı tərk etməsindən ən çox “Türk axını” qazana bilər.

Yunanıstan ətrafında baş verən proseslər o dərəcədə ciddidir ki, təhlilçilər bunun yeni qlobal böhrana və Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara biləcəyindən xəbər verirlər.

Qəzet xatırladır ki, “Türk axını” da, TANAP da Yunanıstanla sərhədə eyni nöqtədə çıxaraq TAP kəmərinə birləşdirilməlidir. ““Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq habda müştərilərə təhvil verməyi planlaşdırır. Odur ki, xeyli vaxtdır Rusiya-Qərb qaz savaşı əslində daha çox Yunanıstan uğrunda gedirdi.”

Xarici iqtisadi ekspertlər bildiriblər ki, Yunanıstanın defolt olması və ya ağır maliyyə vəziyyəti bu layihələrə güclü təsir etməyəcək, çünki kəmərləri ölkələr yox, qaz şirkətləri inşa edir. Yəni layihələri reallaşdırmaq üçün Yunanıstandakı pulları yox, başqa mənbələrin vəsaitlərini hesablamaq lazımdır.

Qəzet yazır ki, əgər Yunanıstan həm Avropa Birliyində, həm də Avrozonada qalsa, “TANAP-a, TAP-a təhlükənin minimum olacağını söyləmək olar. Çünki o halda Afina əvvəl-axır kəmərlər məsələsində AB-nin mövqeyini ciddiyə almalı olacaq. Brüssel və Vaşinqton isə məsələdə “Türk axını”nın deyil, TANAP və TAP-ın tərəfindədir. Ona görə ki, Ukrayna böhranından sonra Avropanın Rusiya qazından asılılığını azaltmaq onun strateji hədəflərindən biridir.”

“Azadlıq”

Məlumatda deyilir ki, “Moody’s” beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın bank sisteminin reytinqinin proqnozunu “stabil”dən “neqativ”ə dəyişib. "Neqativ" proqnoz reytinqin aşağı salına biləcəyindən xəbər verir.

Həmçinin bildirilir ki, ““Moody’s Investors Service” bildirir ki, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.

“Moody’s” agentliyi proqnozlaşdırır ki, 2015-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, neftin barrelinin qiyməti isə bu il orta hesabla 55 dollar təşkil edəcək. Azərbaycan iqtisadiyyatında yalnız 2016-cı ildə 1.7 faizə qədər artım ola biləcəyi proqnozlaşdırılır.

“Moody’s” hesab edir ki, devalvasiyanın nəticəsi olaraq, bankların aktivlərinin qiyməti düşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15 faizə çatacaq.”

İqtisadçı ekspert Samir Əliyev bununla bağlı qəzetə bildirib ki, əslində bu gözlənilən idi və baş verənlər bank sektorunun nüfuzuna mənfi təsir göstərəcək. Bu isə xaricdən resurs cəlb etmək imkanını məhdudlaşdıracaq: “Eyni zamanda, bankların cəlb etdiyi xarici resursların faiz dərəcəsi də daha artıq olacaq. Bu da son nəticədə Azərbaycanın kredit bazarına mənfi təsir göstərəcək”.

"ЭХО"

Qəzet yazır ki, “ölkə ekspertləri əmindirlər ki, müxtəlif fövqəladə hallar barədə SMS xəbərdarlıq sisteminə ölkənin bütün mobil rabitə operatorları qoşulmalıdır.”

Qəzet həm də xatırladır ki, Azərbaycanın mobil operatorlarından biri olan Bakcell SMS vasitəsilə abonentlərin fövqəladə hallarbarədə məlumatlandırılması xidmətini işə salmağa başlayıb. Şirkətin Baş İcraçı Direktoru Richard Shearer bildirib ki, şirkət bu xidməti göstərə bilmək üçün zəruri olan bütün texnologiyaya malikdir.

“Azadlıq”

Məqalə cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkən bir məhbus tərəfindən yazılmış məktub əsasında hazırlanıb. Məhbus müəssisənin rəhbərliyində təmsil olunmuş məmurların adını çəkir və onların məhbuslara qarşı amansız davranışı, həbsxanada hökm sürən özbaşınalıq, hər şeyin pulla satılması, narkomanlar arasında QİÇS xəstəliyinin yayılması və bu insanların azadlığa çıxandan sonra daha çox insanı yoluxdurması təhlükəsi barədə yazır. Penitensiar Xidmətin cavabında isə bildirilib ki, müttəhimin ittihamları əsassızdır.

“Azərbaycan”ı

Məlumatda bildirilir ki, iyulun 20-də Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək. Festivalın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Assosiasiyasıdır (AMKA).

“AMKA-nın prezidenti, UNESCO-nun ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanov bildirib ki, festivalda Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları milli şirniyyatlarını təqdim edəcəklər.”