Neft qiymətinin ucuzlaşması Azərbaycana necə təsir edir?

Şəklin mənbəyi, OSMAN KARIMOVAFPGetty Images
Təhlilçilər dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neft ixracatçısı ölkəsi kimi Azərbaycana təsirindən danışarkən ilk növbədə 2015-ci ili deyil, ondan sonrakı illərdə bunun hiss olunacağını düşünür.
BBC Azərbaycancaya danışan iqtisadçı ekspertlərin hamısı neftin satışından əldə olunan gəlirlərin birmənalı şəkildə azalacağını qeyd etsələr də, yarana biləcək mümkün büdcə kəsirinin fərqli yollarla kompensasiya olunacağını deyirlər.
“Hökümət ümid edir”
İqtisadçı ekspert İlham Şaban neftin qiymətinin düşməsinin real təsirinin Neft Fonduna gələn dividentlərin azalması olacağını deyir və bunun müəyyən dövr üçün “təsirsiz” olduğunu qeyd edir.
“Bizdə iqtisadiyyatın strukturu elədir ki, özəl şirkətlər neft hasilatı ilə məşğul olmur ki, onların ödənişləri nəticəsində büdcə formalaşsın. Yəni büdcədə neft hasilatçılarının ödənişləri cəmi 10 faizdən bir qədər artıqdır. Büdcəyə Neft Fondundan transferlər isə 53,5 faizdir”, cənab Şaban BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, hökümət neftin qiymətinin kəskin aşağı düşəcəyi halda Neft Fondunun vəsaitlərindən gələn il üçün 10, 3 milyard dolları büdcərə transfer edəcək.
“Ancaq əmək haqqlar və pensiya xərcləri daxil olan dövlət xərcləmələri 5 milyard dollardır, ordunun, güc strukturların saxlanılmasına çəkilən xərclər də təxminən o qədər. Amma hökümət ümid edir ki, neftin qiyməti qalxacaq və büdcədə yaranacaq boşluğu aradan qaldıracaq”, ekspert qeyd edib.
İlham Şaban Azərbaycan büdcəsinə milyardlarla gəlir gətirən sahələrin olmadığını deyib.
“Dövlət Neft Şirkəti gələn il üçün büdcətə 1,5 milyard ödəniş etməlidir. Gömrük Komitəsi 1,6 milyard vergi ödəməlidir. Bir komitənin vergisi bir böyük şirkətin vergisindən çoxdur. Başqa ölkənin iqtisadiyyatda belə bir struktur yoxdur”, cənab Şaban əlavə edib.
“Sosial proqramların məhdudlaşdırılması”
Politoloq Ərəstun Oruclu neftin satışından əldə olunan gəlirlərin “sürətlə düşəcəyini” və buna uyğun olaraq büdcə gəlirlərinin azalacağını proqnozlaşdırır.
Onun sözlərinə görə, bu həm Neft Fondunun özündə, həm də dövlət büdcəsində kəsirlərin yaranmasına səbəb olacaq və hökümət sosial proqramları məhdudlaşdırmalı olacaq.
“Bu da daxili, siyasi, iqtisadi münaqişənin başlanmasına səbəb olacaq. Əhalinin çox hissəsi ənənəvi gəlirlərindən imtina etməli olacaq. Amma hakimiyyət oliqarxiyası buna hazırdımı? Güman etmirəm ki bununla hamı razılacaşaq”, o bildirib.
2015-ci ildə Avropa Olimpiya Oyunlarının və parlament seçkilərinin keçiriləcəyini qeyd edən politoloqun sözlərinə görə, ölkədə siyasi, sosial, iqtisadi vəziyyət “çətinləşəcək”.
“Ciddi ixtisarlar gözlənilir”
İqtisadçı Natiq Cəfərli gələn il neftin qiymətinin qeyri-stabil olmasına görə büdcədə yarana biləcək problemlərdən danışarkən gəlirlərin “ciddi şəkildə azalacağını” özəlliklə qeyd edir.
“Büdcə gəlirlərində problem olmaya bilər, çünki Neft Fondunda rezervləri var. Bununla belə gələn ildən sonra rezervlər çatışmaya bilər. Çünki Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asıllığı var. Neftin qiymətinin düşməsi neft şirkətlərinin gəlirlərinin azalmasına və onların vergilərinin azalmasına gətirib çıxaracaq”, ekspert bildirib.
Neft qiymətinin aşağı düşməsinin ilk növbədə bu sahədə işləyənlərə təsiri olacağını bildirən ekspertin sözlərinə görə, “çox ciddi ixtisarlar” gözlənilir.
“Bunun ilkin işartıları və ixtisarların olacağı haqqında artıq məlumatlar var. Əgər Neft Fondunun rezervləri də bitsə, təqaüdlərin, maaşların verilməsində çox ciddi problem yaranacaq. Bu sonradan hiss olunacaq problemlərdir”, cənab Cəfərli əlavə edib.

Şəklin mənbəyi, AFP
“Büdcə zərər çəkməyəcək, amma...”
İqtisadçı ekspert Oqtay Haqverdiyev neftin qiymətinin düşməsindən büdcənin “zərər çəkmədiyini” desə də, bu tendensiyanın davam edəcəyini proqnorlaşdırır.
“Büdcə haqqında qanunda var ki, hökümət əmək haqqı, pensiya, dərman alınması kimi öhdəlikləri yerinə yetirməlidir. Biz ötən yarımil neftimizi 100 dollara satmışıq, ona görə də gələn il büdcəsi neftin qiymətinin düşməsindən zərər görməyəcək”, ekspert BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, infrastruktur layihələrinin bəzilərinin iki-üç il ertələnməsi büdcə kəsirinin qarşılanmasına əlavə imkan yaradacaq.
Haqverdiyev çıxılmaz vəziyyət anında hökümətin qızıl valyuta ehtiyatlarından bank sistemini sabitləşdirmək üçün istifadə edəcəyini də proqnozlaşdırır.
“Fors-major vəziyyət yaransa , bizim qızıl valyuta ehtiyatlarımız 53-54 milyard dollardır və bundan istifadə edərək maliyyə-bank sistemini sabitləşdirə bilərik. Amma inflasiyanın Azərbaycana təsiri olmayacaq. Çünki bizim sərt bank sistemimiz var”, ekspert qeyd edib.
Hökümətin sosial yönümlü siyasət yürütdüyünü bildirən ekspertin sözlərinə görə, bu Azərbaycan manatının dəyərinin sabitliyi və əhalinin də yaşayış səviyyəsinin aşağı olması ilə müşaiyət olunur.
Neftin qiymətinin dövri olaraq dəyişdiyini qeyd edən ekspertin fikrincə, düşmə tendensiyası davam edəcək.
Parlamentdə qəbul olunan “2015-ci il dövlət büdcəsi haqqında” qanunda neftin qiyməti 90 dollar dəyərində götürülüb.
“Rossia 24” telekanalına müsahibəsində prezident İlham Əliyev neftin ucuzlaşmasından danışarkən deyib ki, “yeganə mənfi hal” hökümətin il ərzində etməyi planlaşdırdığı işləri iki ilə görməsidir.
Onun sözlərinə görə, neftin qiyməti 60 dollar olsa belə, Azərbaycan iqtisadiyyatı “sabit inkişaf edəcək”.
“Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq.Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik”, Əliyev qeyd edib.




