Qlobal iqtisadiyyatda tənnəzül qorxusu neft qiymətini aşağı sürükləyir

Şəklin mənbəyi, BBC World Service
Qlobal iqtisadiyyatda artımın azalması neft qiymətlərinin növbəti dəfə enməsinə səbəb olub.
Neftin Brent Crude növünə qiymət son 4 ilin ən aşağı səviyyəsinə enib.
Beləki, $88.12/barel göstəricisinə çatmazdan əvvəl Brent Crude $87.74/barel -dək enib - bu isə 2010-cu ilin dekabrından bugünədək neft qiymətinin ən aşağı göstəricisidir.
US Light Crude nefti isə $1.40 enərək son 2 ilin ən aşağı göstəricisi olan $84.42 səviyyəsində oturuşub.
Zəif iqtisadi artım perspektivi neftə tələbatı azaldaraq neft qiymətlərinə də təsirni göstərib.
Bu arada OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) üzvü Səüdiyyə Ərəbistanı neftə qiymətin ucuzlaşması ilə barışa biləcəyini qeyri-rəsmi olaraq bildirib.
İnam "sarsılıb"
Ötən həftə Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu bu il üçün 3.4% -dən 3.3%-dək azaldıb.
BVF bildirib ki, Yaponiya, Latın Amerikası və Avropa iqtisadiyyatında geriləmə qlobal iqtisadi artıma təsir edəcək, öndə gedən ölkələrin iqtisadiyyatında isə "zəiflik və sabitsizlik" özünü göstərəcək.
Avropa birja indeksləri ötən həftə nəzərə çarpan dərəcədə aşağı düşdükdən sonra bugün də eniş tendensiyasını davam etdiriblər.
Bu tendensiya özünü səhm qiymətlərində də göstərib.
Köklü dəyişiklik
OPEC-in bəzi üzvləri qiymətin $100/barrel səviyyəsinə geri qayıtması üçün neft istehsalının azaldılmasına səy göstərsələr də, Səüdiyyə Ərəbistanı qeyri-rəsmi olaraq bunu, qiymət hətta $80 səviyyəsinə düşsədə belə, etməyəcəyini bildirib.
Neft qiymətləri isə iyun ayından bəri 20% enib.
Küveyt neft naziri Ali al-Omair yerli mediaya neftə qiymətin $76-$77/barel -dək düşə biləcəyini istisna etməyib.
Nazir qeyd edib ki, onun səsləndirdiyi rəqəm Rusiya və Amerikada 1 barel neftin istehsal edilməsinin maya dəyərinə bərabərdir, və həmin səviyyədən qiymətin daha aşağı düşməsi bu ölkələr üçün neft istehsalının zərərlə işləməsi demək olardı.
Müşahidəçilər neft bazarında 2 mühüm dəyişikliyin baş verdiyinə diqqəti yönəldirlər.
Beləki, bu ayın əvvəlində Səüdiyyə Ərəbistanı neft bazarında payını qorumaq üçün satış qiymətini azaldacağını bildirmişdi.
Digər bir amil isə ABŞ-da neft ehtiyatının sıçrayış artımına səbəb olmuş şist neftinin istehsalında artımla bağlıdır.
Proqnozlara görə, şist qazı sayəsində ABŞ, Səüdiyyə Ərəbistanı və Rusiyanı qabaqlayaraq dünyanın ən iri neft istehsalçısına çevrilə bilər.





