Neft qiymətlərinin düşməsi Azərbaycan üçün niyə pis xəbərdir?

Şəklin mənbəyi, OSMAN KARIMOVAFPGetty Images
- Müəllif, Fərid Quliyev
- Vəzifə, Müstəqil siyasətşünas, Bremen, Almaniya
Neftin dünyada qiymətləri avqust ayı ərzində bir qədər enib. Azərbaycanın yüksək keyfiyyətli yüngül xam neftinin bir bareli yazdan bu yana 10 dollar aşağı düşüb.
Neft qiymətlərinin enməsinin bundan sonra da davam edib-etməyəcəyini proqnozlaşdırmaq çətin olsa da, enerji sahəsindəki hazırkı meyllər, bir qədər fasilə etmək və neft qiymətlərinin və istehsalının mümkün enişinin Azərbaycan iqtisadiyyatını və siyasi sabitliyi necə təsirləndirə biləcəyini saf-çürük etmək üçün fürsət verir.
Azərbaycan son on ildə Venesuela, Rusiya və Qazaxıstan kimi hökumətlərinə nəhəng gəlirlər gətirən misilsiz neft bumundan fayda götürmüş ölkələr qrupuna aiddir.
Azərbaycan üçün hazırkı neft gəlhagəli tarixi məqamdır. 1918-1920-ci illər arasında qısa müstəqillik dövrü nəzərə alınmazsa, Azərbaycan indiyədək heç vaxt öz neftinin sahibi olmayıb. Azərbaycan dövləti öz tarixi ərzində heç vaxt bu qədər neft gəliri əldə etməyib və sərvət toplaya bilməyib.
Bu da ilk dəfədir ki, Azərbaycan liderləri neft sərvətindən müstəqil şəkildə istifadə etmək imkanı qazanıblar.
Bu yaxşıdır. Azərbaycan bu sərvətdən müdrikliklə istifadə edə bilsə, ölkə iqtisadi baxımdan irəliyə doğru sıçrayış imkanı qazanacaq. Belə ki, cəmi iki onillikdən sonra ölkənin neft ehtiyatları tamamilə tükənəcək.
2003-cü ildən başlanan neft gəlhagəli, bir neçə il əvvəl neft qiymətlərindəki qısamüddətli eniş nəzərə alınmazsa, qeyri-adi bir şəkildə uzun sürüb. Son vaxta qədər bu qiymətlər kifayət qədər sabit olub.
Keçmişlərdə neft qiymətlərindəki təlatümlərlə üzləşən hökumətlərdən fərqli olaraq, hazırda neftlə zəngin ölkələrin hökumətləri daha az problemlə üzləşirlər və üstəlik onlar neft bazarındakı mümkün sarsıntılardan yan keçmək üçün neft fondları yaradıblar.
İlham Əliyev administrasiyası üçün də şərait son dərəcə əlverişli olub. Azərbaycan hökuməti neft ixracatından əldə olunmuş gəlirin 102,8 milyard dollarını Dövlət Neft Fondunun (DNF) hesabına yatırıb.
Təhsil xərcləri
DNF yığım fondu kimi yaradılsa da, ondan əslində xərclər fondu kimi istifadə edilib və fonddakı vəsaitin böyük hissəsi artıq ölkə daxilində xərclənib.
Dövlət büdcəsinə köçürülən gəlirlər iri ictimai investisiya layihələrinin, əsasən də infrastruktura və boru kəmərlərinin tikintisi kimi enerji təmayüllü layihələrə xərclənir.
Əgər infrastruktur investisiyaları fiziki kapital hesab olunursa, bu o deməkdir ki, insan kapitalı – başqa sözlərlə əhalinin təhsil və təlimləndirilməsi ondan xeyli geridə qalıb. Məhz buna görədir ki, Azərbaycan kimi balaca ölkədə təhsilə xərclənən pul ÜDM-in çox kiçik bir hissəsini təşkil edib.
2005-2012-ci illərdə Azərbaycanda təhsil xərcləri Ümumi Daxili Məhsulun 2,8 faizini təşkil edib. Halbuki təbii ehtiyatları olmayan qonşu Ermənistan və Gürcüstanda bu rəqəm müvafiq olaraq 3,1 və 2,7 faiz idi. Müqayisə üçün deyək ki, Norveç ÜDM-in 6,9, Estoniya isə 5,7 faizini təhsilə xərcləyib.
Beləliklə Azərbaycanın neft sərvəti nəzərə alınarsa, fiziki infrastruktura və müdafiəyə xərclənən pullarla müqayisədə insan kapitalına investisiyalar müqayisə edilməyəcək dərəcədə cüzi olub.
Neftdən asılı
Üstəlik hazırkı iqtisadi artımın təməli də davamlı deyildir. Neft gəlhagəli eyforiyaya və iqtisadi nikbinliyə səbəb olsa da, belə bir faktı gizlətmək mümkün deyildir ki, Azərbaycan iqtisadiyyatı hər zaman olduğu kimi neftdən asılıdır və deməli, gələcəkdə baş verə biləcək qiymət dəyişmələri qarşısında kövrəkdir.
Yanacaq Azərbaycan ixracatının 92,5 faizini, gəlirlərin isə 74 faizini təşkil edir. Qaz ixracatı qarşıdan gələn onillikdə ümumi ixracatda payını artırsa da, onun yaratdığı sərvət neft ixracının yaratdığı sərvətin yalnız üçdə biri həcmində olacaq.
Qeyri-neft gəlirlərinin ÜDM-dəki payının ötən il artaraq on faizə çatması uğurlu şaxələndirmənin nümunəsi kimi təbliğ olunsa da, əslində, neft gəlirlərindən maliyyələşdirilən ictimai xərclərin hesabına şişirdilib.
Neft qiymətlərinin dəyişməsi son illərdə əsasən sabit olsa da və ondan qaynaqlanan qısamüddətli problemlər neft fondunun hesabına çözülsə də, daxili məhsul bütün bu müddət ərzində azalıb və onun tədrici tənəzzülü geriyə dönməz prosesə çevriləcək.
Beləliklə, burada narahat olacağımız məqamlar var. ABŞ Enerji İnformasiyası Administrasiyasının təxminlərinə görə, Azərbaycanda neft istehsalı artıq 2010-cu ildə özünün zirvə nöqtəsinə çatıb və BP-nin əməliyyatçı olduğu Azəri-Çıraq-Günəşli yatağında istehsalın azalmasından sonra sabitləşib.
Nəzərə almaq lazımdır ki, Azəri-Çıraq-Günəş Azərbaycan neftinin böyük hissəsini istehsal edir.
Təhlükəli
Əlbəttə, neft istehsalı qəfil dayanmayacaq, lakin tədricən tükənəcək. Qarşıdan gələn bir neçə ildə neft istehsalı sabit qalacaq. Neft ehtiyatları 15-20 ildən sonra tamamilə tükənəcək.
Qiymət və həcm düşmələri bir neçə səbəbə görə təhlükəlidir. Burada əsas məqam neftin hakimiyyətin yuxarı eşelonlarındakı münasibətlərdə oynadığı rol və rejimin ictimaiyyətin dəstəyini qazanması yollarıdır.
Azərbaycan kimi ölkələrin siyasi sabitliyində neft əsas rolu oynayır. Fikrimcə, Azərbaycan siyasətşünas Andreas Schedlerin “seçkili avtoritarlıq” adlandırdığı kateqoriyaya uyğun gəlir.
Bu kateqoriyaya aid ölkələrdə siyasi sistem özünü demokratiya kimi təqdim etsə də, demokratiyanın bütün siyasi oyunçulara vətəndaş azadlıqları kontekstində hakimiyyətə gəlmək uğrunda bərabər rəqabət aparmaq imkanları yaratmaq kimi mühüm xüsusiyyətini pozur.
Repressiyalar

Bu yay vətəndaş cəmiyyəti üzərinə hücumlar Azərbaycanda repressiyaların hakimiyyətin saxlanmasında mühüm alət olduğunu təsdiqlədi.
Prezident Əliyev hakimiyyətdə mümkün olduğu qədər qala bilmək üçün əksəriyyəti yüksək vəzifəli məmurlar və nazirlər olan qüdrətli elitalar qrupunun dəstəyinə möhtacdır.
Öz növbəsində, daha çox oliqarx kimi tanınan bu rəsmilər isə öz sərvətlərini prezidentə yaxınlıqları və sədaqətləri ilə toplaya biliblər.
Bunun müqabilində onların dəstəyinə ehtiyacı olan prezident, bu şəxslərin sədaqətli qalması üçün onlara ölkə ehtiyatlarına çıxış verir, lakin eyni zamanda onlardan heç birinin ona meydan oxuyacaq həddə qədər güclənməməsi üçün aralarlındakı rəqabətə rəvac verir.
Bu elitaların isə öz davamçıları var və elitalar hökumətin və hakimiyyətin qənimətlərini himayə piramidası boyunca üzüaşağı bölürlər. Sistem məhz bu cür, öz aralarında əlaqəli olan maraqlar şəbəkəsi şəklində qurulub.
Neft gəlirləri hakimiyyətə ictimai sektorda iş yerlərinin verilməsi, məktəb müəllimlərinin və dövlət qulluqçularının mükafatlandırılması, ictimai sektorun işçiləri üçün maaşların artırılması kimi imkanlar yaradır.
Əgər neft olmasa idi, belə bir sistemin işləməsi və saxlanması son dərəcə çətin olardı, çünki ideologiya və liderin xarizması kimi başqa legitimlik mənbələri xeyli zəif və sünidir.
Buna görə də neft qiymətlərinin enməsinin bu sistemə təsiri bu enmənin sərtliyindən və müddətindən asılı olacaq.
Siyasi şəraitə təsir
2008-ci ildə neft qiymətlərinin kəskin enişindən Azərbaycan iqtisadiyyatı zərbəyə məruz qalsa da, neft fondundakı vəsaitlərin hesabına ayaqda qala bilmişdi.
Hazırkı qiymət enişi o qədər sərt olmasa da, həlledici fərq bütün bunların neft istehsalının tədricən azalması və ölkə neftinin tükənməsi fonunda baş verməsidir.
Bu məqaləyə əlavə olunmuş diaqrama nəzər yetirsək görərik ki, Şahdəniz yataqlarının istismarına başlanması ilə qaz gəlirləri artacaq, neft gəlirləri isə 2020-ci ildən başlayaraq azalacaq.
Neftin azalması ilə yanaşı ixracatdan gələn gəlirlər də azalacaq, çünki qaz neftdən xeyli ucuzdur və o neft qədər gəlir gətirməyəcək.
Elə isə bütün bunların siyasi şəraitə təsiri nə ola bilər? Enerji gəlirləri azaldıqca, mükafat və ya himayədarlıq ehtiyatları da azalacaq. Əhalinin 14 faizini, 25-34 yaşında olanların 67 faizini işlə təmin edən dövlət sektorunda ixtisarlar gedəcək.
Hökumət öz xərclərini indiki səviyyədə saxlaya bilməyəcək. Bu isə o deməkdir ki, hakimiyyət 2006-cı ildə BTC kəməri istismara veriləndən indiyədək olduğu qədər səxavətli ola bilməyəcək.
Bu həm də o deməkdir ki, hökumətin fəaliyyətindən daha az insan razı qalacaq və daha çox insan aşağı enən həyat səviyyələrinə görə hakimiyyəti günahlandıracaq.
Bu əsnada həmçinin elitaların tükənən ehtiyatlar uğrunda çəkişmələri də başlana bilər. Qısası, bu o deməkdir ki, hazırkı rejimi daha az adam dəstəkləyəcək.
Bu mənada hökumətin vəsait gəlirlərindəki hər hansı azalma pis xəbər sayılmalıdır.
Belə bir böhran şəraitində siyasi sabitlik hakimiyyətin böhrandan keçmək qabiliyyətindən və ondan da mühümü, prezidentin rəqabət aparan elitalar arasındakı balansı saxlamaq bacarığından asılı olacaq.




