Azərbaycan ordusu Laçında ‘’erməni kəşfiyyatçını’’ saxlayıb, Makronun üzünə şillə vurdular, Böyük Britaniya minaların təmizlənməsində Azərbaycana kömək edəcək

Erməni diversiya qrupu Laçın ərazisinə daxil olub

Şəklin mənbəyi, ARIS MESSINIS/Getty Images

Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb. Fransa Prezidentinin üzünə şillə vurdular. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker Azərbaycana səfərə gəlib. Böyük Britaniya minaların təmizlənməsində Azərbaycana kömək edəcək. Biden və Erdoğan Qarabağı müzakirə edəcəklər - BBC News Azərbaycancanın icmalında.

Laçında ''erməni kəşfiyyatçı'' saxlanıb

İyunun 8-də Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. Ermənistan bir hərbçisinin Azərbaycan ərazisinə keçdiyini etiraf etsə də, onun ''diversant olmadığını'' deyir.

Nazirlik Laçın rayonu sahəsində "əlverişsiz hava şəraitindən istifadə edərək" Ermənistan-Azərbaycan dövlət sərhədini keçən qrupun Artur Kartanyan adlı hərbi qulluqçusunun saxlanıldığını, digər üzvlərin "geri çəkilərək ərazini tərk etdiklərini" bildirib.

"İlkin araşdırmalara görə, kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub", - Azərbaycan MN-in məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə isə, iyunun 8-də Ermənistan silahlı qüvvələri hərbi hissəsinin müqavilə əsasında xidmət edən hərbçisi Kotanyan dumanlı hava şəraitində yolu itirib və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə düşüb.

''Azərbaycan Müdafiə Nazirliyinin A.Kotanyanın diversant olması haqqında bəyanatı həqiqətə uyğun deyil'', Ermənistan MN bildirib.

Makronun üzünə şillə vurublar

President Emmanuel Macron

Şəklin mənbəyi, Getty Images

Fransanın cənub-şərqinə səfəri vaxtı prezident Emmanuel Makronun yaxınlaşdığı şəxslərdən biri onun üzünə şillə vurub.

Sosial şəbəkələrdə yayılan videoda Fransa Prezidentinin küçədə toplaşan insanları salamladığını görmək olar.

Bundan sonra onun əl uzatdığı insanlardan biri qəfildən cənab Macron-un üzünə şillə vurur.

Videoda "Rədd olsun Makronizm!" şüarını eşitmək olar.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Hadisəyə dərhal müdaxilə edən mühafizə xidmətinin əməkdaşları prezidentlə insanların arasına keçiblər.

Fransa mətbuatı hadisə ilə bağlı iki nəfərin həbs olunduğunu bildirir.

Fransa siyasətçiləri insidenti qınayıblar.

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker

Şəklin mənbəyi, it.usembassy.gov

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker Azərbaycana səfərə gəlib, ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

ABŞ Dövlət Departamentinin saytında deyilir ki, səfərin məqsədi "ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etməkdir".

Philip Reeker-in Azərbaycan və Ermənistanda səfəri çərçivəsində hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşəcəyi, ikitərəfli prioritetlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilir.

Philip Reeker Bakıdan əvvəl Gürcüstanda səfərdə olub. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana yola düşəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi

Şəklin mənbəyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi

Böyük Britaniya minaların təmizlənməsində Azərbaycana kömək edəcək

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi açıqlayıb ki, ölkənin Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin mütəxəssisi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) "münaqişənin bu ölümcül qalıqları ilə mübarizədə necə kömək edə biləcəyini" araşdırmaq məqsədi ilə Azərbaycana səfər edib.

"Keçən cümə günü Kəlbəcərdə baş verən faciəvi hadisə bir daha bizə partlamamış mina və hərbi sursatlarının yaratdığı dağıdıcı humanitar riski barədə xatırlatdı", - məlumatda deyilir.

İyunun 4-də Kəlbəcərə ezam olunmuş jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşəndən sonra Məhərrəm İbrahimov, Sirac Abışov və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, dörd nəfər xəsarət alıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (solda) və ABŞ Prezidenti Joe Biden (sağda), 2013-cü il

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Foto: Arxiv: Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (solda) və ABŞ Prezidenti Joe Biden (sağda), 2013-cü il

Biden və Erdoğan Qarabağı müzakirə edəcəklər

ABŞ Prezidenti Joe Biden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla Qarabağı müzakirə edəcək.

Bu barədə Joe Bidenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bazar ertəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları müzakirə ediləcək.

Ermənistan-Azərbaycan arasında 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları birgə bəyanatla başa çatıb.