Çavuşoğlu Parisə gəlib, ABŞ Dövlət Katibinin köməkçisi Reeker-in Cənubi Qafqaza səfəri başlayır

Şəklin mənbəyi, twitter.com/MevlutCavusoglu
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Fransada səfərdədir, ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Philip Reeker-in Cənubi Qafqaza səfəri başlayır, MN: Kəlbəcər istiqamətində sərhəddə atəşkəs pozulmayıb, Türkiyədə Azərbaycan hərbçilərinin iştirak etdiyi "Anatolian Phoenix-2021" təlimi sona çatıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Çavuşoğlu Fransada səfərdədir
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun Fransaya səfəri başlayıb.
Bu gün o, Parisə gəlib.
"İkitərəfli münasibətlərimizi, Aİ ilə əməkdaşlığımızı və regional prosesləri müzakirə etmək üçün #Parisdəyik", Çavuşoğlu özünün Twitter səhifəsində yazıb.
Türkiyə Xarici İşlər Nazirliyinin bundan əvvəl verdiyi açıqlamada Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian-ın dəvəti ilə bu ölkəyə səfər edəcəyi bildirilmişdi.
Keçiriləcək görüşlər zamanı "Türkiyə-Fransa və Türkiyə-Aİ əlaqələrinin müzakirə ediləcəyi, mövcud regional problemlər və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi" aparılacağı qeyd olunmuşdu.
Philip Reeker-in Cənubi Qafqaza səfəri başlayır

Şəklin mənbəyi, GETTY IMAGES/ELVIS BARUKCIC
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker-in bu gün Cənubi Qafqaz ölkələrinə səfəri başlayır.
ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Philip Reeker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
Məlumata görə, səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi və bölgədə demokratik və iqtisadi inkişafa ABŞ-ın dəstəyinin bildirilməsidir.
Məlumatda deyilir ki, Philip Reeker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə görüşəcək, aprelin 19-da Gürcüstanın siyasi partiyaları arasında imzalanmış sazişin tam tətbiqini, Gürcüstana qarşı Rusiyanın davam edən təcavüzü və işğalını müzakirə edəcək.
Dövlət Katibinin köməkçisi Ermənistan və Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək qarşılıqlı prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.
MN: Kəlbəcər istiqamətində sərhəddə atəşkəs pozulmayıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
"Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri şənbə günü ölkənin Geğarkunik vilayətinin Kut kəndi yaxınlığındakı sərhəddə atəş açıblar.
"Anatolian Phoenix-2021" təlimi sona çatıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada keçirilən "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimi sona çatıb.
Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunurdu.









