Fransadan Azərbaycan-Ermənistan dialoquna yardım vədi, Azərbaycan "erməni silahlı dəstə" üzvlərinin işini məhkəməyə göndərib

Paşinyan və Macron

Şəklin mənbəyi, Anadolu Agency/Getty images

Fransadan Azərbaycan-Ermənistan dialoquna yardım vədi, Azərbaycan "erməni silahlı dəstə" üzvlərinin işini məhkəməyə göndərib, Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunun "işi davam etmir" - Ermənistan rəsmisi, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək, Parisdə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşərkən Fransa Prezidenti deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Fransa ABŞ və Rusiya ilə birlikdə, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpası və gərginliyin aradan qalxması üçün əlindən gələn hər şeyi etmək niyyətindədir", - TASS agentliyində Emmanuel Macron-un sözləri iqtibas olunur.

Fransa Prezidenti Azərbaycan-Ermənistan sərhədində baş verən "son hadisələrlə bağlı" deyib ki, delimitasiya prosesi yalnız danışıqlar yolu ilə və "güc tətbiq etmədən" həyata keçirilməlidir.

Macron-un sözlərinə görə, "Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməli", "tərəflər 11 may tarixindən etibarən tutduqları mövqelərə qayıtmalıdırlar".

Mayın 12-dən Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.

Ötən həftədən bəri vəziyyət bir qədər də gərginləşib. Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edir.

Mayın 27-də Azərbaycan ölkə ərazisinə girməyə cəhd göstərməkdə ittiham etdiyi "6 erməni hərbçisini əsir" götürdüyünü açıqlayıb. Ermənistan hadisənin öz ərazisində baş verdiyini və hərbçilərin "oğurlandığını" hesab edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisəni "terror cəhdi adlandırıb".

Azərbaycan "erməni silahlı dəstə" üzvlərinin işini məhkəməyə göndərib

Baş Prokurorluq

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Baş Prokurorluq həbsdən qaçan məhbusun öldürüldüyünü təsdiqləyib

Azərbaycan ötən ilin sonlarında Azərbaycan "ərazisinə qanunsuz" keçən erməni silahlı dəstələrin üzvlərinə dair ibtidai istintaqın başa çatdığını bildirir.Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında deyilir.

«10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb», - çərşənbə axşamı yayılan açıqlamada deyilir.

Məlumata əsasən, 14 nəfərin işləri ittiham aktı ilə birlikdə baxılmaq üçün məhkəməyə təqdim olunub. Onlara qarşı terrorçuluq, dövlət sərhədini qanunsuz keçmə, mütəşəkkil dəstə və ya cinayətkar birlik şəklində basqın etmək kimi müxtəlif maddələrlə bağlı ittihamlar irəli sürülüb.

İstintaq bildirir ki, 26-27 noyabrda Azərbaycanın dövlət sərhədini "qanunsuz keçən" birləşmənin üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq o cümlədən "terror əməlləri" törədiblər.

"Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir".

Ermənistan 2021-ci ilin fevral ayının sonunda Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək 240 nəfər iddia olunan hərbi əsir və mülki saxlananın məsələsini Azərbaycan qarşısında qaldırmağa çağırıb.

Azərbaycan hərbi əməliyyatlar zamanı və ondan əvvəl tutulmuş bütün hərbi əsirlərin Ermənistan tərəfinə qaytarıldığını bildirir.

Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunun "işi davam etmir" - Ermənistan rəsmisi

Mher Qriqoryan

Şəklin mənbəyi, Armenpress

Rəsmi Yerevan hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə, Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupu formatında konstruktiv işləmək mümkün deyil. Bu barədə iyunun 1-də Ermənistan Milli Məclisində baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryan jurnalistlərə deyib.

Üç ölkə baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrup Azərbaycan-Ermənistan arasında nəqliyyat kommunikasiyasının bərpası üzərində çalışır.

"Hazırda komissiyanın işi davam etmir, çünki işin səmərəliliyi üçün müvafiq fon olmalıdır, ən azı, vəziyyət stabil olmalıdır. Bu gün sərhəddəki vəziyyət konstruktiv iş üçün imkan vermir," - Ermənistan rəsmisi deyib.

BBC News Azərbaycanca işçi qrupun fəaliyyətinin işini dayandırması ilə bağlı Azərbaycan Nazirlər Kabineti və Azərbaycan Xarici İşlər Nazirliyindən şərh ala bilməyib.

Mher Qriqoryan əlavə edib ki, altı erməni hərbçisini əsir götürəndən sonra Azərbaycanla əlaqə kəsilib.

Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də səhər saatlarında erməni hərbçilərinin Azərbaycan ərazisinə keçərək orada "minalanma işləri apardığı və 6 hərbçini əsir götürməsi" ilə bağlı məlumat yayıb.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlanıb".

Ermənistan baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryanın sözlərinə görə, bu vaxtadək işçi qrup çərçivəsində olduqca konstruktiv iş gedirdi və o ümid edir ki, "işçi qrup üzvləri kommunikasiyaları açmaq və Azərbaycanla Ermənistan və müvafiq olaraq, Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisi üzərindən dəmiryol və avtomobil hərəkətinin bərpa olunması üçün hər şey edərlər".

Yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvada keçirilən görüşü zamanı üç ölkənin baş nazirinin müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına fokuslanacaq işçi qrupun yaradılmasına qərar verilib.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk ötən ilin sonunda verdiyi açıqlamada işçi qrupunun görüşlərinin ilk növbədə "Bakı və Yerevandan asılı olduğunu" bildirmişdi.

Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edib

Ceyhun Bayramov

Şəklin mənbəyi, Anadolu Agency/Getty images

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyi müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ceyhun Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının "danışıqlar yolu ilə həllinin vacibliyini" qeyd edib.

Nazir Azərbaycanın sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini dəstəklədiyini vurğulayıb, XİN bildirib.

Məlumatda deyilir ki, Ceyhun Bayramov son gərginlik zamanı saxlanılan 6 erməni hərbçi barədə söyləyib ki, Ermənistan tərəfinin "bu kimi təxribatlara əl atması yolverilməzdir".

Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.