"Əsir götürülmüş 6 erməni hərbçi" qalmaqalı: Paşinyan sərhəddə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsinə səsləyir

Paşinyan

Şəklin mənbəyi, GOV.AM

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan tərəfinə sərhədlər dəqiqləşdirilincə bu ərazilərdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edir.

Rəsmi Bakı Paşinyanın son təklifinə münasibət bildirməyib.

Bu bəyanat Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləməsinə təsadüf edir.

"Mən beynəlxalq ictimaiyyətə və Azərbaycana müraciət edirəm: biz razılaşırıq ki, hər iki tərəfin qoşunları çox tez simmetrik olaraq sərhəddən çəkilir və və öz daimi dislokasiya yerinə qayıdırlar, sərhəd boyunca isə Rusiya və digər ATƏT-in Minsk Qrupu ölkələrindən beynəlxalq müşahidəçilər yerləşdirilir", - cümə axşamı günü Ermənistan Təhlükəsizlik Şurasının iclasında çıxış edən Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, beynəlxalq müşahidəçilər razılaşmaların əməl edilməsinə nəzarət üçün lazımdır. Paşinyan bu planı Azərbaycanla sərhəddə gərginliyin səngiməsi istiqamətində ən qısa yol hesab edir.

Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də səhər saatlarında erməni hərbçilərinin Azərbaycan ərazisinə keçərək orada minalanma işləri apardığı və 6 hərbçini "əsir götürməsi" ilə bağlı məlumat yayıb. Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədə gedib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki sərhəddə yerləşən mövqelərinə aparan "təminat yolunda minalama fəaliyyəti həyata" keçirən zaman Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi "əsir götürülüb".

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlanıb".

"Bir şey aydındır ki, bu, əsir götürmək deyil, bizim əsgərlərin respublika ərazisindən oğurlamaqdır," - Nikol Paşinyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun "Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir".

Ermənistan Müdafiə Nazirliyi isə Geğarkunik vilayətində yerləşən hərbi hissənin "öz müdafiə ərazisində texniki işlər icra etdiyi zaman Azərbaycan silahlı qüvvələrinin hərbçiləri tərəfindən mühasirəyə alındığını" açıqlayıb.

Son 3 gündür ki, Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edir.

Paşinyan: "Birləşmək lazımdır"

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu səhər 6 erməni hərbçisinin əsir götürüldüyü deyilən Geğarkunik vilayətinin Kut kəndinə gedib.

Paşinyan kənd sakinləri ilə görüş zamanı deyib ki, onlara ilk növbədə birləşmək lazımdır: "Çünki hər dəfə Azərbaycan görəndə ki, bizi bir-birimizə qarşı qaldırmaq imkanı var, daha da fəallaşır".

Onun fikrincə, daxili ziddiyyətlərə baxmayaraq, onların hərəkətlərinə qarşı ilk reaksiyanın birləşmək olduğunu göstərmək lazımdır.

Nikol Paşinyan, sərhəd

Şəklin mənbəyi, Nikol Paşinyan/Facebook

"Biz hamımız bir məntiqə əməl etməliyik ki, hamımız - həlak olanların, əsir düşənlərin ailələri, sərhəd ərazilərin sakinləri, Yerevanın mərkəzindən ta Kut kəndinə kimi - bir ailəyik".

O, hazırkı gərgin vəziyyətdə yaranmış duruma düzgün qiymət vermək və düzgün qərarlar qəbul etmək üçün sayıqlığı itirməməyə və təmkinli olmağa çağırıb.

O, xalqdan gizli heç bir sövdələşmə olmayacağını deyib.

"Beynəlxalq hüquqa əsasən, bu, bizim suveren ərazimizdir və Azərbaycan silahlı qüvvələri buradan çıxmalıdır. ABŞ, Fransa, Hindistan bunu bəyan ediblər, Rusiya Federasiyası bəyan edib".

"Mən sizin gözlərinizin içinə baxa-baxa deyirəm: heç bir gizli sövdələşmə olmayacaq".

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gərginliyi nizamlamaqda roluna dair sualın cavabında Paşinyan deyib ki, qurumun nüfuzunu yüksək saxlamaq üçün hər şey etmək lazımdır.

"Bunun üçün biz gərək öz öhdəliyimizə düşəni edək, KTMT - öz".

Azərbaycan MN: "...erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?"

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib ki, "kəşfiyyat-diversiya qrupunun fəaliyyətini mühəndis işləri kimi qələmə verməsi düşmənin özünə bəraət qazandırmaq cəhdidir".

Cənab Eyvazov Ermənistanın "təxribatı ört-basdır etmək məqsədilə yalan məlumat yaydığını" bildirib, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

"Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər. Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?" - Anar Eyvazov bildirib.

Məlumatda deyilir ki, Anar Eyvazov kiçik qruplarla mühəndis işlərinin həyata keçirilmədiyini, təxribatın məqsədinin sərhəddə xidmət edən Azərbaycan qüvvələrinin arxasına keçərək "təminat yolunu minalamaq" olduğunu qeyd edib.

"Ara-sıra atəş səsi eşidilir"

Ermənistanın Geğarkunik vilayətində "vəziyyət gərgindir, ara-sıra atəş səsləri eşidilir". Bu barədə vilayətin Geğamasar icmasının icra başçısı Hakob Avetyan "Sputnik Armenia" agentliyinə deyib.

Hazırda Geğarkunik-Kəlbəcər istiqamətində atışma olub-olmadığı ilə bağlı BBC News Azərbaycanсanın sualına cavabında Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan "atəş açmayıb".

"Ermənistan bizim oğlanları qaytarmaq üçün tədbirlər görür," - Geğamasar icmasının icra başçısı Hakob Avetyan "Sputnik Armenia"ya deyib.

Onun sözlərinə görə, əhali arasında elə bir çaxnaşma müşahidə olunmur, lakin onlar insidentlə bağlı ciddi narahatlıq keçirirlər.

"Biz özümüzü müdafiə etməyə hazırıq. Camaatımız artıq bu vəziyyətə öyrəşib və öz evlərini qoyub getmək fikrində deyil," - icma başçısı Hakob Avetyan deyib.

Qarabağ müharibəsi, sərhəd

Şəklin mənbəyi, STRINGER / AFP) (Photo by STRINGER/AFP via Getty I

Azərbaycan nə deyir?

Azərbaycan Xarici İşlər Nazirliyi əsir götürülən erməni hərbçilərin Azərbaycan ərazilərində "kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti" həyata keçirməyə cəhd göstərdiyini deyib.

"Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir", - Azərbaycan XİN açıqlayıb.

Qurumun məlumatında deyilir ki, Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin "danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir".

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan ərazisinə keçməyə cəhd göstərib.

Nazirlik ilkin məlumata görə, Ermənistan tərəfindən tərkibində 9 və 15 nəfər olmaqla iki kəşfiyyat-diversiya qrupunun sərhədi keçdiyini, onların bəzilərinin saxlanıldığını, digərlərinin isə qaçdığını bildirib.

"Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb," - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Azərbaycan MN bildirib ki, cümə axşamı günü səhər saatlarında "sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi" müşahidə edilib.

Qurum görülən tədbirlər nəticəsində onların hərəkətinin "qarşısının alındığını" bildirib.

Azərbaycan MN Ermənistanın kəşfiyyat-diversiya qruplarının saxlanıldığı ərazinin coğrafi koordinatları da açıqlayıb.

Qarabağ müharibəsi

Şəklin mənbəyi, ARIS MESSINIS/AFP via Getty Images

Ermənistan nə deyir?

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan erməni hərbçilərin Azərbaycan silahlı qüvvələri tərəfindən əsir götürülməsini Ermənistan ərazisindən "insan oğurluğu" adlandırıb.

Onun sözlərinə görə, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə, xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlanıb".

"Bizim əsgərlər tərəfindən heç bir diversiya edilməyib, insident bizim ərazidə baş verib," - cümə axşamı günü Paşinyan hökumət iclasında deyib.

Onun firkincə, bu kimi hadisələr ona görə baş verir ki, "kimsə istəyir ki, biz Azərbaycan hərbçilərinin ərazimizdə olması ilə barışaq, lakin bu olmayacaq".

"Bu, Ermənistan Respublikasının suverenliyinə birbaşa təhdiddir və məsələni həll etmək üçün bütün beynəlxalq vasitələrdən istifadə etmək lazımdır," - Paşinyan bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin daha bir məqsədi - necə olursa olsun hərbi konflikt qızışdırmaqdır, lakin erməni tərəfi bu cəhdlərə təslim olmamalıdır.

Ermənistan Xarici İşlər Nazirliyi cümə axşamı günü yaydığı məlumatda qeyd edib ki, suveren Ermənistan ərazisinə daxil olmuş qarşı tərəfin qoşunları "bir sıra istiqamətlərdə öz təxribatçı hərəkətlərinə davam edirlər".

Ermənistan XİN-in bəyanatında deyilir ki, Azərbaycan silahlı qüvvələrinin bu hərəkətlərinin məqsədi vəziyyəti daha da "gərginləşdirmək və regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə" yaratmaqdır.

"Biz Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyirik və qeyd edirik ki, Azərbaycan SQ hərəkətləri və bunun nəticələri üçün məsuliyyət Azərbaycan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Əsir götürülən Ermənistan hərbçiləri dərhal və qeyd-şərtsiz qaytarılmalıdır," - Ermənistan XİN-in bəyanatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Müdfafiə Nazirliyinin əsir götürülmüş erməni hərbçilərinin Azərbaycan ərazisində olması haqqında məlumatı "həqiqətə uyğun deyil".

Ermənistan MN-nin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri "Geğarkunik vilayətində yerləşən hərbi hissə öz müdafiə ərazisində texniki işlər icra etdiyi zaman Azərbaycan silahlı qüvvələrinin hərbçiləri tərəfindən mühasirəyə alınıb və Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi əsir götürülüb".

"Əsir götürülən hərbçilərin qaytarılması üçün lazımi tədbirlər görülür," - Ermənistan MN açıqlayıb.

Mayın 27-nə qədər nə olub?

Çərşənbə günü Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə bildirib ki, ilk öncə tərəflərin müvəqqəti olaraq (sərhədlər tam müəyyən edilənə kimi) keçmiş sovet sərhədləri boyunca yerləşəcəyi nəzərdə tutulmuşdu, amma Azərbaycan "öz son hərəkətləri ilə faktiki olaraq bu prosesi pozub".

"Danışıqlar yalnız Azərbaycan qoşununun Ermənistanın Sünik və Geğarkunik vilayətləri ərazisindən çıxarıldıqdan sonra davam etdirilə bilər," - Paşinyan deyib.

Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan-Ermənistan sərhədində yer alan insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur.

Nazirliyin sözçüsü Mariya Zaxarova bu məsələnin uzunmüddətli həllinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və daha sonra demarkasiyası ilə bağlı olduğunu deyib.

Mayın 25-də Ermənistan Azərbaycan-Ermənistan sərhədində, Geğarkunik vilayəti ərazisində baş vermiş insident nəticəsində bir hərbçinin həlak olduğunu bildirib. Azərbaycan bunu "yalan məlumat" adlandırıb və hərbçinin ölümünün "bədbəxt hadisə nəticəsində baş verdiyini" söyləyib.

Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.