Paşinyan: "Dağlıq Qarabağ xilas naminə ayrılmalıdır"

Paşinyan

Şəklin mənbəyi, parliament.am

"Ermənistan Dağlıq Qarabağ ərazisinin işğaldan tam azad edilməsi və sərhədlərinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti daxilində bərpa olunması məsələsini qaldırmalıdır", Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, söhbət Hadrut rayonu və Şuşanın Xankəndinin (Stepanakert) nəzarəti altına alınmasından gedir. Lakin bu məsələ hərbi yolla deyil, siyasi yolla həll olunmalıdır, o belə deyir.

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində 2020-ci il Hökumət proqramının yerinə yetirilməsi haqqında illik hesabatı təqdim edərkən çıxış edib. O, çıxışında İkinci Qarabağ Müharibəsindən və müharibədən sonra baş verənlərdən danışıb.

O deyib ki, Dağlıq Qarabağın "xilası naminə ayrılmaq formulunun gerçəkləşdirilməsini davam etmək lazımdır".

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəlki çıxışlarında "bütün ölkələrin Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını" və "statusun olmayacağını" xatırladıb.

Nikol Paşinyan Azərbaycanda "Hərbi qənimətlər parkı"nın açılmasına işarə edərək deyib ki, Ermənistan bütün tribunalarda diqqəti Azərbaycanda ''müharibə qurbanlarına həsr olunmuş muzeyin'' açılmasına çəkməlidir.

O, bu "sərgini" "ermənilərə qarşı nifrət və ksenofobiya zirvəsi" adlandırıb. Onun sözlərinə görə, rəsmi Bakının bu hərəkətləri Qarabağın xilası naminə ayrılması üçün "ən yaxşı əsasdır".

Və bu formul gələcək danışıqların təməlini təşkil etməlidir, Paşinyan deyib.

Azərbaycan XİN İkinci Qarabağ müharibəsindən qalma, erməni əsgərlərinə məxsus dəbilqə və çəkmələrin, eləcə də erməni hərbçilərinin manekenlərinin və hərbi texnikanın nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkını barədə deyib ki, "İkinci Qarabağ Müharibəsində ölkənin qələbəsinin əbədi yaşadılması bizim mənəvi haqqımızdır.''

"Levon Ter-Petrosyan hələ 2018-ci ildə torpaqların qaytarılmasını təklif edib"

Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, Ermənistanın 1-ci Prezidenti Levon Ter-Petrosyan ona hələ 2018-ci ilin yayında Dağlıq Qarabağda torpaqların Azərbaycana qaytarılmasını təklif etmişdi.

"Mən sizə bir sirr açaram. Görün, birinci prezident bizim 2018-ci ilin iyulunda görüşümüz zamanı nə demişdi. İqtibas edirəm: "Torpaqları artıq vermək lazımdır". Nəyin müqabilində? Niyə? Necə? Birinci prezidentin təsəvvürü, hər halda o zaman, bu çərçivədən çıxmırdı, qalanı - qiymətləndirmədir", - Paşinyan deyib.

Yerli media xatırladır ki, daha əvvəl, 44 günlük Qarabağ müharibəsində məğlubiyyətdən sonra Levon Ter-Petrosyan bəyan etmişdi ki, yaranmış daxili siyasi böhrandan yeganə çıxış yolu Baş nazir Paşinyanın istefası ola bilər.

Paşinyan Qasparyanın müharibəni dayandırmaqla bağlı iddialarını təkzib edib

Nikol Paşinyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci il 27 sentyabrda başlayandan dörd gün sonra Qarabağ müharibəsinin dayandırılmasını təklif etməsi haqqında bəyanatını təkzib edib.

Onun sözlərinə görə, son vaxtlar bu mövzu ətrafında çoxlu "spekulyasiyalar" edilir və aydınlıq gətirmək lazımdır.

Paşinyan xatırladıb ki, Onik Qasparyan noyabrın 17-də bəyan etmişdi ki, müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin itkiləri haqqında və yaranmış vəziyyətlə bağlı Silahlı Qüvvələrin münasibətini bildirərkən, guya deyibmiş ki, Ermənistanın resursları 2-3 günə tükənə bilər və müharibəni dayandırmaq lazımdır.

Paşinyan "tam məsuliyyətlə" bəyan edir ki, keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın bu açıqlaması "həqiqətə uyğun deyil".

"Baş Qərargah rəisi belə söz deməyib və bu fakt o cümlədən rəsmi stenoqramada əks olunub. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabr tarixli iclasından gedir, harada ki, Qasparyan, əksinə, deyirdi ki, düşmən heç bir müvəffəqiyyətə nail olmayıb, ordumuz qarşısına qoyulan tapşırıqları yerinə yetirir və sonadək yerinə yetirəcək", - Paşinyan xatırladıb.

Bundan başqa, Paşinyanın sözlərinə görə, Qasparyan sentyabrın 30-da bunu bəyan edə bilməzdi, çünki bundan bir ay əvvəl, avqustun 21-də Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi deyirdi ki, erməni tərəfi Qarabağ istiqamətində mövcud olan qüvvələri və vasitələri ilə nəinki qarşı tərəfin həmləsini dəf etməyə, onun qoşun qrupunu dağıtmağa qabildir.

Lakin bu, o demək deyil ki, Ermənistan siyasi rəhbərliyi barışıq üçün heç nə etməyib, o deyib və xatırladıb ki, müharibə zamanı üç dəfə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.

Keçmiş Baş Qərargah rəisi Onik Qasparyan isə Paşinyanın bu çıxışına cavab verib və onun dediklərini "yalan" adlandırıb.

"Azərbaycan kəşfiyyat peykləri alanda, Ermənistan..."

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsindən sonra onu "kapitulyant" (məğlubiyyətçi) adlandıran keçmiş hakimiyyət nümayəndələrinə və öz tənqidçilərinə bu məğlubiyyətin əsasının məhz onun sələflərinin dövründən qoyulduğunu izah etməyə çalışıb.

Paşinyan çərşənbə günü Ermənistan Milli Məclisində çıxışı zamanı bəyan edib ki, Azərbaycan kəşfiyyat peykləri alanda, Ermənistan hakimiyyət nümayəndələri Yunanıstan adalarında torpaq sahələrini alırdı.

2017-ci ildə Ermənistan hakimiyyəti tərəfindən maliyyələşdirdilən bir təhlilə əsaslanaraq, Ermənistan Baş naziri qeyd edib ki, hələ o zaman müəyyən mühüm infrastrukturların inkişafı üzrə Azərbaycan Ermənistandan şərti 10-1 hesabla üstün olub. Həmin təhlilə istinad edərək, Paşinyan bəyan edib ki, Ermənistanda hərbi-sənaye sistemi 2016-cı ildə yaradılmağa başlayıb, halbuki Azərbaycanda bu proses 11 il bundan əvvəl başlanıb.

"2017-ci ildə Azərbaycanın Yer kürəsi orbitində üç peyki olub, o cümlədən, onlardan biri - kəşfiyyat üçün. Bəli, Azərbaycan kəşfiyyat peyklərini alırdı, Ermənistan hakimiyyət nümayəndələri yunan adalarında, Avropalarda, mümkün olan yerlərdə torpaq sahələri alırdı", - Paşinyan bəyan edib.

"Beləliklə, qeyd etmək lazımdır ki, onlar institusional dövlət formalaşdırmayıb, dövlət vəsaitləri hesabına dövləti mafioz struktura çeviriblər və bu mafioz strukturun caynaqları bu gün də məhkəmə sistemindən tutmuş, təəssüf ki, silahlı qüvvələrədək uzanır", - Paşinyan deyib.

Paşinyan bəyan edib ki, bu, "20 il davam edən "satqınlığa və 20 il davam edən məğlubiyyətçiliyə qarşı" mübarizənin davam etdiriləcək.

Ermənistanın keçmiş hakimiyyət nümayəndələri öz çıxışlarında müharibənin başlaması, gedişatı və nəticələrinə görə Paşinyanı ittiham edirlər.