Erməni əsgərlərinin dəbilqələri Qənimətlər parkında – Azərbaycan “mənəvi haqqı”, Ermənistan “təhqir” hesab edir

İlham Əliyev, bu gün

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az

    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca

Bakıda açılmış Hərbi Qənimətlər parkında 2-ci Qarabağ müharibəsindən qalma, erməni əsgərlərinə məxsus dəbilqə və çəkmələrin, eləcə də erməni hərbçilərinin manekenlərinin nümayişi Azərbaycanda həm tənqidi, həm də dəstəkləyici reaksiyalara səbəb olub.

Azərbaycan prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi parkla bağlı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib və bu addımı "müharibədə həlak olan, itkin və əsir düşənlərin xatirəsinin təhqir edilməsi, onların və ailələrinin hüququ və ləyaqətlərinin tapdalanması'' kimi qiymətləndirib.

Azərbaycan XİN isə bu gün verdiyi bəyanatında bunu 2-ci Qarabağ müharibəsində ölkənin qələbəsinin ''əbədi yaşadılması bizim mənəvi haqqımızdır'' deyə şərh edib.

Erməni əsgərlərinin dəbilqələrinin nümayişini "qeyri-etik" hesab edən sosial media istifadəçiləri Atatürkün Çanaqqala savaşında həlak olmuş, türk ordusuna qarşı vuruşmuş xarici əsgərlərin analarına ünvanladığı ''torpaqlarımızda yatan oğullarınızdan nigaran qalmayın'' mesajı verən müraciətini xatırladıb.

İlham Əliyevin kameralar qarşısına əsgər dəbilqələrinin asıldığı divarların arasından keçərək çıxmasına reaksiya verənlər ermənilərin Azərbaycan hakimiyyəti altında ''təhlükəsiz yaşaya bilməyəcəyi'' qənaətinə gəlib.

Bu arada Prezident Əliyev bu gün Bakıda xarici jurnalist və siyasi ekspertlərin suallarını cavablandırarkən ''Hazırda Rusiya sülhməramlılarının nəzarətində yaşayan erməniləri biz Azərbaycan vətəndaşlarımız hesab edirik'' deyib.

İlham Əliyev, bu gün

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az

Tənqidlər

Bəzi təhlilçilər hesab edir ki, 2-ci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycan bu gün əsasən sülh və barışıq mesajları verməlidir.

Azərbaycanın addımları qisascılıq niyyəti daşımamalıdır və hakimiyyət qələbədən sui-istifadə etməməlidir, Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli belə hesab edir.

Anar Məmmədliyə görə, bu sərgi və ölkənin siyasi rəhbərliyi tərəfindən çıxışlar qisasçılıq niyyəti daşımamalıdır, ''ədalətin öz yerini tapmasına'' yönəlməlidir.

"Müxtəlif formalarda, hüquqi, siyasi, ictimai formalarda çalışmaq lazımdır ki, münaqişənin başa çatmasına yönəlmiş addımlar olsun yəni, qisasçılıq niyyəti daşımasın. Yəni, biz erməniləri məğlub etdik, onların geyimlərini, dəbilqələrini, çəkmələrini gətirib nümayiş etdiririk. Bu heç bir halda ədalətə xidmət etmir, bu daha çox qisasçılıq yaradır, onları alçaltmağa, təhqir etməyə yönəlir", - Anar Məmmədli deyib.

Orada həlak olan erməni əsgərləri əmr icra ediblər, siyasi rəhbərlik nə qərar veribsə, onu ediblər və 18-20 yaşlı əsgərlərin siyasi məsuliyyəti olmayıb, Anar Məmmədli belə hesab edir.

"İlham Əliyevin çıxışlarında görürsən ki, özündən əvvəlki Azərbaycan tarixindəki siyasi liderləri təhqir edir, onlar barədə müxtəlif sözlər deyir. Məsələn, Rəsulzadə ilə bağlı son çıxışları. Sanki, qələbənin fonunda Azərbaycanın tarixində baş vermiş digər tarixi uğurların üstünə kölgə salmaq istəyirlər, üstündən xətt çəkməyə çalışırlar. Birinci respublikanın yaradılmasında iştirak etmiş şəxslər hər biri hörmətə layiq insanlardılar və onları belə təhqir etmək məncə doğru deyil", - Anar Məmmədli deyib.

Sosial medianın azərbaycanlı istifadəçiləri arasında Prezident Əliyevin erməni əsgərlərinin dəbilqələri asılmış divarın arasında keçərək yeriməsini göstərən kadrları tənqid edənlər arasında tarixçi alim Altay Göyüşov da var.

Altay Göyüşov, status

Şəklin mənbəyi, Facebook/Altay Göyüşov

O öz Facebook səhifəsində İlham Əliyevin dəbilqələr arasında dayanan fotosunu paylaşaraq yazıb: " Çox guman xətrindən keçib ki, düşmən kəllələrindən dağ düzəltsin, divar hörsün".

park, bu gün

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az

Müstəqil media eksperti, Azadlıq radiosunun keçmiş əməkdaşı Rövşən Əliyev hesab edir ki, ''indiyə kimi Azərbaycan haqlı olmasına baxmayaraq müharibədən sonrakı bu addımı haqsızdır''.

Onun fikrincə, Bakıda açılmış sərgidə hərbi texnikanın nümayişi normal addımdır, ancaq o insanlara aid olan əşyaların orada sərgilənməsini, müqəvvaların nümayişini ''səhv'' qərar sayır.

"Danışıqlar vaxtı BMT qətnamələri yerinə yetirilmədi və Azərbaycan hərbi yolla ərazilərinin bir hissəsini bərpa elədi. Bura qədər Azərbaycan haqlı idi. Bu haqqından, hüququndan istifadə edib müharibə vaxtı etnik ermənilərə müraciət etməliydi, onların hüquqlarını qorumalı, onlar haqqında qərarlar çıxarmalıydı. Bunların heç birini etmədi. Azərbaycan haqlı ola-ola elə addımlar atır ki, onu haqsız çıxarmaq da mümkündür. O sıradan son hadisə hərbi qənimətlər muzeyinin açılması. Bu muzeydə erməni əsgərlərinin formasının ələ salınması onların kuklalarının qoyulması, onlara aid əşyaların nümayiş etdirilməsi humanist bir addım deyildi. Müharibədə Azərbaycan haqlı olmasına baxmayaraq, müharibədən sonrakı bu addımı haqsızdır.", - Rövşən Əliyev deyib.

Siyasi şərhçi Zərdüşt Əlizadə də son vaxtlar atılan addımların sülhə xidmət etmədiyi qənaətindədir.

"Müharibə bitdi, münaqişə hələ həll olunmadı, Qarabağ erməniləri ilə əlaqələr qurmaq lazımdır və Ermənistanla hələ sülh müqaviləsi imzalanmayıb" azərbaycanlı politoloq Zərdüşt Əlizadə deyib - "Və bugünkü post-müharibə mətbuatı, xəbərlər, saytlar və televiziya münaqişənin həllinə xidmət etmir. "... o əlavə edib.

Politoloqun sözlərinə görə, əsgərlərin dəbilqələri və kuklalar Azərbaycanın dinc erməni sakinlərinə deyil, "Azərbaycan ərazisinə qanunsuz olaraq girib, məhv edib, öldürən işğalçılara" aiddir. "Ancaq zəfərdən sonra bu üsulların keçmişdə qala biləcəyini düşünürəm, lazımsız və əks nəticə verir" o deyib.

park, bu gün

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az

Zərdüşt Əlizadə gələcək sülh üçün Qarabağ erməniləri və onların liderləri ilə danışmağın və onların "ölkəmizin vətəndaşı olduqlarını, bəzi səlahiyyətlərdən istifadə edə biləcəkləri və bəzi vəzifələrinin olduğunu" vurğulamağı vacib sayır.

Bəzi türkiyəli və azərbaycanlı sosial media iştirakçıları Atatürkün Avstraliya və Yeni Zelandiyadan olan əsgərlərin 1-ci Dünya Müharibəsi zamanı türk əsgərlərinə qarşı vuruşub həlak olduqdan sonra etdiyi çıxışı xatırladır.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Türkiyə respublikasının banisi Mustafa Kemal Ataturk 1934-cü ildə Çanaqqalaya gəlib burda ölən işğalçı ordunun əsgərlərinə və yaxınlarına belə bir müraciət etmişdi:

"Bu məmləkətin torpaqlarında qanlarını tökən qəhrəmanlar! Burada, dost bir vətənin torpağındasınız. Sükunət və sakitlik içində yatın. Siz, mehmetciklərlə (Türkiyədə əsgər belə adlanır-red.) yan-yana, qucaq-qucağasınız. Uzaq ölkələrdən övladlarını döyüşə göndərən analar! Gözyaşlarınızı saxlayın. Övladlarınız bizim bağrımızdadır. Sükunət içindədirlər və rahat yatacaqlar. Onlar bu torpaqlarda canlarını verdikdən sonra artıq bizim övladlarımızı olublar".

Bəzi təhlilçilər isə Bakının mərkəzindəki sərgidə nümayiş olunanlarda qeyri-adi heç nə görmür.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Politoloq Fuad Şahbazov öz Twitter hesabında yazıb ki, "muzey ələ keçirilmiş tanklarla, nəqliyyat vasitələri ilə hərbi qənimət kimi daha yaxşı görünür, bu dünya tarixində çox normal bir təcrübədir".

O bildirib ki, tənqidlərə səbəb kimi göstərilən dəbilqələr "döyüşlər zamanı sadəcə Ermənistan hərbçiləri tərəfindən atılıb" qalıb.

Politoloq bildirib ki, erməni hərbçilərinin dəbilqələrindən "narahat olanlar" vaxtiylə Kəlbəcərdə azərbaycanlılara məxsus avtomobil nömrələrindən "abidə" düzəldilib turistlərə xidmət üçün verilməsinə göz yumurlar.

"Qərbdən olan insanlar tərəfindən irəli sürülən bu cür şərhlər yalnız iki millət arasındakı nifrəti alovlandırır. Bütün etnik qrupların, əlbəttə ki, 700 000 etnik azərbaycanlı kimi Qarabağda yaşamaq hüququ var. İnanın mənə kömək etmirsiniz, ancaq hər iki tərəfin duyğularını qarışdırırsınız. Bu bir faciədir, bir film ssenarisi deyil", - Fuad Şahbazov öz Twitter hesabında ingilis dilində yazıb.

Azərbaycan niyə normal hesab edir?

Azərbaycan XİN bu gün verdiyi bəyanatında bildirib ki, qələbənin ''paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır''.

''Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur'', - XİN bildirib.

Azərbaycan sosial mediasında tənqidlərə baxmayaraq, erməni hərbçilərinin dəbilqə və çəkmələrinin və manekenlərinin nümayişinə haqq qazandıranlar da var. Onlardan biri də Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Orucdur.

Millət vəkilinin fikrincə, Qənimətlər meydançası erməni xalqına ''yanlış ideologiya və siyasətə'' sahib olduğunu sübut etmək məqsədi daşıyır.

Hərbi qənimətlər hadisəsinin "min illər yaşı" olduğunu deyən Zahid Oruc tarix boyu dünya müharibələrini yada salır və sual edir ki, həmin "tanklar, toplar Azərbaycan insanlarını məhv edəndə, qəddarlığın, qeyri-insani hərəkətlərin əleyhdarları" niyə buna etiraz etməyiblər?

"Dəbilqələrə gəldikdə, məsələ ondan ibarətdir ki, Azərbaycan-Ermənistan arasında neytral bir zonada savaş getsəydi, kimsə, nəyisə başa düşərdi. İndiki halda biz, həmin o dəbilqəsinə görə göz yaşı axıdan insanlardan 30 il yalnız cinayətlər görmüşük. Belə demək mümkündürsə, indiki şəraitdə həmin adamların əlindən faktiki olaraq ölkəmizin varlığını, Konstitusiyasını, suverenliyini və insanını qorumaq üçün o addımlar atılıb. İndi bunlar nə deyirlər, bu dəbilqələr burda yaşayacaq hər hansı erməninin mənafeyinə, Konsititusiya hüququna toxunacaq?"

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyir ki, bu məsələyə milli-etnik kontekstdə yox, işğalı həyata keçirən qüvvənin ətrafında baxmaq lazımdır.

O əlavə edir ki, Ermənistanda "son 100 ildə azərbaycanlıları, türkləri öldürənlər qəhrəmanlaşdırılıb, heykəlləşdirilib".

Zahid Oruc bildirir ki, Azərbaycan qarşısına "harda erməni görsən, öldür" vəzifəsini qoymayıb, əksinə, Gürcüstanda, Rusiyada, Avropa ölkələrində "yanaşı yaşaya bildiyimizi vurğulayıb''.

Millət vəkilinə görə, dəbilqələr və digər detalların nümayişi etnik nifrəri o vaxt alovlandırmış sayıla bilərdi ki, Azərbaycan Qarabağda başqa millətlərin, o cümlədən ermənilərin mövcudluğunu tanımasın:

"Əksinə, ölkə rəhbərliyi əməkdaşlıq, kommunikasiyaların açılması, Qarabağ məsələsində Ermənistanla anlaşmaya getməyə hazırıq mövqeyini səsləndirib. Niyə bizim müharibədə qələbəmizin mühüm bir ifadəsi olan hərbi qənimətlər meydanının düzəldilməsi yüz illər ərzində bizə qarşı aparılan savaşın səbəbkarı kimi göstərilir? Məgər biz deyirik ki, bütün ermənilərin hamısının dəbilqəsini söküb gətirib yığacağıq ora?! Azərbaycan müharinbədəki qələbəsini kiçik bir məkanda simvollaşdırıb. Bu tablonun düzğün oxunması lazımdır".

hərbi park

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az

Zahid Oruca görə, "bu tablo" belə oxunmalıdır: "Nə qədər ki, bizim üzərimizə silahla gəlinəcək, bizim oğullarımız dirəniş göstərəcək və sonda qalib gələcəklər. "Son 30 ilin acısını çıxaran bir milləti insan haqları üzrə beynəlxalq konvensiyaları, bəyannamələri pozmaqda günahlandırmaq, bilirsinizmi, nəyə bənzəyir, bizim minimum haqqımızı indiki halda tanımamağa".

Onun fikrincə, sülh prosesinə Azərbaycanın hərbi qənimətləri nümayiş etdirməsi yox, Ermənistanda Azərbaycana yönəlik ideologiya zərbə vurur.

Ermənistan niyə normal hesab etmir?

Parkın açılış mərasimi və Azərbaycan Prezidentinin tədbirdə çıxışı sözügedən aksiyanın "müharibədə həlak olan, itkin və əsir düşənlərin xatirəsinin təhqir edilməsi, onların və ailələrinin hüququ və ləyaqətlərinin tapdalanması" deməkdir, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycanın Artsaxa (Dağlıq Qarabağa-red.) qarşı başladığı müharibənin nəticələrinin tam dəf edilmədiyi və çoxsaylı erməni hərbi əsirlərin Azərbaycanda saxlanıldığı bir şəraitdə çapovulçuluq elementləri müşahidə olunan belə bir "ekspozisiyanın" təşkil edilməsilə Azərbaycan ümumdünya dözülməzlik və ksenofobiya mərkəzi yeri olduğunu öz adına yazdırmış olur", - bəyanatda deyilir.

Bəyanata görə, Ermənistanın revanşizmə əl atacağı ehtimalına dair bəyanatlar verən Azərbaycan bu "sərgi" vasitəsilə "revanşizmin, insansevməzliyin və millətlərarası nifrətin monumentallaşdırılmasına çalışır".

"Bu kimi addımlar Azərbaycan rəhbərliyinin münaqişədən sonrakı vəziyyət, regional sülh və barışıq haqqında öz deklarativ bəyanatlarından nə qədər uzaq olduğuna dəlalət edir", - Ermənistan XİN bəyanatında deyilir.

Bu o dəbilqələrdirmi?

Azərbaycandan olan bəzi sosial media istifadəçiləri Hərbi Qənimətlər muzeyində olan dəbilqələrin heç də ölən erməni hərbçilərinə yox, döyüşləri tərk edib getmiş anbarın çölündə atılıb qalmış dəbilqələr olduğunu iddia ediblər.

dəbilqələr, bu gün, qarabağ müharibəsi

Şəklin mənbəyi, ALEXANDER NEMENOV/Getty Images

Şəklin alt yazısı, Ermənistan Ordusu kazarmalarına yaxın, torpağın üzərində Ermənistan ordusu əsgərlərinin dəbilqələri. Xankəndi yaxınlığı, 15 noyabr 2020-ci il. Bu tarixdə buraya artıq Rusiya sülhməramlıları yerləşib. Erməni əsgərləri deyib ki, içəridə saxlamağa yer olmadığından dəbilqələri bayırda qalaqlamağa məcbur olublar.

Fransanın AFP agentliyi də 2020-ci ilin noyabrına 15-də Rusiya sülhməramlılarının nəzarət ərazisində Ermənistan ordusuna məxsus dəbilqələrin yığılmış formasının fotosunu yayıb.

Fotonun məlumat hissəsində yazılıb ki, anbarın daxilində yer olmadığı üçün dəbilqələr çöldə qalaqlanıb.

2-ci Qarabağ Müharibəsi

2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan 30 ilə yaxındır Ermənistanın işğalında olan Dağlıq Qarabağın ətrafındakı Cəbrayıl, Füzulu, Zəngilan, Qubadlı rayonlarını döyüşərək geri alıb.

Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Bundan başqa Azərbaycan ordusu keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan Hadrut, Suqovuşan ərazilərini Xocavənd və Xocalının bəzi kəndlərini də işğaldan azad edib.

Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 44 gün çəkən müharibənin başa çatması ilə nəticələnən birgə bəyanat imzalayıblar.

Atəşkəs bəyanatına görə, 1960 sayda Rusiya sülhməramlılsı Qarabağda təmas xəttində yerləşdirilib və daha sonra Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsini Azərbaycana döyüşsüz təslim edib.