Azərbaycan-Ermənistan sərhədindəki insidentlərin “Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur” - Rusiya

Şəklin mənbəyi, RIA Novosti/Rusiya Xarici İşlər Nazirliyi
Bu gün Moskva Azərbaycan-Ermənistan sərhədində yer alan insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti olmadığını bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası haqqında sənədi "yalnız Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisindən çıxmasından sonra imzalayar".
Azərbaycan rəsmilərinin Paşinyanın bu şərtinə reaksiyası məlum deyil.
Azərbaycan və Ermənistan bir-birini son 3 gündə Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edirlər.
Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.
Rusiyalı diplomatının sözlərincə, 12 mayda baş verən insidentin "əsas səbəbi" Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq-hüquqi cəhətdən tərtib olmamasıdır.
Rusiya XİN-in ənənəvi brifinqində suallara cavab verən Mariya Zaxarova bu məsələnin uzunmüddətli həllinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və daha sonra demarkasiyası ilə bağlı olduğunu deyib.
Bu gün Mariya Zaxarova deyib ki, "o ki qaldı sərhəd insidentinə, onun Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur".
Rusiya Bakı ilə Yerevan arasındakı münasibətlərin normallaşması prosesində fəal iştirak edir və hər iki ölkə ilə mütəmadi təmasları ən yüksək səviyyədə davam etdirir, Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Nikol Paşinyan bu gün parlamentdə deyib ki, ilk öncə tərəflərin müvəqqəti olaraq (sərhədlər tam müəyyən edilənə kimi) keçmiş sovet sərhədləri boyunca yerləşəcəyi nəzərdə tutulmuşdu, amma Azərbaycan "öz son hərəkətləri ilə faktiki olaraq bu prosesi pozub".
"Danışıqlar yalnız Azərbaycan qoşununun Ermənistanın Sünik və Geğarkunik vilayətləri ərazisindən çıxarıldıqdan sonra davam etdirilə bilər," - Paşinyan əlavə edib. Rəsmi Bakı Nikol Paşinyanın iddialarına münasibət bildirməyib.
Daha əvvəl, mayın 20-də, növbəti hökumət iclasında Paşinyan Azərbaycan və Rusiya ilə danışıqlar əsnasında hazırlanmış demarkasiya üzrə komissiya yaratmaq haqqında sənəd imzalamağa hazır olduğunu bildirmişdi.
Azərbaycan XİN bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan Ermənistan ərazisinə girməyib və tövsiyyə etmişdi ki, Ermənistanın siyasi-hərbi dairələri təşvişə düşməsin və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul edərək bölgədə vəziyyəti əsassız olaraq gərginləşdirməsin.
Son üç gündə sərhəddə atəşkəsin pozulması iddiaları

Şəklin mənbəyi, Kəlbəcər IH
Bu gün Azərbaycan Müdafiə Nazirliyi mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geğarkunik vilayəti ərazisindəki mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulduğunu bildirib.
Bundan başqa, Azərbaycan MN erməni hərbi qüvvələri tərəfindən Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan Ordusunun postları istiqamətində avtomat silahlardan havaya atəş açıldığını bildirib.
Azərbaycan MN cavab atəşinin açılmadığını, itki olmadığını deyib.
Ermənistan Müdafiə Nazirliyi (MN) mayın 24-dən 26-dək Azərbaycan hərbi qüvvələrinin mövqelərinin atəşə tutulmadığını deyir.
"Bu, son günlər Ermənistanın suveren ərazilərinə qarşı törədilən təxribatın, eləcə də mayın 25-də hərbçi, kiçik serjant Gevorq Xurşudyanın qətlə yetirilməsinin ört-basdır edilməsinə yönəlmiş növbəti cəhddir," - Ermənistan MN-nın bəyanatında deyilir.
Ermənistan mayın 25-də Azərbaycanın Kəlbəcər rayonu ərazisindən Ermənistan mövqələrinə atəş açılması və bir hərbçinin həlak olmasını iddia edib, Azərbaycan bunu təkzib edərək "yalan məlumat" adlandırıb və bildirib ki, erməni hərbi qulluqçusunun ölümü "bədbəxt hadisə nəticəsində baş verib".
Ermənistan MN-nə görə, əgər Ermənistan tərəfi üç gün Azərbaycan mövqelərini atəşə tutubsa, niyə Azərbaycan Müdafiə Nazirliyinin bu barədə üç gündən sonra xəbər verir.
Qurum onu da bildirir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentin komandanlığından alınan məlumata görə, "Şuşa istiqamətində də heç bir atəş açılmayıb".
Açıqlamada deyilir ki, Ermənistan MN "bir daha Azərbaycanın Ermənistan suveren ərazilərinə qəsdinin yolverilməz olduğunu" bildirib və "dərhal Ermənistan ərazilərindən çıxmağı tələb edib" və əks təqdirdə "problemi hər hansı bir yolla həll etmək ixtiyarında olduğunu" qeyd edib.
Rusiya Müdafiə Nazirliyi mayın 25-də xəbər verib ki, regionda atəşkəsə nəzarət edən rus sülhməramlılarının nəzarət sferasında son bir həftə ərzində atəşkəs pozuntusu qeydə alınmayıb.
Ermənistan rəhbərliyi hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində böhranın siyasi həlli yolları tükənir, Azərbaycan isə Ermənistanı "yalan məlumatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına" çağırır.
Rəsmi Yerevan artıq ikinci həftədir ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın dövlət sərhədini şərq və cənub-şərq istiqamətlərində üç yerdə "pozduğunu", bəzi yerlərdə bir neçə kilometrədək ölkə ərazisinə "daxil olduğunu" bildirir. Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.
Ermənistanda nə deyirlər?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya deyib ki, Ermənistan-Azərbaycan sərhədində böhranın siyasi həlli yolları tükənir, bunun üçün ölkə 4-cü maddə üzrə KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına) müraciət edə bilər.
Armen Qriqoryana görə, "böhrandan dinc çıxış yolları, diplomatik üsullar tükənir. KTMT-yə 4-cü maddə üzrə müraciət etmək üçün nəzərdə tutulan vəziyyət yaranıb... Belə olan halda vəziyyəti dəyərləndirmək üçün KTMT missiyası münaqişə bölgəsinə ezam edilməlidir."
Sözügedən KTMT üzvü ölkələri arasında bağlanmış müqavilənin 4-cü maddəsinə əsasən, üzvlərdən birinin hər hansı bir ölkə və ya ölkələr qrupu tərəfindən təcavüzə məruz qalması Müqavilə üzvlərinin hamısına qarşı təcavüz kimi nəzərdən keçirilir.
Armen Qriqoryan bildirib ki, mayın 25-də Ermənistanın Geğarkunik vilayəti Verin Şorja kəndi yaxınlığında Ermənistan hərbçisinin "ölümü ilə nəticələnmiş insident bu prosesi tezləşdirməlidir".
Ermənistan Prezidenti Armen Sarkisyan bu həftə artıq ikinci dəfə dövlət strukturlarını Ermənistanın ərazi bütövlüyünə qəsdə və sərhədinin pozulmasına qarşı sərt tədbirlər görməyə çağırıb.

Şəklin mənbəyi, Getty Images
"Ermənistanın ərazi bütövlüyü və sərhədlərinə qarşı davamlı qəsdlərdən və qeyri-qanuni hərəkətlərdən sonra, bu gün Azərbaycan sərhəddə vəziyyəti daha da gərginləşdirmək məqsədilə yeni təxribata əl atıb", - Prezident Armen Sarkisyanın bəyanatında deyilir.
Sarkisyan sərhəd insidentini xatırladaraq, Ermənistanın "müvafiq dövlət strukturlarını bütün imkanlarından istifadə edib, Ermənistanın ərazi bütövlüyü və sərhədinin pozulması qəsdlərinə qarşı ən sərt tədbirlərin" tətbiq edilməsinə çağırır.
Ermənistan Xarici İşlər Nazirliyi də 25 may sərhəd insidenti ilə bağlı Azərbaycanı "beynəlxalq hüquq normalarını pozaraq, BMT üzvü olan Ermənistanın suveren ərazisinə açıq silahlı qəsdə görə" pisləyən bəyanatla çıxış edib.
Ermənistan XİN-i Azərbaycanı "öz qeyri-qanuni hərbi əməliyyatlarının üstünü örtmək məqsədilə yalan məlumat" yaymaqda günahlandırır və insan ölümü ilə nəticələnmiş sərhəd insidentinin təfərrüatlarını aşkar etmək üçün "beynəlxalq araşdırma" keçirilməsinə hazır olduğunu bildirir.
Azərbaycanda nə deyirlər?
Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin Kəlbəcər rayonu ərazisindən atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar həqiqətə uyğun deyil.
Qurumun bəyanatında bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinə atəş açmayıb.
"Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir,"- qurum bildirir.
Azərbaycan XİN hesab edir ki, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.
Azərbaycan XİN hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabil və nəzarət altında olduğunu bildirir və Ermənistanı "yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına" çağırır.
Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı yaydığı məlumatda açıqlayıb ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib.
"Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb".








