İlham Əliyev Zəngəzur dəhlizi haqqında nə deyib?

Şəklin mənbəyi, president.az
Prezident Əliyev YAP qurultayında Zəngəzur dəhlizi haqqında nə deyib? Azərbaycanda 407979 nəfər vaksinasiya olunub; Roma Papası İraqda səfərdədir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
İlham Əliyev Zəngəzur dəhlizi haqqında nə deyib?
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında Zəngəzur dəhlizi məsələsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu vurğulayıb.
"Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik," - prezident Əliyev deyib.
İlham Əliyev Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırıb.
"Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır," - İlham Əliyev deyib.
Azərbaycanda 407979 nəfər vaksinasiya olunub

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov
Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17495 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 7-də yaydığı məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 407979 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya çərçivəsində görülən tədbirlər Azərbaycanın bütün rayonlarında davam etdirilir, məlumatda qeyd olunub.
Roma Papası İraqda xristianlarla və şiələrin dini rəhbəri ilə görüşüb

Şəklin mənbəyi, EPA
Roma Papası Francis İraqa tarixi səfərinin üçüncü günü İŞİD silahlılarının nəzarətində olmuş ölkənin şimalına baş çəkib.
2014-cü ildə İŞİD bu bölgəni ələ keçirəndən sonra insan haqları pozulanlar arasında yerli xristianlar da olub.
Papa xristianlarla görüşməzdən əvvəl İŞİD-in istehkam şəhəri sayılan Mosulda dağıdılmış kilsənin xaarabalıqları arasında ibadət keçirib.
Ərbil şəhər stadionunda minlərlə adam Papanın keçirdiyi ibadətdə iştirak edib.
Şənbə günü Papa Francis müqəddəs Nəcəf şəhərində İraq şiələrinin ruhani lideri Ali Ayətullah Əli əs-Sistani ilə görüşüb. Görüş təxminən 50 dəqiqə davam edib və iştirakçılar maskasız olublar.
İraqa səfər etməkdən əvvəl Roma Papası və onu müşaiət edənlərin hamısı Covid-19-qarşı vaksinasiya olunublar.

Şəklin mənbəyi, EPA








