İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxmasına çağırış edib

Şəklin mənbəyi, EPA
İraq parlamentinin üzvləri xarici qoşunları ölkədən çıxmağa çağıran qətnamə qəbul ediblər.
Bu, cümə günü İranın yüksək rütbəli generalı Qasım Süleymaninin Bağdad aeroportunda ABŞ tərəfindən öldürülməsindən sonra baş verir.
İraq parlamenti, eləcə də xarici qüvvələrə İraq ərazisindən, hava məkanından və suyundan hər hansı bir səbəblə istifadə etməsini qadağan etməyə çağırıb.
ABŞ-ın İraqda, əsasən məsləhətçi qismində, 5000-ə yaxın hərbi qulluqçusu var.
Qasım Süleymaninin cənazəsi İrana aparılmazdan əvvəl minlərlə iraqlı onun dəfn mərasimində iştirak edib.
Qanun qüvvəsinə malik olmayan qətnaməni parlament bazar günü İraqın müvəqqəti Baş naziri Adil Əbdul Mehdinin millət vəkilləri qarşısında çıxışından sonra qəbul edib. Öz çıxışında Adil Əbdul Mehdi İraqda xarici hərbi qüvvələrin mövcudluğuna son qoymağa çağırıb.
İraq həm qonşu İran, həm də ABŞ-ın müttəfiqi olaraq çətin vəziyyətə düşüb.
Sünni İŞİD-lə mübarizəyə kömək etmək üçün minlərlə ABŞ əsgəri ölkədə qalmaqdadır.
Lakin İraq hökuməti Süleymaninin və onu müşayiət edən digər şəxslərin öldürülməsini ölkə suverenliyinin və İraqda koalisiya qüvvələrinin olması şərtlərinin pozulması kimi qiymətləndirir.
İraqdakı müxtəlif şiə silahlı qrupları İran tərəfindən dəstəklənir.
Süleymaninin qətlindən sonra İraq əhalisinin İrana rəğbət bəsləyən kəsiminin və silahlı qrupların qisas ala biləcəyi ilə bağlı narahatlıq mövcuddur.
İraq parlamenti bazar günü iclas keçirərkən İranda yüz minlərlə insan Süleymaninin matəm mərasimlərinə qatılıb.









