İraqda general Qasım Süleymaninin matəm mərasimi keçirilib

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, burada izləyin.

Bağdad şəhərində İran generalı Qasım Süleymaninin matəm mərasimi keçirilir.

Şənbə günü yerli vaxtla səhər 10-da başlayan mərasimdən sonra onun nəşi İrana göndəriləcək.

General Süleymaninin ailəsi ilə görüşən İran prezidenti Həsən Ruhani "amerikalılar qarşıdakı illərdə bu cinayətin hadisəsinin təsirini görəcəklər" sözünü verib.

line

Şənbə günü Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb, Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib.

Bu çağırış nazir Elmar Məmmədyarovun iranlı həmkarı Cavad Zərif ilə telefon danışığında səslənib.

Onlar regiondakı son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Elmar Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran rəhbərliyinə və xalqına dərin başsağlığı verib, məlumatda deyilir.

Azərbaycan sərhədlərinin "bir neçə yüz kilometrliyində" yaşanan gərginlik narahatlıq doğurur, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzazadə deyib.

O, vəziyyətin daha da kəskinləşməsinin mümkün fəsadlarını "heç təsəvvürünə gətirmək" istəmədiyini deyib.

"Bu, tək bizə deyil, bütün bölgə və dünyaya ciddi təsir edən hadisədir. İki nüfuzlu dövlət qarşıya-qarşıya dayanıb. Hər iki ölkə ilə Azərbaycanın yaxşı münasibətləri var. İran yaxın qonşu, dostdur. ABŞ-la Azərbaycan bir çox beynəlxalq problemlərin həllində geniş əməkdaşlıq edir. Azərbaycana gəlincə, o, bu problemin iştirakçısı deyil", - Aydın Mirzazadə BBC News Azərbaycancaya deyib.

Süleymaninin nəşini daşıyan avtomobil

Şəklin mənbəyi, SABAH ARAR/Getty Images

Şəklin alt yazısı, Süleymaninin nəşi bu axşam İrana göndəriləcək

Bundan başqa, bu gün Britaniya öz vətəndaşlarına İrana və İraqda getməkdən çəkinməyi məsləhət görüb.

Nə baş verib?

Cümə günü ABŞ qüvvələri Bağdad hava limanı yaxınlığında Qasım Süleymani də daxil olmaqla, azı 10 nəfərin həlak olması ilə nəticələnən hücum həyata keçirib.

matəm

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mərasimə qatılanlar Süleymaninin, İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyinin fotolarını və silahlı qrupların bayraqlarını əllərində tutublar.

ABŞ hücum əmrinin Prezident Donald Trump-dan gəldiyini bildirib. Rəsmilərə görə, səbəb "təhlükə hesab edilən kişidən xaricdəki ABŞ hərbçilərini qorumaq" olub.

Prezident Donald Trump sonradan bildirib ki, Qasım Süleymani "müharibə başlamaq üçün deyil, müharibəni dayandırmaq üçün" öldürülüb.

Süleymani İranın İslam İnqilabi Keşikçiləri Korpusunun elit Qüds qüvvələrinin lideri idi.

İranın Ali Dini Lideri Ayətullah Xameneyiyə çox yaxın olan Süleymani İranda ikinci güclü adam kimi tanınırdı.

matəm

Şəklin mənbəyi, SABAH ARAR/Getty Images

Şəklin alt yazısı, Matəm mərasiminə yüzlərlə iraqlının qatıldığı deyilir.

Rəsmi Tehran hadisəni pisləyib və "cinayətkarlardan sərt qisas alınacağını" elan edib.

Matəm mərasimi necə davam edir?

İraq paytaxtında həmçinin, general Süleymani ilə birgə öldürülmüş "Xətaib Hizbullah" şiə silahlılarının komandiri Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə də vidalaşma mərasimi keçirilir.

Onların milli bayraqlara sarınmış nəşləri Bağdadın Əl Muthana hava limanındandan Xədimiyə rayonundakı şiə ziyarətgahına aparılıb.

Yerli media xəbər verir ki, matəm mərasiminə yüzlərlə iraqlı qatılıb, onlar qara geyiniblər və əllərində Süleymaninin, İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyinin fotolarını və silahlı qrupların bayraqlarını tutublar. Bəziləri "Amerikaya ölüm" şüarını səsləndirib.

matəm

Şəklin mənbəyi, SABAH ARAR/Getty Images

Şəklin alt yazısı, Süleymaninin və Əl-Mühəndisin nəşi şiələrin müqəddəs şəhəri Nəcəfə də aparılacaq.

Mərasim iştirakçıları əl-Cədriyə rayonundan da keçərək ABŞ səfirliyi də yerləşdiyi məşhur Yaşıl Zonanın darvazası önünə gəliblər.

Süleymaninin və Əl-Mühəndisin nəşinin şiələrin müqəddəs şəhəri Nəcəfə aparılacağı gözlənilir.

Bağdadda Süleymaninin ölüm xəbərini bayram edənlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bağdad küçələrində, eyni zamanda, bəzi iraqlılar Süleymaninin ölüm xəbərini bayram ediblər.

Bundan sonra, şənbə günü axşamı Süleymaninin nəşi İrana göndəriləcək. İranda davam edəcək matəm mərasimlərindən sonra o, çərşənbə axşamı günü Kirman şəhərində dəfn ediləcək.

Bağdad küçələrində, eyni zamanda, bəzi iraqlılar Süleymaninin ölüm xəbərini bayram ediblər. General Süleymani son aylarda dinc nümayişləri dağıtmağı təşkil etməkdə ittiham olunurdu.

Matəm mərasimi

Şəklin mənbəyi, AHMAD AL-RUBAYE/AFP via Getty Images

Şəklin alt yazısı, Süleymani İranın İslam İnqilabi Keşikçiləri Korpusunun elit Qüds qüvvələrinin lideri idi.

İranın "güclü mesajı"

BBC-nin beynəlxalq məsələlər üzrə müxbiri Lyse Douscet yazır ki, hazırda İran liderləri Qasım Süleymaninin nə qədər önəmli olduğunu göstərən güclü bir mesaj verməyə çalışır.

"O, İranda ən əhəmiyyətli hərbi rəsmi, ən əhəmiyyətli kəşfiyyatçı və ən əhəmiyyətli siyasi fiqurlardan biri idi.

İndi onlar [hökumət] bütün əsas şəhərlərdə kütləvi yas mərasimləri görmək istəyirlər.

Məqsəd Qasım Süleymaniyə şəhid statusu verməkdir. Bütün işarələr onun hərbçilər arasında kult olduğunu göstərir. Onun ölümünü də sağlığında olduğu kimi güclü göstərəcək simvol axtarılır."

line

Yeni hava hücumları?

Ötən axşam İraqda başqa hava həmlələrinin də olduğu deyilir.

İraq hərbiyyəsindən bir məncə Reuters agentliyinə bildirib ki, Süleymaninin ölümündən 24 saat sonra edilmiş növbəti hava hücumunda 6 nəfər həlak olub.

ABŞ hərbiyyəsinin sözçüsü regiondakı Amerikanın rəhbərlik etdiyi koalisiyanın hadisəyə məsul olduğunu təsdiqləməyib.

ABŞ bildirib ki, Süleymaninin öldürüldüyü hücumdan sonra baş verə biləcək hər hansı hadisəyə cavab olaraq Orta Şərqə əlavə 3000 ordu göndərib.