İran-Azərbaycan münasibətləri istiləşirmi?

Şəklin mənbəyi, presidentaz

    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Azərbaycan prezidenti İlham Əliyev qarşılıqlı sərmayə, iqtisadi və ticarət əlaqələrini müzakirə etmək üçün Tehranda həmkarı Həsən Rohani ilə görüşlər keçirir.

Cənab Əliyevin İrana səfəri prezident Rohaninin dəvəti ilə baş tutub və gənclər və idman, fövqəladə halların idarə edilməsi, meteorologiya və əlaqədar məsələlər ətrafında sazişlər imzalanıb.

Lakin səfər sazişlərin imzalanması ilə deyil, uzun illər sonra realaşması ilə diqqəti cəlb edib. Hətta görüşdən bir neçə gün öncə Azərbaycanın ondan çox iranlı məhbusu ekstradisiya etməsi də gözdən yayınmayıb.

Azərbaycan prezidentinin 2009-cu ildən bəri İrana ilk səfərini təhlilçilər ölkələr arasında "münasibətlərin istiləşməsi" kimi qiymətləndirib.

Bəziləri bunu İranda hakimiyyət dəyişikliyilə izah etsə də, münasibətlərin onsuz da "ciddi soyuqluq" şəraitində olmadığını deyənlər də var.

"Normal" münasibətlər

"Azərbaycan və İran arasında hər hansı gərginlik və ciddi soyuqluq olması fikri ilə razılaşmıram", - hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Mübariz Qurbanlı BBC Azərbaycancaya bildirib.

Cənab Qurbanlı qarşılıqlı münasibətlərin "normal məcrada qarşılıqlı anlaşma şəraitində" davam etdiyini deyib.

Səfərə gəldikdə isə, o, müzakirə ediləsi "kifayət qədər" məsələ olduğunu bildirib.

"İran-Azərbaycan münasibətləri, regiondakı iqtisadi vəziyyət, Xəzərin statusu, <link type="page"><caption> İran-Ermənistan münasibətləri</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/08/130802_inauguration_iran_aliyev.shtml" platform="highweb"/></link> fonunda Qarabağ münaqişəsi geniş şəkildə müzakirə olunacaq", - o deyib.

Cənab Qurbanlı hesab edir ki, İranda siyasi hakimiyyətin dəyişməsi, yəni Həsən Ruhaninin prezidentliyə gəlməsinin Azərbaycan-İran münasibətlərinə dəxli yoxdur. Çünki, onun fikrincə, "İranda siyasi hakimiyyətdə əsas aparıcı rolu İran İslam İnqilabının rəhbəri oynayır".

"Mən düşünmürəm ki, Rohaninin hakimiyyətə gəlməsi hansısa keyfiyyət dəyişilliyinə səbəb versin. İran-Azərbaycan münasibətlərinin şəxslərarası deyil, dövlətlərarası əsaslara malikdir".

Həllini gözləyən məsələlər

Şərqşünas təhlilçi Zərdüşt Əlizadə isə əksinə, deyir ki, İranda prezident dəyişimi iqtisadi və siyasi məsələlərin növbəti müsbət inkişafına yardımçı ola bilər.

Çünki, indiki "normal" münasibətlərin iqtisadi, strateji, təlim-tədris, elmi və digər sahələrdə inkişafı üçün "xeyli" imkan var.

"Əməkdaşlıq üçün mövcud imkanların təxminən 90 faizindən istifadə olunmur", deyən cənab Əlizadə hesab edir ki, "məhz buna görə" dövlət başçıları "görüşüb-danışmalıdır".

Həll edilməsi məsələlər isə, təhlilçiyə görə, 20 ildir həllini tapmayan Xəzərin statusu, İran vətəndaşları üçün vizanın ləğvi, şimal-cənub dəmir yolu və iranlı və azərbaycanlıların bir-birilərinin ölkələrində biznes yatırımı etməsi ola bilər.

Səfər öncəsi məhbusların azad edilməsini isə, cənab Əlizadə "xoş niyyətin nümayişi" adlandırıb.

Aprelin 6-də Azərbaycan 14 iranlı məhbusu İrana təhvil verilib, əvəzində iki azərbaycanlı məhbus ölkəyə qaytarılıb.

İranlı məhbuslar əsasən, narkotik maddələrlə bağlı ittihamlarla həbs edilib. İranın Azərbaycandakı konsulu Seyid Möhsün Molayi bildirib ki, ümumi sayı 250-ə qədər olan məhbuslardan daha doqquzunun ekstradisiyası üzərində iş gedir.

Azərbaycan prezidentinin İrana sonuncu səfəri 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə baş tutub.

Ötən ilin avqustunda İlham Əliyevin İranın yeni seçilmiş prezidenti Həsən Rohaninin inauqurasiya mərasiminə də getməməsi və yerinə Milli Məclisin spikerini göndərməsi isə münasibətlər barədə nikbinliyi azaldıb.

Həmçinin, son illər İran və Azərbaycanın bir-birinə son illərdə göndərdiyi etiraz notaları və qarşılıqlı ittihamlar münasibətlərin "həssaslığına" dəlalət edib.

İran Azərbaycanın İsraillə yaxın münasibətlərindən xoşlanmır, Azərbaycan isə İranın Azərbaycana İslam inqilabı ixrac etməsindən ehtiyatlanır.