İlham Əliyev İrana gedib

Şəklin mənbəyi, AFP

Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfərə gedib.

Prezidentin saytının məlumatına görə, Tehranda İranın yüksək vəzifəli dövlət və hökümət üzvləri İlham Əliyevi qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra cənab Əliyev prezident sarayında İran prezidenti Həsən Rohani ilə görüşüb, AzərTac yazır.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Twitter hesabında yazıb ki, "#Azərbaycan Prezidentinin #İrana rəsmi səfəri çox maraqlı və faydalı keçir #Azerbaijan #Iran".

İlham Əliyevin İrana səfəri cənab Həsən Rohaninin dəvəti ilə baş tutub. İrna agentliyi yazır ki, liderlərin Tehran-Bakı arasında iqtisadi və ticarət əməkdaşlığı ətrafında bir neçə saziş imzalaması gözlənilir.

Azərbaycan prezidentinin İrana sonuncu səfəri 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə baş tutub.

Azərbaycan və İran arasında onsuz da ən yaxşı səviyyədə olmayan münasibətləri son illərdə qarşılıqlı ittihamlar, diplomatik etiraz notaları daha da pisləşdirib.

İran Azərbaycanın İsraillə yaxın münasibətlərindən xoşlanmır, Azərbaycan isə İranın Azərbaycan İslam inqilabə ixrac etməsindən ehtiyatlanır.

Hər iki tərəfdə casusluq ittihamları ilə iki ölkənin vətəndaşları saxlanılıb və ya həbs olunub. İlham Əliyevin səfəri öncəsi 14 iranlı məhbusun İrana təhvil verilməsinə dair xəbərlər yayılıb. Məlumatlara görə, Azərbaycan məhbəslərində narkotik qaçaqmalçılığı ittihamları ilə onlarla məhbus saxlanılır.