İlham Əliyevin inauqurasiyaya getməməsi İranı qıcıqlandıracamı?

- Müəllif, Şəhla Sultanova
- Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün
Azərbaycan prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Həsən Rohaninin inauqurasiya mərasiminə "getməyəcək", bu məlumatı İran mediası yayıb.
Prezidentin mətbuat xidməti bu barədə şərh verməkdən imtina etsə də, mərasimdə iştirak edəcək prezidentlərin internet saytlarında yayılmış siyahısında cənab Əliyevin adı yoxdur.
Onun ölkəsini təmsil etmək üçün parlament spikerini İrana göndərməsi və özünün mərasimdə iştirak etməməsinin iki ölkə arasında onsuz da həssas olan münasibətlərə necə təsir edəcəyi barədə suallar yaradıb.
Azərbaycanda bəzi ekspertlər yeni seçilmiş İran prezidenti barədə nikbin olsalar da, bir başqaları İranın Azərbaycana münasibətinin nə vaxtsa yaxşılaşağı ilə bağlı ümidli deyillər.
İsrail məsələsi
İran və Azərbaycan arasında münasibətlər, Azərbaycan 1990-cı illərin əvvəllərində Sovet İttifaqından qopandan bəri gərgin olub.
Bakı həmişə inanıb ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran Ermənistan tərəfinə meyllidir, Tehran da öz növbəsində Azərbaycanın Qərb ölkələri ilə münasibətlərindən həmişə şübhələnib.
Başqa fikir ayrılıqları Xəzər dənizinin statusu və İranda yaşayan xeyli sayda etnik azərbaycanlı əhalisinin vəziyyəti və Tehranın onlarla rəftarı ətrafında olub.
Lakin münasibətlər 2012-ci ilin əvvəllərində, Azərbaycanın təhlükəsizlik rəsmiləri İsrailin Bakıdakı səfirinin və Azərbaycandakı digər yəhudi rəsmilərinin qətlə yetirilməsi planının qarşısını aldıqlarını elan edəndən bəri daha da pisləşib.
Tehran isə bu hadisəyə Azərbaycanı ona düşmən olan İsrailin kəşfiyyat zabitlərinin ölkəyə buraxılmasına və İsraillə Azərbaycan arasında 1, 6 milyard dollarlıq silah sövdələşməsinə görə itthamlarla cavab verdi.
Azərbaycanın ən çox baxılan kanallarından biri olan ATV –nin yayınladığı “İranın dağıdıcı siyasəti” adlı xüsusi proqramda İran Ermənistanı dəstəkləməkdə və Azərbaycanda inqilab qızışdırmaq istəyində ittiham edilirdi.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından olan bəzi millət vəkilləri isə hətta ölkənin adının dəyişdirilərək – Şimali Azərbaycan edilməsini təklif etdilər, bu isə belə başa düşülməliydi ki, Azərbaycan şimali İranın şimalında etnik Azərilərin yaşadığı əraziləri rəsmi olaraq“Cənubi Azərbaycan” hesab edir.
Azərbaycan Respublikası prezidentinin yanında Strateji Araşdrımalar mərkəzindən İran üzrə ekspert Məsiağa Məhəmmədi deyib ki, Bakı və Tehran arasında münasibətlər iki il bundan əvvəl İran Silahlı Qüvvələri Qərargahının rəisi Həsən Firuzabadi Azərbaycan prezidentini hədələyəndən sonra gərginləşib.
Firuzabadi 2011-ci ilin avqustunda İlham Əliyevi öz xalqını əzməkdən çəkinməyə çağıraraq və onun gələcəyinin “qaranlıq” olduğunu bildirmişdi.
Məhəmmədi qəti şəkildə inanır ki, gərginliyin təşəbbüskarı həmişə İran tərəfi olub. “İran tərəfi dini ideologiya və tarixi məsələləri qaldırmaqdan çəkinməlidir, - deyib ekspert – Azərbaycan islami yox, dünyəvi dövlətdir. İran bütün bunları qəbul etməlidir”.
Bununla yanaşı, Məhəmmədi qeyd edir ki, son illərdə baş vermiş Firuzabadi məsələsi nəzərə alınmazsa, münaqişələr adətən, İran rəsmiləri yox, İranın ruhaniləri və mediası tərəfindən yaradılıb.
Bakıdakı Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu iki ölkə arasında gərginlik mənbəyinin məhz ruhanilər olduğu barədə Məhəmmədinin fikrilə razılaşır. Onun sözlərinə görə, prezident Əliyevin Həsən Rohaninin inaqurasıyasında olmaması, rəsmiləri yox, daha çox "ruhaniləri qıcıqlandıracaq".
İnauqurasiya
İran Azərbaycan prezidentini inaqurasiyaya rəsmən dəvət edib. İran və əcnəbi mediaya Azərbaycanı bu tədbirdə parlament spikeri Oqtay Əsədov təmsil edəcək.
Lakin Azərbaycan Prezident Aparatından BBC Azərbaycancaya bildiriblər ki, onlarda mərasimdə Azərbaycanı kimin təmsil edəcəyi barədə məlumat yoxdur.
Oruclu hesab edir ki, əgər Azərbaycan prezidenti mərasimə qatılmasa belə, rəsmi Tehranla problem yaranmayacaq: “Adətən inaqurasiyaya dəvətlər dövlət başçılarının adına göndərilir. Prezidentin iştirak etməsi məcburi deyil. Tamamilə məqbuldur ki, ölkəni başqa bir rəsmi təmsil etsin. Bundan əlavə, Azərbaycan prezidentinin inaqurasiyasında da İran prezidenti iştirak etməyib”.
Eurovision

Ötən il Azərbaycan Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edib. İran tərəfi bu tədbiri mənəviyyatsız və müsəlman ölkəsi üçün uyğun olmayan hərəkət adlandırıb.
Bakının cavabı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyası ilə ifadə edilib. Bu aksiyalarda etirazçıların əllərindəki plakatlarda ptrezident Əhmədinejadın və ali dini rəhbər Ayətüllah Əli Xamneyinin yarıçılpaq portretləri olub.
Bundan sonra İran səfir Məhəmməd Bəhramini məsləhətləşmələr üçün Tehrana çağırıb. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə dəvət olunub. Daha sonra isə Axundov rəsmən bildirildiyi kimi “şəxsi səbəblərlə” Bakıya qayıdıb.
İki ölkə arasında 2013-cü il ərzində gərginlik müşahidə edilməyib və bir sıra Azərbaycan təhlilçiləri ümid edirlər ki, yeni administrasiya münasibətləri daha da yaxşılaşdıracaq.
Məhəmmədi deyir ki, 2012-ci il İran üçün dərs olub. “İndi İran gərginlikdən çəkinir. Yeni hökumət isə İranda “ümid hokuməti” kimi qiymətləndirilib. Buna əsaslanaraq mən ümid edir və gözləyirəm ki, Azərbaycanla münasibətlər yaxşılaşacaq” – ekspert qeyd edir.
Lakin Oruclu münasibətlərin yaxşılaşacağına daha az ümidlidir. Onun fikrincə bu, yeni hökumətin islahatlarından asılı olacaq. “Əgər son 15 ildə İran prezidentlərinə nəzər yetirsək, onların hamısı islahatçı sayılıb. Lakin heç biri bu inamları doğrultmayıb. Bu ona görə baş verir ki, İran hökumətində dini-mühafizəkar qruplar hələ də çox güclüdür”.
1994-1998-ci ildə Azərbaycanın İrandakı səfiri olmuş Əlyar Səfərli iki ölkə arasında münasibətlərin gələcəyi barədə daha ümidsiz danışır.
“İnanmaq çətindir ki, İran nə vaxtsa Azərbaycanla dost olsun. Azərbaycan İranın ərazisində etnik azərbaycanlıların yaşadığını daim vurğulayıb – deyir Əlyar Səfərli, - İran narahatdır ki, öz vətəndaşları olan azərbaycanlılar Azərbaycanla yaxınlaşa bilərlər və odur ki, qonşuluğunda müstəqil Azərbaycanın olmasını istəmir. Həsən Rohani bu mənada xələflərinin siyasətini davam etdirəcək”.
Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır. Onların bu ölkədəki sayı təxminən 25-30 milyon arasında dəyərləndirilir. Onlar əsasən İranın azərbaycanlılar tərəfindən qeyri-rəsmi olaraq “Cənubi Azərbaycan” adlandırılan şimal hissəsində yaşayırlar.




