Azərbaycanda yayılan böcək nədir, zərərlidirmi - 5 suala cavabda

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanın bəzi bölgələrində böcək sürüsü yayılıb.
Sosial mediada yayılmış bir videoda bu həşarat sürüsünün bir ağacı bürüdüyü görünür.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib ki, zərərvericinin evə daxil olmasının qarşısını almaq üçün "pəncərələri torla bağla"sınlar və onu "fiziki olaraq toplayıb məhv etsinlər".
Bəs Azərbaycanda yayılan bu böcək nədir, zərərlidirmi?
BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.
1. Azərbaycanda yayılan böcək nədir, vətəni haradır?

Şəklin mənbəyi, Getty Images
Qəhvəyi rəngli, əl vurduqda ətrafa pis qoxu yayan bu zərərverici həşəratın vətəni Cənub-Şərqi Asiyadır.
Onu öldürəndə ətrafa narahatedici qoxu yayılır və əllə toxunduqda qoxusu bir müddət getmir.
Görüntüsü mərməri xatırlatdığı üçün ona qəhvəyi mərmər bağacığı deyilir.
Onu digər qalxan böcəklərindən fərqləndirən əsas xüsusiyyətlər düzbucaqlı formalı başı və başının arxasından bədəni böyunca, sanki cərgə ilə düzülmüş solğun nöqtələrdir.
2. Mərmər bağacığı necə artır və yayılır?
Elmi adı Halyomorpha halys olan qəhvəyi mərmər bağacığı 18-25 dərəcədə yumurtlayır və bir dəfəyə 300-dək kürəşəkilli yumurta qoya bilir.
İldə iki dəfə - yazın sonu və payızın əvvəlində nəsil artırır.
Qış vaxtı fəaliyyətsiz olur, ağac qabığının altında və ya yaşayış, eləcə də köməkçi binaların uyğun yerlərində soyuqdan daldalanır.
Qlobal ticarət və hərəkət nəticəsində məhsulların üstündə, içində və ya fərdlərin baqajlarında fərqli ölkələrə gedib çıxa bilir.
Yetkin fərdlər 35-100 kilometrədək məsafələrə uçaraq yer dəyişdirə bilirlər.
3. Bu həşərat Azərbaycanın hansı bölgələrində yayılıb?
Həşəratın, əsasən, Qax, Zaqatala, Balakən, Qusar, Xaçmaz rayonlarında yayıldığı bildirilir.
Lakin sosial mediada bəzi paytaxt sakinləri də bu böcəklərin evlərinə girdiyini yazıblar.
Hətta müxtəlif bölgələrdə böcəyin məktəblərdə göründüyü iddiaları səslənib.
Bəzi valideynlər sosial mediada yazıblar ki, məktəbdə uşaqları bu həşaratı öldürdüyü üçün əllərindən pis qoxu gəlir.
4. Mərmər bağacığı nə qədər zərərlidir?
Zərərverici həm sürfə, həm də yetkin mərhələdə mart-aprel aylarından etibarən, ağac bitkiləri ilə qidalanmağa başlayır.
Bu böcək olduğu sahədə məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır.
Bitkinin budağındakı, yarpaq və çiçəyindəki mayeni, eləcə də meyvəsini sümürərək qidalanır.
Alma ağacları da daxil olmaqla, 300-dən çox meşə və təsərrüfat bitkisi ilə qidalana bilir.
Qidalandığı meyvə və bitkilərin görüntüsünü eybəcərləşdirir.
5. Mərmər bağacığıyla mübarizə yolları nələrdir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycanın həm bölgələrində, həm də iri şəhərlərində sosial media istifadəçiləri yazırlar ki, bu həşəratlar təkcə həyətyanı sahələrə deyil, evlərə, məktəblərə də doluşub.
Azərbaycanda aidiyyatı qurumlar bu böcəklərlə mübarizə ilə bağlı əhaliyə bəzi məsləhətlər verib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlayıb ki, kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün risk yaratma ehtimalını nəzərə alaraq, "sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində olab bu zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir".
Qurum, həmçinin əhaliyə məsləhət görür ki, həşəratın olduğu yerlərdə onu "əllə toplayaraq məhv etmək"lə təmizləmə işləri aparsınlar.
Ancaq qurum bu pis qoxulu böcəyin yalın əllə və ya xüsusi vasitə ilə toplanmalı olduğunu açıqlamayıb.
Bundan başqa, bağacığın qışlamaqdan ötrü yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır.
"Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və digər vasitələrlə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur", - qurum açıqlayıb.
Böcəyə əllə toxunmaq olarmı?
Bu böcəyə əlinizlə toxunsanız, o, müdafiə mexanizmi olaraq pis qoxu buraxacaq. Onun ifrazatı müvəqqəti ləkəyə və ya həssas dəridə səpgi kimi yüngül allergik reaksiyaya səbəb ola bilər.
Böcəyin özü zəhərli sayılmır, o, dişləmir və sancmır, lakin qıcıqlanmanın qarşısını almaq üçün üzünüzə və gözlərinizə toxunmaqdan çəkinin.
Qoxunu və hər hansı dəri ləkəsini aradan qaldırmaq üçün ərazini sabun və su ilə yuyun. Gözünüzə təmas etdiyiniz halda dərhal gözünüzü su ilə yuyun və qıcıqlanma davam edərsə, həkimə müraciət edin.
Qoxulu böcək: Nə olar, nə olmaz?
Nə etmək olar?
- Əllərinizi yuyun: İfrazat və qoxudan qurtulmaq üçün əllərinizi sabunla yuyun.
- Üzünüzə və gözünüzə toxunmayın: Qıcıqlanma və ya infeksiya riskinin qarşısını almaq üçün böcəyə toxunduqdan sonra əlinizi üzünüzə və gözünüzə vurmayın.
- Gözünüzə toxunduğunuz halda: İfrazat gözünüzə gedərsə, su ilə yuyun və qıcıqlanma, qızartı və ya ağrı olarsa dərhal həkimə müraciət edin, çünki bu, keratitə (buynuz qişanın iltihabı) səbəb ola bilər.
Nə olmaz?
- Böcəyi əzmək olmaz, çünki bu güclü və xoşagəlməz qoxuya səbəb olacaq.
- Təşviş etməyin: Bu böcəklər zəhərli deyil və sizi xəstə etməyəcək. Baş verə biləcək ən pis şey müvəqqəti qoxu və ya yüngül dəri səpkisidir.




