Bakıda tarixi yaşayış binaları sökülür? - "Cəhənnəmdə yaşayırıq"

Azərbaycan, Bakı, Bayır şəhər, tikinti, memarlıq, Baş Plan, mədəniyyət
Şəklin alt yazısı, Bayır şəhər sakinləri tarixi binaların sökülməsindən şikayətçidirlər.

"Binada yaşayış ola-ola, gəlir damı sökür. İnsanların evlərini gələcəkdə sökmək üçün bilərəkdən qəzalı vəziyyətə salırlar. Biz cəhənnəmdə yaşayırıq, hüquqi dövlətdə yaşamırıq", - Bakının Bayır şəhər adlanan ərazisində yaşayan Zahidə Əzizova tarixi binaların sökülməsindən şikayətçidir.

Müsahibim deyir buradakı binalar 1890-cı ildə Bakı milyonçularından olan Murtuza Muxtarov, Aşurbəyov və Tağıyev tərəfindən inşa edilib.

"Ərazidə olan tarixi abidələr reyestrdən, siyahıdan çıxarılır və məhv edilir. Elə möhtəşəm evlər məhv olunur ki, dəhşətdir, faciədir. Biz gələcək nəsilə, övladlarımıza hansı irsi qoyub gedəcəyik", - şikayətçi BBC-yə deyib.

Onun sözlərinə görə 100-dən çox yaşı olan tarixi yaşayış binalarını indi Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsi qanunsuz olaraq sökür.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmasa, YouTube kanalımızda izləyin.

Yasamal rayon və Bakı şəhər icra hakimiyyətlərindən bu iddia ilə bağlı şərh almaq mümkün olmayıb.

Zahidə Əzizova deyir qonşuları ilə birlikdə 2018-ci ildən bəri Bayır şəhərdəki tarixi binaların qorunması üçün mübarizə aparırlar.

Bayırşəhər Bakının Nizami küçəsi ilə Mirzəağa Əliyev və Azərbaycan küçəsi ilə Mirzə Fətəli Axundov küçələrinin arasında yerləşən ərazini əhatə edir.

Bakı, Azərbaycan, tikinti, söküntü, nəqliyyat

Şəklin mənbəyi, Google/BBC

Sakinlər şikayət edir ki, söküntülərlə bağlı Prezident İlham Əliyevə, Nazirlər Kabinetinə, Milli Məclisə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ombudsmana və digər qurumlara şikayət məktubları göndərsələr də, həmin qurumlar məsələnin həlli üçün göstərişi yenidən Yasamal rayon icra hakimiyyətinə yönləndiriblər.

Yasamal rayon icra hakimiyyətinin vətəndaşların şikayətlərinə verdiyi cavablarda isə ziddiyyətlər var.

Belə ki, qurumun 2023-cü ildəki cavabında Yasamal rayonunda bəzi ərazilərin dövlət ehtiyacı üçün alındığı bildirilsə də, məhz Bayır şəhər adlanan ərazidəki bu yaşayış sahələrinin həmin qərarın təsiri altına düşmədiyi qeyd olunub.

şikayət, Bayır Şəhər, mədəniyyət, tikinti, nəqliyyat

Şəklin mənbəyi, Zahidə Əzizova

Şəklin alt yazısı, Yasamal Rayon İcra Hakimiyyətinin 2023-cü ildəki cavabında Yasamal rayonunda bəzi ərazilərin dövlət ehtiyacı üçün alındığı bildirilsə də, məhz Bayır şəhər adlanan ərazidəki bu yaşayış sahələrinin həmin qərarın təsiri altına düşmədiyi qeyd olunub.

2025-ci ilin iyulunda verdiyi cavabda isə icra hakimiyyəti bildirib ki, buradakı binaların yerində yeni park salınacaq. Ona görə də, "istismar müddətini başa vurmuş binaların memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq işlər görülür".

Bayır şəhər, memarlıq, tikinti, təmir

Şəklin mənbəyi, Zahidə Əzizova

Şəklin alt yazısı, Yasamal Rayon İcra Hakimiyyəti 2025-ci ilin iyulunda verdiyi cavabda bildirib ki, buradakı binaların yerində yeni park salınacaq.

Oktyabrın 7-də isə icra hakimiyyəti sakinlərə bildirib ki, bu ərazidəki tikililərin fasadlarının yaxşılaşdırılması məqsədilə abadlıq və yenidənqurma işləri aparılır.

Lakin sakinlərin BBC-yə göndərdikləri videolarda ağır texnikaların həmin ərazidə bir neçə tikilini uçurduğu əks olunub. BBC həmin tikililərin tarixi abidə olduğunu müstəqil mənbələrdən təsdiqləyə bilməyib.

memarlıq, Bakı, tikinti, Bayır şəhər

Şəklin mənbəyi, Zahidə Əzizova

Şəklin alt yazısı, Oktyabrın 7-də isə icra hakimiyyəti sakinlərə bildirib ki, bu ərazidəki tikililərin fasadlarının yaxşılaşdırılması məqsədilə abadlıq və yenidənqurma işləri aparılır.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Adınının açıqlanmasını istəməyən sakinlərdən bir neçəsi BBC-yə deyib ki, söküntünün aparılmasına etiraz olaraq aidiyyatı qurumlara müraciət edənlərdən bəziləri artıq polisə çağırılıblar.

BBC polisə çağırılma ittihamları ilə bağlı Daxili İşlər Nazirliyindən cavab ala bilməyib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yerli mediaya açıqlamasında bildirib ki, sökülən binalar tarixi abidələr deyil.

"Bu ərazidə dövlət reyestrindən keçmiş 73 ədəd tarixi memarlıq abidəsi mövcuddur. Və buna əlavə olaraq 54 əlavə binanın saxlanılması tövsiyə olunmuşdur", - BŞİH-nin yerli mediaya açıqlamasında qeyd olunub.

Memar Abdul Hüseynov isə BBC-yə deyib ki, söküntü qərarı 2018-ci ildə verilsə də, 2023-cü ildə təsdiqlənən Baş Planda söküntü nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, Baş Planın təsdiqlənməsi ilə 2018-ci ildə verilən qərar qüvvədən düşmüş olur.

"O baş planda bu ərazi xüsusi mühafizə zonası kimi göstərilib. Yəni Mərkəzi Planlaşdırma Rayonunun xüsusi mühafizə zonası kimi göstərilib. Onun xəritəsi də var və şərtləri də var. Bu xüsusi mühafizə zonasında bu binalar bərpa olunmalıdır, əhali bərpa olunma prosesində yaxın ərazilərə köçürülməli idi və bərpa və yenidənqurmadan sonra bu əhali yenidən öz tarixi evlərinə qaytarılmalı idi", - Abdul Hüseynov bildirib.

Nazirlər Kabinetinin tikinti sektorunun müdiri Ədalət Şamoyev BBC-yə açıqlamasında ərazidəki binaların tarixi tikili abidələr olduğunu təsdiqləyib və onların sökülməsinin qeyri-mümkün olduğunu bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən BBC-yə bildirilib ki, "orada abidə xarakterli memarlıq binaları olduğu üçün heç bir söküntü aparılmır, sadəcə abadlaşdırma və bərpa işləri görülə bilər".