Qida təhlükəsizliyi mütəxəssisi nələri yeməyi məsləhət görmür?

Şəklin mənbəyi, Getty
- Müəllif, Mark Shea
- Vəzifə, BBC World Service
Bill Marler son otuz ildə E. coli, salmonella, listeria və qida vasitəsiylə digər yoluxucu xəstəliklərə tutulan qurbanların müdafiəsi üçün mübarizə aparan qida təhlükəsizliyi üzrə hüquqşünasdır.
Netflix-in “Zəhərlənmiş: Yeməyiniz haqqında çirkli həqiqət” adlı yeni sənədli filmində ona əhəmiyyətli yer ayrılıb.
Bu film hüquqşünasın həmin mövzuda yazdığı kitabı əsasında çəkilib.
O, BBC-yə xəstələnməmək üçün hansı qidalardan imtina etməyin lazım olduğu barədə danışıb.
Həyat Stephanie Ingberg-ə gözəl görünürdü. Yaz tətilində 17 yaşlı amerikalı St-Louis-dən valideynləri ilə Dominikan Respublikasına istirahətə yollanmışdı.
Uçuşdan əvvəl, o, mədəsində narahatlıq hiss edib, lakin buna əhəmiyyət verməyib.
Mənzil başına çatdıqda isə hətta özünü daha yaxşı hiss edib.
Lakin gecə vəziyyəti pisləşib və xəstəxanaya aparılıb.
Ertəsi gün, o, anasını tanımayıb. Onun böyrəkləri işləməyib və o, şişmə, qıcolma halları keçirib.
Valideynləri təcili övladlarının ABŞ-a tibbi təxliyəsini təşkil ediblər və orada ciddi bakterial infeksiyaya yoluxduğu təsdiqlənib: E. coli.
Gecə Stephanie-nin vəziyyəti pisləşib, komaya düşüb və onun üçün son ayinləri verməyə bir keşiş çağırılıb.
Stephanie Netflix-in “Zəhərlənmiş: Qidanız haqqında çirkli həqiqət” sənədli filminin əsas iştirakçılarından biridir. Bu film qida zəncirimizin gigiyenasındakı pozuntuların istehlakçılar üçün həqiqətən fəlakətli nəticələrə necə gətirib çıxara biləcəyindən bəhs edir.
Keşiş ayinləri verməyə başladıqda Stephanie gözlərini açıb.
O, sağ qalacaq, lakin E. coli ilə qarşılaşmağın fəsadlarını ömrü boyu hiss edəcək.

Şəklin mənbəyi, Netflix
“Böyrəklərimdəki filtrləri möhkəmlətmək üçün hər gün dərman qəbul etməliyəm", - Stephanie sənədli filmdə deyir, – "Ola bilsin ki, böyrək nəqli etməli olum. Ehtimal ki, ömrümün sonuna qədər dializ etməli olacağam. Göyərti yediyinə görə uzunmüddətli xəstəliyə tutulmağı heç kim istəməz".
Stephanie Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hər il çirklənmiş qidalardan xəstələndiyini təxmin etdiyi 600 milyon insandan biridir və xoşbəxtlikdən, o, ölən 420 min nəfərdən biri deyildi.
Nə yediyinizi yoxlamaqla həyatınızı xilas edə bilərsiniz, buna görə də Bill Marler sağlam qalmaq üçün bunklardan uzaq durmağı məsləhət görür.
Pasterizə olunmamış süd və qablaşdırılmış şirələr
Marlerin məhkəmə çəkişmələri təcrübəsi onu çiy və ya pasterizə olunmamış süd məhsulları və ya pasterizə olunmamış şirələrdən imtina etməyə məcbur edib.
Risk mənbəyi yenə də həmin E.coli bakteriyasıdır.
"Pasterizə olunmamış südün sağlamlığa dair hər hansı faydası yaşana biləcək mümkün riskə sadəcə dəyməz. İnsanlar XIX əsrin xəstəliklərini, deyəsən, unudublar, - hüquqşünas və qida təhlükəsizliyi üzrə ekspert Bill Marler deyir.
Çiy cücərtilər

Şəklin mənbəyi, Getty
Marler yonca, maş, lobya cücərtiləri kimi çiy cücərtiləri də yemir.
Çiy cücərtilər dünyada ən böyük qida yoluxucu epidemiyalarına səbəb olub.
2011-ci ildə Almaniyada fenugreek (helba) toxumu ilə əlaqəli bir epidemiyaya tutulmuş 900-ə qədər insan böyrək çatışmazlığı ilə üzləşib, 50-dən çox insan isə ölüb.
Marler deyir: "Toxumlar açıq havada cücərdildikcə çirklənir. Onları içəri gətirib nəm mühitə yerləşdirəndə, bu, bakteriyalara sürətlə inkişaf etmək şəraiti yaradır".
"Mən qida təhlükəsizliyi sənayesində çiy cücərti yeyən heç kim tanımıram".
Yaxşı qızardılmamış ət
Qiymə və ya çəkilmiş əti bişirərkən ətin səthində olan hər hansı bakteriyanın ətə qarışacağı ehtimalını nəzərə almaq lazımdır.
Buna görə hamburgerləri yaxşıca qızartmaq vacibdir.
Azacıq miqdarda bakteria ciddi xəstəliyə səbəb ola bilər.
"Təxminən 50-dək E.coli bakteriyası insanı öldürmək üçün kifayətdir; 100 minədək bakteriya bir sancağın ucuna sığar. Hamburgerləri yaxşıca bişirmək yeganə təhlükəsiz yoldur", - Marler deyir.
O, hər hansı patogeni aradan qaldırmaq üçün burgeri daxilindəki istilik 69 dərəcə temperatura çatanadək bişirilməsini tövsiyə edir.
Bifştekslər, adətən, daha az təhlükəli olur, çünki ətin üstündəki bakteriyalar bişirilmə prosesi zamanı öldürülür.
Əvvəlcədən yuyulmuş və bişmiş meyvə və tərəvəzlər
"Hamburgerin ən təhlükəli hissəsi burger deyil. Bu, soğan, kahı və pomidor ola bilər", - Netflix filminin qida təhlükəsizliyi üzrə məsləhətçisi Mansour Samadpour deyir:
2006-cı ildə ispanaqla əlaqəli böyük E.coli epidemiyası baş verdi - ABŞ-da 200-dən çox şəxs xəstələndi və beş nəfər öldü. Marler zərərçəkənlərə vəkillik etmişdi.
Bakterial çirklənmənin səbəbi nəhayət, müəyyən olunmuşdu - Kaliforniyada hansısa heyvanların ispanaq fermasına daxil olması nəticəsində ispanaq tarlaları heyvan nəcisinə bulanmışdı və beləcə ispanaq E.coli ilə çirklənmişdi.
Göyərti məhsulu emal müəssisəsinə göndərildikdə və orada üç dəfə yudulduqda, həmin bakteriya bütün məhsullara yayılıb və ölkə boyu göndərilən göyərti çoxlarını xəstələndirib.
"Bakteriya ilə çirklənmiş məhsul nə qədər çox əldən keçirsə, xəstəliyin yayılma sürəti də o qədər çox olur", - Marler deyir.

Şəklin mənbəyi, Netflix
Çiy və az bişmiş yumurta
Yumurtalardakı təhlükənin kökü ishal, qızdırma, qusma və mədə spazmalarına səbəb ola bilən salmonella bakteriyası ilə bağlıdır.
Gənclər də, yaşlılar da bu infeksiyaya yoluxduqda ağır xəstələnə və hətta ölə bilərlər.
Yaxın tariximizdə yumurta ilə bağlı çoxlu fəlakətli hadisələr baş verib: 1988-ci ildə salmonella təhlükəsi Britaniya hökumətinin iki milyondan çox toyuqun kəsilməsinə qərar verməsinə səbəb olub. 2010-cu ildə oxşar təhlükə ABŞ-da 500 milyon yumurtanın geri çağırılmasına gətirib çıxarıb.
Marler deyir ki, bu gün yumurtalar əvvəlkindən daha təhlükəsizdir, lakin o, istehlakçıları ehtiyatlı olmağa çağırır və salmonellanın hələ də çiy və ya az bişmiş yumurta yeyənlər üçün ciddi risk yaratdığını qeyd edir.
"Təxminən, hər on min yumurtadan birinin içərisində salmonella var. Toyuğun yumurtalığında salmonella inkişaf edə bilər – o zaman bakteriya yumurtanın daxilində olur və həmin yumurtanı bişirməkdən başqa yol qalmır".
Çiy istiridyə və digər molyusklar
İstiridyələrin və digər çiy molyuskların riski onların qida sisteminin filtr əsasında işləməsiylə bağlıdır.
Bu, o deməkdir ki, suda bakteria və ya virus varsa, o qida zəncirinə asanlıqla daxil olacaq. Marler isə problemin qlobal istiləşmə ilə daha da dərinləşdiyini düşünür.
"Okeanların istiləşməsi də istridyə və molyusk kimi dəniz məhsullarının çirklənməsi ilə bağlı hadisələrin sayının artmasına rəvac verir: hepatit, norovirus və sair. Mən Sietldənəm və dünyanın ən yaxşı istridyələri Sakit Okeanın şimal-qərbindən hasil olunur, lakin okean suyunun keyfiyyəti və temperaturu ilə bağlı problemlər var. Odur ki, çiy istiridyə sifariş edərkən yarana biləcək riski də nəzərə almalısınız", - Marler deyir.

Şəklin mənbəyi, Netflix
Paketlənmiş sendviçlər
"Sendviçlərin üzərindəki tarixləri diqqətlə yoxlamalı, özünüzün hazırladığınız və ya gözünüzün qarşısında hazırlanmış yeməkləri yeməlisiniz", - Marler məsləhət görür.
O xəbərdarlıq edir ki, sendviçin soyuducu rəfdə qalma müddəti əsas risk faktorudur, çünki listeria monocytogenes deyilən çox təhlükəli bir bakteriyanın sendviçdə əmələ gəlməsi ehtimalı zaman keçdikcə artır.
O deyir ki, bu, həm ABŞ-da, həm də dünya boyu insanların çox sayda ölümünə səbəb olan ciddi bir xəstəlikdir və bu infeksiyaya tutulan demək olar ki, hər kəs xəstəxanaya düşür.
"Listeriya soyuducu temperaturunda çox yaxşı böyüyür, ona görə də kimsə sizə sendviç hazırlayırsa və siz onu dərhal yeyirsinizsə, listeria riski azdır. Əgər o hazırlandıqdan sonra bir həftə soyuducuda saxlanılırsa, o zaman insanı xəstələndirmək üçün listeria bakteriyasının kifayət qədər böyümə şansı olur”, - Marler deyir.
Ancaq suşi normaldır
Lakin insanların çox vaxt şübhə ilə yanaşdıqları bir yemək növü - suşi – Marler üçün ciddi risk mənbəyi deyil, baxmayaraq ki, o, onu alarkən də diqqətli olmağın vacibliyini qeyd edir edir.
"Mən qızardılmış ət hazırlayan restorandansa, yaxşı suşi restoranına üstünlük verərdim. Balığın çirklənməsi riski o qədər də yüksək deyil", - o hesab edir.
"Mən mağazalarda və ya dükanlarda suşi almıram. Yaxşı suşi restoranı kifayət qədər təhlükəsizdir, çünki balığın bakterial infeksiyalara yoluxma riski azdır. Bu cür "risk növü" ilə özümü daha rahat hiss edirəm", - Marler deyir.




