Nikol Paşinyan: "Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram"

Şəklin mənbəyi, Getty Images
Ermənistan-Azərbaycan arasında sənəd imzalana bilər, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
İki ölkə arasında Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında sərhəd mübahisəsi yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.
Nikol Paşinyan çümə axşamı həftəlik hökumət iclasında bəyan edib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında danışıqlar gedir və Azərbaycan öz razılığını versə, konkret sənəd imzalana bilər, çünki "beynəlxalq tərəfdaşlar arasında 100 faiz Ermənistanın maraqlarına uyğun" ilkin razılaşma var.
"Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram," - o deyib.
Amma Nikol Paşinyan danışıqların hələ davam etməsinə görə sənədin məzmununu açıqlamayıb.
BBC News Azərbaycanca bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən reaksiya ala bilməyib.
Ermənistan ərazisində "500-600 Azərbaycan hərbçisi var"
Hazırda Ermənistan ərazisində müxtəlif sərhəd sahələrində ümumən 500-600 Azərbaycan hərbçisi var, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin Sünik və Geğarkunik (şərqdə Azərbaycanla həmsərhəd) vilayətləri ərazisində vəziyyət dəyişməyib - "stabil, lakin gərgin qalmaqdadır".
Nikol Paşinyan əlavə edib ki, Ermənistan hərbçiləri taktiki hərəkətlərlə qarşı tərəfin mümkün hərəkətlərini məhdudlaşdırmağa çalışırlar: "Siyasi baxımdan, tapşırıq - vəziyyətin nəzarət altından çıxmasına yol verməməkdir".
Sünik vilayəti administrasiyasının Facebook səhifəsində xəbər verildiyinə görə, Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin başçılığı ilə Aİ ölkələrinin Ermənistandakı səfirləri bu gün sərhəddə vəziyyətlə tanış olmaq üçün bölgəyə baş çəkiblər.
"Sənəd açıqlansın" çağırışları
Ermənistan Prezidenti Armen Sarkisyan deyir ki, Paşinyanın Azərbaycanla imzalayacağı ehtimal olunan sənəd və onun təfərrüatları barədə xəbəri yoxdur və belə bir sənədin müzakirəsi və bununla bağlı heç bir prosesdə iştirak etməyib, Prezident administrasiyası mətbuat xidmətindən alınan məlumatda deyilir.
"Respublika Prezidenti hesab edir ki, bu kimi proseslər maksimal dərəcədə açıq olmalı və bütün maraqlı tərəflərin cəlb olunması şəraitində müzakirə olunmalıdır", - məlumatda deyilir.
Parlaq Ermənistan partiyasının lideri Edmon Marukyan Twitter hesabında yazıb ki, hakimiyyət imzalanması nəzərdə tutulan sənədi ictimailəşdirməlidir:
"Mən həqiqətən başa düşmürəm: əgər sənəd həqiqətən Ermənistan üçün belə yaxşıdırsa, onda niyə gizlədilir? Hakimiyyət bunu ictimailəşdirməlidir, izah etməlidir ki, Ermənistan bundan necə xeyir götürəcək, nöqtəbənöqtə əsaslandırmalıdır. Bundan sonra adamlar qərar verəcəklər ki, Ermənistanın buna ehtiyacı var, ya yox".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Çərşənbə günü Ermənistanın Vatikanda keçmiş səfiri, sabiq Prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan sosial şəbəkədə məlumat yaymışdı ki, Nikol Paşinyan Ermənistan ərazisindən Azərbaycan qoşunlarının çıxarması müqabilində sərhədin yeni prinsiplər əsasında demarkasiya sənədini imzalamağa razılıq verib. Minasyan sənədin məxfi hissəsi də olduğunu bildirib.
Bu məlumat yayılandan sonra mayın 19-u gecəsi bir qrup vətəndaş izahat tələbi ilə hökumət binası qarşısına toplaşmışdı.
Minasyan öz Teleqram kanalında yazıb ki, bu razılaşmada Azərbaycanda saxlananların Ermənistana qaytarılması və 6 kəndin Azərbaycana verilməsindən söhbət gedir.
Hökumətin iclasından sonra iqtisadiyyat naziri Vahan Qerobyan kəndlərlə bağlı jurnalistlərin suallına cavab olaraq deyib: "Yox, mən detallara girmək istəmirəm, amma heç də bu cür deyil".
Minasyan iddia edib ki, xarici işlər naziri Ara Ayvazyan sənədi imzalamaqdan imtina edib. Nazirlik bu iddianı şərh etməyib.
Ombudsman Arman Tatoyan da sənədin yayılmasını istəyib. O, Facebook hesabında yazıb ki, Azərbaycanla delimikasiya Ermənistanda yaşayan hər kəsin "həyati hüququnu" əhatə edir. Onun fikrincə, sənəd yayılmasa, "dövlətin yaratdığı informasiya boşluğunu yenə də qeyri-rəsmi mənbələin məlumatları dolduracaq və hətta dürüst insanları da çaşdıracaq və bəzi məmurlar yenə məsuliyyətsiz mesajlar verəcəklər".

Şəklin mənbəyi, President.az
Əliyevlə Putin sərhəddəki vəziyyətdən danışıb
Prezident İlham Əliyev çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edib.
Azərbaycan Prezidentinin mətbuat xidməti bildirir ki, prezidentlər nizamlanmanın "yalnız siyasi-diplomatik metodlarla" aparılmalı olduğunu deyiblər.
Məlumatda deyilir ki, Vladimir Putin Rusiya tərəfinin vasitəçilik səylərinə və Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinə "konsultativ" köməklik göstərməyə davam edəcəyini bildirib.
Bundan əvvəl Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və Yerevana yardım göstərməyi təklif etmişdi.






