Rus sülhməramlıların Qarabağa humanitar yardımı, İlham Əliyev ABŞ-la Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Şəklin mənbəyi, mil.ru
Rus sülhməramlıların Qarabağa humanitar yardımı, bu gün Azərbaycan Eurovision 2021-in yarımfinalında çıxış edəcək, İlham Əliyev ABŞ Prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə edib, Azərbaycanda "Sputnik V" vaksinin tətbiqinə başlanılır - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Rus sülhməramlıların Qarabağa humanitar yardımı
Rusiya sülhməramlıları Azərbaycanın Dağlıq Qarabağın Əsgəran bölgəsinin ucqar yaşayış məntəqələrinə, Xanadzax və Ptretsikə humanitar yardım çatdırıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən sakinlərə zəruri əşyalar, geyimlər, gigiyena əşyaları və uşaqlar üçün oyuncaqlar bağışlanıb.
"Burada Hadrutdan gələn uşaqlar var. Onların evləri və əllərindəki hər şey orada qalıb. Müharibə olmasaydı, yəqin ki, bu oyuncaqlara ehtiyacları olmazdı. Onlar hər oyuncağı götürəndə mənə elə gəlir ki, oyuncaqlarını, evlərini tərk etdiklərini təsəvvür edirlər. Dostlarımız bizə kömək etdikləri üçün gözlərimdə sevinc yaşları yaranır,"- sakin Eva Sarkisyan deyib.
Ümumilikdə, rus sülhməramlıları xeyriyyə təşkilatları vasitəsi ilə Dağlıq Qarabağ sakinlərinə 150 tondan çox humanitar yardım çatdırıb. Bunlara qida və ehtiyac maddələri ilə yanaşı ixtisaslaşmış tibbi avadanlıqlar və səhiyyə müəssisələri üçün ilkin diaqnostika dəstləri aiddir, Rusiya MN bildirir.
2020-ci ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 44 gün çəkən müharibənin başa çatması ilə nəticələnən birgə bəyanat imzalayıblar.
Atəşkəs bəyanatına görə, Rusiya sülhməramlıları Qarabağda təmas xəttində yerləşdirilib.

Şəklin mənbəyi, Vyacheslav Prokofyev/Getty Images
Azərbaycan Eurovision 2021-in birinci yarımfinalında
Bu gün keçiriləcək Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan təmsilçisi çıxış edəcək.
Azərbaycanı Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsində Samira Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edir.
Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.
Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir.
Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final isə mayın 22-də baş tutacaq.
Samira Efendinin rəsmi musiqi videosuna Eurivision mahnı müsabiqəsinin Youtube kanalında 5 milyondan çox baxılıb. Rusiya və Malta nümayəndələrinin 10 milyon və 7 milyondan çox baxış toplamış videolarından sonra Efendinin videosu hələ ki, üçüncü ən çox baxılan videodur.
Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da COVİD 19 pandemiyası ilə əlaqədar müsabiqə təxirə salınmışdı.
Birinci yarımfinalda Azərbaycanla yanaşı Rusiya, Avstraliya, Norveç, Xorvatiya, İsrail, Belçika, Ukrayna, Malta da çıxış edəcək.

Şəklin mənbəyi, Sean Gallup/Getty Images
Azərbaycan-Ermənistan sərhədində baş verənlər Azərbaycan və ABŞ rəsmilərinin müzakirəsində
Prezident İlham Əliyev bazar ertəsi günü ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivanla Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə edib.
Jake Sullivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı "narahatlığını" bildirib və bu kimi fikir ayrılıqlarının" sülh yolu ilə həll olunmasının vacibliyini" vurğulayıb, Azərbaycan Prezidentinin mətbuat xidməti açıqlayıb.
Məlumatda deyilir ki, ABŞ rəsmisi beynəlxalq sərhədin demarkasiyası üçün "tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu" vurğulayıb və ölkəsinin bölgədə "barışığın əldə olunmasına sadiqliyini" ifadə edib.
Prezident iki ölkə arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib, president.az yazır.
İlham Əliyev bölgədə münaqişə sonrası vəziyyəti "müsbət" qiymətləndirib, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin "sabit" olduğunu qeyd edib.
Bir neçə gündür ki, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.

Şəklin mənbəyi, Majority World
Azərbaycanda "Sputnik V" vaksinin tətbiqinə başlanılır
Bu gündən Covid-19 infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V" vaksinindən də istifadə edə biləcəklər, Səhiyyə Nazirliyi açıqlayıb.
Qurum bildirib ki, Bakı Sağlamlıq Mərkəzində həmin vaksinin istifadəsinə başlanacaq.
18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər, nazirlik qeyd edib.
Azərbaycanda Covid-19 əleyhinə vaksin könüllü qaydada və dövlət hesabına həyata keçirilir.
İndiyədək ölkədə Çin istehsalı olan "Coronavac" və İngiltərənin "Vaxzevria"vaksinlərindən istifadə olunur.








