Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən çıxarıldı

Şəklin mənbəyi, Azertag
Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb - bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu qərarın səbəbləri barədə məlumat hələ ki, yoxdur.
Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.
Abel Məhərrəmovun adı dəfələrlər tələbə və müəllimlərlə bağlı qalmaqalda hallanıb. 2014-cü ildə tələbələr Təhsil Nazirliyinin "kəsirə görə əlavə pul ödənişi barədə qərarına" etiraz ediblər.
Universitetin həyətində oturaq aksiya keçirən tələbələr ağ vərəq qaldırıb və "qanunları pozmayın, saxta qanun yazmayın" kimi şüarlarla etirazlarını bildirmişdilər.
Aksiyaya mülki geyimli şəxslərin və polislərin müdaxilə etdiyi və ən azı dörd tələbə və bir jurnalistin saxlanıldığı deyilirdi.
Abel Məhərrəmov isə iddia edirdi ki, etiraz aksiyası keçirən tələbələr heç bir universitetdə təhsil almır.
2013-cü ildə universitetin Türk və Qafqaz xalqları tarixi kafedrasının keçmiş dosenti Altay Göyüşov işindən azad edilib.
BDU-nun İlahiyyat fakültəsinin keçmiş tələbəsi Zəka Mirağayev isə universitetdə rüşvət hallarının olmasını iddia etdikdən sonra məhkəməyə verilmişdi.
"Universitetdə rüşvət barədə prezident və vitse-prezidentə şikayət ünvanlamışdım. Universitetdə bundan çox narahat olublar. Abel Məhərrəmov universitetin dəhlizində mənə dedi ki, sən bizim başımıza oyun açmısan", o deyir.
"Yeni rektordan müsbət gözləntilərim var. Ən azından təhsilin keyfiyyətinin artması üçün rüşvət məsələsi aradan qaldırılar", Zəka Mirağayev deyir.
O, universitetin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin təyinindən sonra rüşvət hallarının artması barədə iddialar səsləndirmişdi.
Dekan müavini onu məhkəməyə verib və məhkəmə 2017-ci ildə Zəka Mirağayevi "ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsi ilə təqsirli bilərək, ona aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işləri cəzası vermişdi.
BDU-nun yeni rektorunun kim olacağı hələ ki, məlum deyil.
Abel Məhərrəmov kimdir?
O, 1950-ci ildə Ağdam şəhərində anadan olub.
1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub.
Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb.
1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Üzvi kimya" ixtisasına daxil olub.
2005-2010-cu illərdə Milli Məclisinin deputatı olub.
2016-cı ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilib.
Abel Məhərrəmov 600-ə yaxın elmi məqalənin, 20-yə yaxın monoqrafiyanın, 50-dən çox dərslik və dərs vəsaitinin, eləcə də bir çox ixtiranın müəllifidir.
O, Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimidir.
Abel Məhərrəmov elmi nəticələrinə və təhsil quruculuğuna görə 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülüb.
2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülüb.
Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
Qara Dəniz Universitetləri Assosiasiyasının vitse-prezidentidir.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.







