Rəşad Şirinin bloqu: "Abel Məhərrəmovun xarizması sarsıldı"

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Rektor Abel Məhərrəmov nəsə deyirdi. Arxadan və ətrafdan tələbələr “yuuuuuuh” dedilər. Məhərrəmov udqundu. Pərt oldu. Özünü itirdi.

İllərin təcrübəli sayıla biləcək idarəçisi, müəllimi, valideyni və sairə və ilaxır bir dəqiqənin içində oldu heç kim. Xarizması sarsıldı.

BDU-da etiraz
Şəklin alt yazısı, BDU tələbələrinin keçirdiyi etiraz aksiyasından, 16 fevral 2014

Məhərrəmov rektor olmaqla yanaşı həm də millət vəkilidi, yəni siyasətçidi (və bu da konstitusiyaya ziddir).

Təbii ki, hər iki vəzifəsi ilə bağlı söylədiyimiz biraz iddialı səslənir, çünki Azərbaycanda təhsil ocaqları da, parlament də hökumətin nəzarətindədir.

Amma parlamentə “seçildiyi” zaman bir çox hallarda deputatlar səs toplamır bizdə, insanlar onlara səs vermir, seçki saxtalaşdırılır. Yəni namizədlər insanlarla təmas qurub onların fikrini almayırlar, onları inandırmayırlar.

Əslində o, bir siyasətçi deyil. O, Universitetdə olan tələbə və müəllim “kütləsinə” nəzarət üçün ora təyin edilib. Onun tələbələrlə təması çox zəifdir, avtoritardır, ierarxikdir, günümüzün tələbinə uyğun deyil.

O, problemi anlamaq, vəziyyəti yaxşılaşdırmaq yerinə gəncləri hədələdi, onları yalançı adlandırdı, onun cangüdənləri gəncləri vurdu, döydü, söydü, tutdu. Bu oxuduqlarınız bir təhsil, bir elm ocağında baş verdi.

Gənc insanlar polis tərəfindən saxlanıldı, bölməyə aparıldı. Qərbdə elə ölkələr var ki, orada polis ümumiyyətlə universitet kampüsünə girə bilməz.

Ümumiyyətlə, bir çox xarici universitetlərdə təhsil alan insan bilir ki, Azərbaycandakı bəzi təhsil müəssisələri bir qayda olaraq elmə, tədrisə, təhsilə bir parodiyadır.

BDU-da etiraz edən tələbəyə qarşı zorakılıq
Şəklin alt yazısı, BDU-da etiraz edən bəzi tələbələr zorakılıqla üzləşiblər

Birincisi, nədənsə müstəqillikdən sonra bütün köhnə institutlar adlarını dəyişdi “universitet” qoydu. Sanki statusunu yüksəltmiş kimi oldular.

Amma bu təhsilin keyfiyyətinə çox az təsir etdi. Çox absurd şeylər də oldu. Məsəl üçün “Tibb Universiteti”, “Dillər Universiteti”, “İqtisad Universiteti” deyilən qurumlar yarandı.

Çox absurddur, çünki universitet hansısa bir fənnin, elm sahəsinin adını daşıya bilməz. Bu bölümlər (iqtisadiyyat, tibb, xarici dillər, tarix, siyasət elmi) universitetin daxilində ayrı-ayrı bölümlər ola bilər.

Universitet kəliməsi “universal”, yəni bir çox müxtəlif fənnlərin tədris olunduğu yerdir. Universitetlər adətən şəhərlərin, ölkələrin, məşhur insanların adlarını daşıya bilər.

Məsəl üçün Moskva Dövlət Universiteti, Bakı Dövlət Universiteti, İstanbul Universiteti, Amerikan Universiteti, Humboldt Universiteti və sairə.

İkincisi, universitetlər və orada çalışan və işləyən insanlar müəyyən azadlığa sahib olmalıdır ki, o da bizdə yoxdur. Tarixən Qərbdə universitetlər hər zaman iqtidara müxalif olublar, azad olublar, tənqidçi olublar.

Qərbdə bu ənənə davam edir bugünə qədər. İfadə azadlığını məktəblərdə, universitetlərdə öyrənir insanlar. Düşünməyi, tənqid etməyi, sual verməyi, etiraz etməyi, lazım gələrsə üsyan etməyi öyrənir insanlar. Mən Boğaziçi Universitetinə siyasət oxumağa gələndə mənə dedilər ki, (məşhur siyasət alimi və beynəlxalq münasibətlərdə realism nəzəriyyəsini kəşf edən) Hans Morgenthaunu tənqid et.

Mən öz-özümə düşündüm ki, mən hara – Morqentau hara. Amma başladım qurdalanmağa, eşələnməyə, incələməyə və bir neçə məqam tapdım. Mən həm də ona görə tənqid edə bildim ki, professorlarım mənə o gücü vermişdi, demişdilər ki, ürəkli ol, onlar da vaxtilə sənin kimi tələbə olublar.

Buna akademik azadlıq deyirlər. Elmi yaradıcılığın əsas mənbələrindən biri budur. Bu azadlıqla yanaşı təbii ki, həm də intizam var.

Amma bu daha çox daxili intizamdır, çünki sistem, mexanizmlər, rıçaqlar elə qurulub ki, sizə məsuliyyət yüklənir və siz də o məsuliyyətə sahib çıxırsınız.

Öz xeyriniz üçün. Nə qədər çox çalışsanız, o qədər çox uğurlu olursunuz. Universitet bir mübadilə yeridir, bilik transferi yeridir cəmiyyət üçün.

BDU-da etiraz
Şəklin alt yazısı, BDU tələbələrinin keçirdiyi etiraz aksiyasından, 16 fevral 2014

Orada gedən nəsil gələn nəsilə bilik və bacarığını ötürməlidir. Cəmiyyət, fərdlər, ailələr bu mərkəzlərdən faydalanmalıdır. Universitet qazanc yeri ola bilər, amma bu qazanc biliksizliyi sataraq əldə edilən qazanc olmamalıdır, biliyi satıb qazansınlar o pulu gərək. Bu baxımdan universitetlər siyasətdən uzaq durmalıdır.

Onlar siyasi iqtidarın alətinə çevrilməməlidir, hüquq fakultəsinin diplomlarını sataraq iqtidar özünə qulluqçu düzəltməməlidir. Əslində bütün “siyasiləşdirilməsi” qadağan olan sahələr kimi təhsil də son dərəcə siyasiləşmiş bir sahədir.

Yəni bu o deməkdir ki, professorlara deyirlər ki, siyasətdən danışmayın sinifdə, amma bu qərarın özü ən siyasi qərardır. Bunu icra edənlər də tamamən siyasiləşiblər.

Yadıma gəlir ki, Azərbaycan Diplomatik Akademiyası təzə açılanda onlar xaricdə doktorluq təhsili üçün təqaüd elan etmişdilər. Mən də İngiltərədə çox yaxşı bir universitetdən doktorluq üçün qəbul almışdım və müraciət etdim o proqrama. Məni müsahibəyə dəvət etdilər.

Səmimi deyim, o qədər də yaxşı hazırlaşmamışdım bəlkə də bu müsahibəyə. Mənə təqaüd verməmələrinin səbəblərindən biri də bu ola bilərdi.

Amma yadımdadı orada yüksək vəzifədə çalışan, Amerikada oxumuş, yaxşı tanıdığım bir gənc mənə belə bir sual verdi: “Rəşad, biz bilirik ki, sən siyasi baxımdan fəalsan, siyasi gənclər arasında nüfuzun var. Sən qorxmursan ki, bu siyasi görüşlərini auditoriyaya gətirəcəksən?”

Bu sualı mənə neytral bir insan, bir araşdırmaçı, bir jurnalist versəydi mən təəccüblənməzdim. Bu sualı mənə verən insan iqtidarı dəstəkləyən, ona yaxın olan, Xarici İşlər Nazirliyində çalışan bir insan idi.

Yəni dolayısı ilə mənim siyasi baxışlarım onunkuna uyğun gəlsəydi mən artıq siyasiləşmiş hesab olunmayacaqdım.

Universitet gəncliyi hər zaman üsyankardır, yenilik istəyir. Bütün böyük dəyişiklər gəncliyin həvəsi və təşəbbüsü ilə başlayır. Çünki onlar uduzacaqlarını bilmirlər, qazanacaqlarına inanırlar.

BDU-da etiraz
Şəklin alt yazısı, BDU tələbələrinin keçirdiyi etiraz aksiyasından, 16 fevral 2014