Abel Məhərrəmov narazı tələbələri məhkəmə ilə hədələyib

BDU
Şəklin alt yazısı, BDU-da etirazlar cümə axşamı günü başlayıb.

BDU rektoru Abel Məhərrəmov Təhsil Nazirliyinin akademik borca görə ödəniş nəzərdə tutan yeni əmrindən narazı tələbələrlə görüşdə universitetin tələbəsini fakültə dekanına "şərt atmaqda" suçlayıb və məhkəmə müraciət edəcəyini bildirib.

Cümə günü Bakı Dövlət Universitetinin rəhbərliyli Təhsil Nazirliyinin kəsirə görə əlavə pul ödənişi barədə qərarına etiraz edən narazı tələbələrlə görüşüb.

Universitetin rektoru Abel Məhərrəmov deyib ki, yeni tətbiq olunan qaydalar haqqında tyutorların və fakültə dekanlarının arasında maarifləndirmə işləri aparılıb.

“Universitetdə 20 mindən artıq tələbə təhsil alır, bu problem 180-190 nəfəri əhatə edir. Onlar da istəsələr, kəsir üçün kredit götürməyə bilərlər. Ancaq bu situasiyadan istifadə edənlər var”, cənab Məhərrəmov belə qənaətdədir.

Cənab Məhərrəmov iddia edib ki, etiraz aksiyası keçirən tələbələr heç bir universitetdə təhsil almır.

“Müəyyən qurumlardır - xüsusi olaraq dövlətçiliyimizin uğuruna sevinməyən adamlardır onlar”, o deyib.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev qaydalarda yaranan problemlərin bütün təhsil müəssisələrində mövcud olduğunu bildirib.

“Bakı Dövlət Universitetində bu problemin qabarmasının səbəbi tədris planlarına akademik qaydaların tətbiqi ilə əlaqədardır. Biz dünən də görüşəndə konsensusa gəldik ki, bu problemlər hüquqi müstəvi çərçivədə həll olunan məsələlərdir. Hamınızı dialoqa çağırırıq”.

Çıxışlardan sonra tarix fakültəsinin tələbəsi Ramila Kiçiyeva “Slavyan xalqların tarixi” fənnindən fənn müəlliminin ondan 70 manat rüşvət istədiyini iddia edib.

Pul versəydin...

“Müəllim dedi ki, pul verməsən, səni kəsəcəm. Mən kimə şikayət edim? Təhsil Nazirliyinin qaynar xəttinə zəng etmişəm. 25 nəfərin 12 nəfəri kəsilib. Nə vaxta qədər bu rüşvətxorluq olacaq?”, tələbə sual edib.

Cənab Məhərrəmov tələbəni 3 dəfə universitetə bərpa etdiyini iddia edib.

“Səni kimsə öyrədib. 1-ci universitetin qaydası var, 10 nəfərdən çox tələbə eyni kəsilən kimi komissiya işləyir”.

“Axı niyə mən pul verməliyəm?” deyə tələbə sual edib.

Rektor cavabında “hay küy eləmə” deyib və “Sən pul versəydin, qiymət alardın” deyə əlavə edib.

“Bu dəfə səni elə qovaram ki, izin-tozun qalmaz”, Abel Məhərrəmov tələbəyə belə deyib.

Məhkəmə hədəsi

Cənab Məhərrəmov universitetin hüquqşünasına tələbənin fakültə dekanına "şər atdığı üçün" məhkəməyə verilməsi haqda göstəriş verib.

“Ondan sonra görək necə cavab verəcək. Fakultə dekanına şər atanı məhkəməyə verəcəm. Bir dəfə bunu edəcəm ki, başqalarına dərs olsun. Bütün qrup yazıb ki, burda elə şey olmayıb. Universiteti ağılsız tələbə qarışdıra bilməz. Qoyun cəmiyyət inkişaf etsin”.

Üç tələbənin sualını cavablandıran cənab Məhərrəmov narazı tələbələrlə sabah saat 11-də yenidən görüşəcəyini bildirərək tədbiri tərk edib.

Fevralın 14-də Təhsil Nazirliyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilməsi haqda əmr verib.

Bundan sonra Facebook sosial şəbəkəsində “Kəsir üçün pul verməyək” adlı səhifə açılıb və fevralın 20-də Bakı Dövlət Universitetində aksiyanın keçiriləcəyi ilə bağlı tədbir yaradılıb.

Cümə axşamı oturaq aksiya keçirən tələbələr “qanunları pozmayın, saxta qanun yazmayın” kimi şüarlar səsləndirib. Aksiyaya mülki geyimli şəxslərin və polislərin müdaxilə etdiyi və ən azı dörd tələbə və bir jurnalistin saxlanıldığı bildirilib.

Universitetin Mətbuat və İnformasiya şöbəsi açıqlamasında bildirib ki, “bəzi tələbələri və əksəriyyəti, ümumiyyətlə, tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri" universitet qarşısında aksiya keçirməyə "cəhd edib".