BDU tələbələri kəsr üçün ödənişə etiraz edir

Şəklin mənbəyi, AzizKerimov

Bakı Dövlət Universitetində (BDU) onlarla tələbə "kəsirə görə əlavə pul ödənişi barədə qərara etiraz olaraq" həyətdə oturaq aksiya keçirib.

Təxminən bir saat davam edən aksiyada tələbələr ağ vərəq qaldırıb və “qanunları pozmayın, saxta qanun yazmayın” kimi şüarlarla etiraz edib, fotojurnalist Əziz Kərimov BBC Azərbaycancaya deyir.

Aksiyaya mülki geyimli şəxslərin və polislərin müdaxilə etdiyi və ən azı dörd tələbə və bir jurnalistin saxlanıldığı deyilir.

Saxlanılanlar Yasamal Rayon Polis İdarəsinə aparılıb, Yasamal rayon 27-ci Polis Bölməsinin növbətçi hissəsindən BBC Azərbaycancaya bildirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi isə, "8-10 dəqiqəlik aksiya keçirməyə cəhd" edildiyi barədə açıqlama yayıb.

Təhsil Nazirliyi BBC Azərbaycancaya deyib ki, gün ərzində aksiya və qərarla bağlı açıqlama yayacaq.

Fevralın 14-də Təhsil Nazirliyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilməsi haqda əmr verib.

Tədbir

Bundan sonra, bir qrup tələbə Facebook sosial şəbəkəsində "Kəsr üçün pul verməyək" adlı "tədbir" yaradıb. Tədbirə təxminən 2500 tələbə "qoşulub".

Tədbirin səhifəsində yazılır ki, "Hər gün yeni düzgün olmayan və haqsız qərarlar verilir. Bu qərarlar verilərkən, guya bizi düşünürlər. Halbuki hər bir qərar bizə əksdir".

"Bu qərardan belə çıxır ki, əvvəllər kəsri olan tələbə maddi sıxıntıya görə alt qruplarla otururdu. Ancaq indi onun buna da imkanı çatmadı. Verilən qərara əsasən bir kəsrə görə tələbə hər kredit üçün 28 AZN ödəməlidir".

Səhifədə açıqlama kimi yazılır ki, "fənnin krediti 3 olduqda məbləğ 84 AZN, 4 olduqda 112 AZN və s." olacaq.

Aksiya

Cümə axşamı baş tutan aksiyada təxminən iki yüzə qədər tələbə iştirak edib, fotojurnalist Əziz Kərimov deyir.

"Tələbələr kəsirə görə əlavə pul ödənişinə etiraz edib".

13.30-da başlayan aksiyada tələbələr ağ vərəq qaldıraraq, “qanunları pozmayın, saxta qanun yazmayın” kimi şüarlarla etiraz edib.

Etirazla əlaqədar BDU rektoru Abel Məhərrəmov narazı tələbələrlə ayaqüstü görüş keçirib və onların şikayətlərinə cümə günü dinləyə biləcəyini bildirib.

Saxlanılan ən azı 4 iştirakçı və bir jurnalist isə Yasamal Rayon Polis İdarəsinə aparılıb, Yasamal rayon 27-ci Polis Bölməsinin növbətçi hissəsindən BBC Azərbaycancaya bildirilib.

Açıqlama

Universitetin Mətbuat və İnformasiya şöbəsi açıqlamasında bildirib ki, cümə axşamı Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin "bəzi tələbələri və əksəriyyəti, ümumiyyətlə, tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri" universitet qarşısında aksiya keçirməyə "cəhdi edib".

"BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub", APA yazır.

Universitet bildirib ki, tələbələr "bəzi qızışdırıcı şəxslərin" təşəbbüslərinə baxmayaraq, aksiyanı tərk edib.

Polis nəfərlərinin isə, BDU-a aksiya üçün deyil, "əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da keçiriləcək görüş tədbirinə görə" gəldiklərini deyilib.

Cümə günü saat 12-ə təyin edilən rektorla görüşü nisə Universitet, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə keçiriləcəyini bildirib.

Görüşdə Təhsil Nazirliyinin nümayəndəsinin də iştirakı gözlənilir.