Dağıstandan olan üç qardaş "Mançester Yunayted"ə necə düşüb? - İbrahımovlar ailəsinin hekayəsi

Şəklin mənbəyi, Getty Images/BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İbrahımovlar ailəsi 2017-ci ildə Dağıstandan Böyük Britaniyaya köçüb.
Valideynlər ümid edirdilər ki, dörd oğulları İngiltərə universitetlərinə daxil olacaq. Lakin oğlanlar başqa yol seçdilər - idmanı.
Bu gün ailənin böyük oğlu İbrahım peşəkar qarışıq döyüş sənətləri (MMA) döyüşçüsüdür, digər üç qardaş isə "Mançester Yunayted" klubunda çıxış edir.
"Biz atamla tez-tez deyirik ki, kaş mən bu ölkədə doğulardım", - deyə İbrahım bildirir.
Ailə 2017-ci ildə Dağıstanın Buynaksk şəhərindən İngiltərəyə köçüb. Valideynlər hesab edirdilər ki, burada oğullarının qarşısında daha çox imkan açılacaq.
Hazırda 21 yaşlı İbrahım peşəkar MMA üzrə aparıcı liqalardan biri olan PFL-də ən perspektivli idmançılardan sayılır. Onun hesabında 10 döyüşdə 10 qələbə var və bu qələbələrin əksəriyyətini o, rəqibini nokaut etməklə və ya təslim olmağa məcbur etməklə qazanıb.
"Bizim üçün əsas məqsəd idmanda maksimum nəticə əldə etməkdir", - deyə İbrahım özü və qardaşları haqqında danışır.
Amirin 17 yaşı var və o, bu il "Mançester Yunayted"lə ilk peşəkar müqaviləsini imzalayıb. O, həmçinin İngiltərənin gənclərdən ibarət milli komandasında çıxış edib.
16 yaşlı Qazi və 15 yaşlı Məhəmməd də "Mançester Yunayted"in yeniyetmə komandalarında oynayırlar.
"Mən istəyirəm ki, onlar dünyanın ən güclü komandalarında çıxış etsinlər. Bu gün bu "Mançester Yunayted"dir, sabah isə başqa bir klub ola bilər", - deyə İbrahım əlavə edir.
O, peşəkar karyerasına 2021-ci ildə başlayıb və Mançesterdə məşhur Manchester Top Team zalında məşq edir. Onun hazırlığı hələ uşaqlıq illərindən başlayıb.

Şəklin mənbəyi, PFL
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Çox balaca olanda atam bizə - mənə və qardaşlarıma daim deyirdi ki, güclü olmalıyıq. Əsasən də özümüzü, ailəmizi və dostlarımızı qoruya bilmək üçün", - deyə İbrahım xatırlayır.
"Buna görə də hamımız döyüşməyə öyrəşmişik və elə buna görə Dağıstanda hamı döyüşməyi bacarır. Bu, təəccüblü deyil. Amir isə xüsusilə çox yaxşı güləşçi idi".
Avqust ayında idmançı üç həftə Dağıstanda olub və Xəbib Nurməhəmmədovun zalında məşq edib.
Orada o, İslam Mahaçevin UFC çempionluq döyüşünə - avstraliyalı Cek Della Maddalena ilə qarşılaşmaya - hazırlığında iştirak edib.
"Xəbibin rəhbərliyi altında məşq edəcəyimi heç vaxt ağlıma da gətirməzdim", - deyə idmançı bildirir.
"O, dünyadakı ən yaxşı döyüşçü idi və biz böyüyəndə ona həmişə heyran olmuşuq. İndi isə onun zalında, İslam Mahaçevlə birlikdə məşq edirəm".
İbrahımın özü də qarışıq döyüş sənətlərində çempionluq titulunu qazanmağı arzulayır, amma uşaqlıq arzusu olan "Old Trafford"da çıxış etməyi də unutmur.
O xatırlayır ki, həmişə PlayStation-da "Mançester Yunayted"i seçib, Kriştianu Ronaldo, Ueyn Runi və Karlos Teves adından qollar vururdu.
O deyir ki, hətta çıxış etdiyi döyüş liqası - PFL ilə "Mançester Yunayted" stadionunda döyüş təşkil etmək imkanını da müzakirə edib.

Şəklin mənbəyi, PFL
Qardaşı Amir İbrahımovun futbol yolu isə Mançesterdən başlamayıb. Onu ilk dəfə "Şeffild Yunayted" klubunun məşqçiləri kəşf ediblər və Amir bu klubun akademiyasında çıxış etməyə başlayıb. Lakin bir müddət sonra komanda "Mançester Yunayted"in yaşıdlar komandası ilə qarşılaşıb və Amir cərimə zərbəsindən qol vurub. Bundan sonra Mançester klubundan dəvət gəlib və ailə onun ardınca bu şəhərə köçüb.
Amir 15 yaşında əsas komanda ilə məşqlərə başlayıb və bu dəvəti alan klub tarixinin ən gənc futbolçularından biri olub.
Ötən mövsüm "Mançester Yunayted" üçün İngiltərə Premyer Liqası tarixində ən uğursuz mövsüm olub və bu mövsüm də komanda inandırıcı oyun nümayiş etdirmir. İbrahım hesab edir ki, bu vəziyyət qardaşı üçün fürsət yaradır.
"Onun 'Mançester Yunayted'in əsas komandasında oynamaq şansı varmı? Yüz faiz", - deyə o bildirir.
"İndi bütün gənc oyunçulara şans verməyin vaxtıdır. Düşünmürəm ki, onlar əsas heyətin futbolçularından daha pis oynayarlar. Məncə, gənclər oyuna daha acdırlar və bu istək indiki əsas komanda üzvlərindən daha güclüdür".






