Tələbələrin etirazı: "Qanunları pozmayın"
Bakı Dövlət Universitetində (BDU) onlarla tələbə "kəsirə görə əlavə pul ödənişi barədə qərara etiraz olaraq" həyətdə oturaq aksiya keçirib.
Təxminən bir saat davam edən aksiyada tələbələr ağ vərəq qaldırıb və “qanunları pozmayın, saxta qanun yazmayın” kimi şüarlarla etiraz edib, fotojurnalist Əziz Kərimov BBC Azərbaycancaya deyir.
Aksiyaya mülki geyimli şəxslərin və polislərin müdaxilə etdiyi və ən azı dörd tələbə və bir jurnalistin saxlanıldığı deyilir.
Saxlanılanlar Yasamal Rayon Polis İdarəsinə aparılıb, Yasamal rayon 27-ci Polis Bölməsinin növbətçi hissəsindən BBC Azərbaycancaya bildirilib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsi isə, "8-10 dəqiqəlik aksiya keçirməyə cəhd" edildiyi barədə açıqlama yayıb.
Təhsil Nazirliyi BBC Azərbaycancaya deyib ki, gün ərzində aksiya və qərarla bağlı açıqlama yayacaq.
Fevralın 14-də Təhsil Nazirliyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilməsi haqda əmr verib.ST